Oqtay Əsədov: «Misir müəllim buradan gəldi, bu, oradan getdi, qurtarın bu məsələləri» Zahid Oruc: «Elə ümumtəhsil ocaqları var ki, oradan ali məktəbə heç bir nəfər də olsa, qəbul ola bilmir» Bügün Milli Məclis yaz sessiyasının növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında», «Əmək pensiyaları haqqında» qanunlara əlavələr və dəyişikliklər, Miqrasiya Məcəlləsinin layihəsinə ikinci oxunuşda müzakirəsi, eləcə də Azərbaycanla Monteneqro və Xorvatiya arasında imzalanmış bəzi sənədlərin təsdiqi daxil edilmişdi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl parlamentarilər cari məsələlərlə bağlı təklif və iradlarını bildirdilər. İclasda ilk çıxış edən deputat Musa Quliyev sosial əhəmiyyətli məsələ ilə bağlı təklif irəli sürüb. O bildirdi ki, Milli Qəhrəmanların statusu ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır: «Bu gün Azərbaycanda 211 Milli Qəhrəman varsa, onlardan yalnız 17-i sağdır. Qanunda onlarla bağlı boşluq var. Bu yaxınlarda Milli Qəhrəman Eldar Ağayev rəhmətə getdi. Bu baxımdan Milli Qəhrəmanlar haqqında qanun layihəsi hazırlanmalıdır. Bu məsələyə ciddi yanaşmaq lazımdır». Deputat Zahid Oruc Azərbaycanda təhsilin vəziyyətindən danışdı. «Son zəng» gününün yaxınlaşdığını xatırladan deputat Misir Mərdanovun təhsil naziri postundan çıxarılmasına münasibət bildirərək, bu addımın doğru olduğunu vurğuladı: «Təhsil nazirinin dəyişdirilməsi bu işdə böyük bir irəliləyişdir. Təbii ki, bu sahədə ciddi problemlər var idi. Təhsilin inkişafı üçün bu sahəyə diqqət etmək lazımdır. Yerlərdə təhsil şöbələri icra orqanlarına tabedirlər. Doğru olar ki, onlar birbaşa Təhsil Nazirliyinə tabe olsunlar. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə TQDK birgə fəaliyyət göstərməlidir». Zahid Orucun sözlərinə görə, elə ümumtəhsil ocaqları var ki, oradan ali məktəbə heç bir nəfər də olsa, qəbul ola bilmir. O, qeyd etdi ki, sabah orta məktəblərdə «Son zəng»dir, bu, Milli Məclisin də «son zəng»idir. Spiker Oqtay Əsədov Zahid Orucun çıxışını cavabsız qoymadı: «Sən bu məsələləri qarışdırırsan. Milli Məclisin «son zəngi» 2015-ci ilin noyabrında olacaq». Millət vəkili Qənirə Paşayeva ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması təklifilə çıxış etdi: «Qarşıdan 31 may — Ümumdünya Tütünlə Mübarizə Günü gəlir. Çox vacibdir ki, ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsi 31 mayda parlamentin müzakirəsinə çıxarılsın. Biz bununla bağlı beynəlxalq konvensiyalara da qoşulmuşuq və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir və bu müzakirəni başlamaq 31 may- Ümumdünya Tütünlə Mübarizə Günündə edə biləcəyimiz ən yaxşı töhfə ola bilərdi.» Deputat İqbal Ağazadə isə yeni təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini hədəfə aldı. O, Azərbaycan vətəndaşlarının xaricdə təHsil alması üçün təqdim olunan siyahıda bəzi universitetlərin adlarının çıxarılmasına diqqət çəkdi: «ABŞ universitetləri bu siyahıdan çıxarılıb, yerinə isə MDB ölkələrinin universitetləri daxil edilib. Bu təhsilin keyfiyyətinin aşağı salınmasına xidmət edir. Çünki bilirik ki, Amerika, Qərb universitetləri daha keyfiyyətli təhsil verir. Lakin yeni təhsil naziri MDB ölkələrinin universitetlərini siyahıya salıb ki, Azərbaycan vətəndaşları daha çox gedib o universitetlərdə təhsil alsınlar. Yoxsa SSRİ bərpa olunur, biz bilmirik?!» Deputat eyni zamanda vəkil Aslan İsmayılovun Vəkillər Kollegiyasından xaric edilməsi barədə danışdı: «Hansı vəkil xoşlarına gəlmirsə, onu vəkillik hüququndan azad edirlər. Son dövrdə Aslan İsmayılov vəkillikdən çıxarılıb». Parlament sədri Oqtay Əsədov Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırdı: «Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin olunub, uğurlar olsun. Misir müəllim buradan gəldi, bu, oradan getdi, qurtarın bu məsələləri». Millət vəkili Eldar İbrahimov isə Azərbaycan nümayəndə heyətinin İrana səfəri barədə danışaraq qonşu ölkə ilə bağlı deputatlara ehtiyatlı danışmağı tövsiyə etdi: «Biz İran və Rusiya münasibətlərimizi düzəltməliyik». Eldar İbrahimov İran rəsmi dairiləri tərəfindən yaxşı qarşılandıqlarını dedi. Deputat bildirib ki, hər iki tərəfdə münasibətləri pozmaq istəyən adamlar var. Eldar İbrahimovun sözlərinə görə, bundan sonra da İranla əlaqələri genişləndirmək lazımdır. Deputat İran səfəri zamanı spiker Əli Laricani ilə görüşdüyü xatırladaraq İran parlament sədrinin Oqtay Əsədovu İrana dəvət etdiyini bildirdi. Millət vəkili Fazil Mustafa ölkə jurnalistləri üçün tikilən binadakı mənzillərin bölgüsündən danışdı. O bildirdi ki, jurnalistlərə ev bölgüsü məsələsində kateqoriyaların bölgüsündə müəyyən məsələlərə diqqət etmək lazımdır: «Bu gün məşhur olan internet portalları və saytlar var. Burada çalışan jurnalistlər çap mediasından fərqli şəkildə qəbul edilir. Məncə, bütün kateqoriyadan olan jurnalistlər arasında bölgünün ədalətli aparılması yalnız işə fayda verər». Deputat Fərəc Quliyev isə keçmiş prezident, Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsini qaldırdı. O, Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərilməsinin vacib məsələ olduğunu bildirdi. Millət vəkili Məlahət İbrahimqızı Gəncədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən gün keçirilən tədbirinə münasibət bildirdi. Deputat qeyd edib ki, orda sahibkar qadınlarla bağlı məsələ qaldırılıb. Millət vəkili sahibkar qadınların xahişini də diqqətə çatdıraraq bildirdi ki, onlara müəyyən güzəştlər olmalıdır: «Çünki istənilən beynəlxalq iqtisadi forumlarda Azərbaycandan olan qadın iş adamları gözlənilir». Deputat onu da əlavə edib ki, güzəştlər ailə başçısı olan analara da bu məsələ şamil olunsun. Deputat Etibar Hüseynov isə deputat İqbal Ağazadənin həbsdə olan gənclərin təcridxanada çəkilmiş fotoşəkillərini yaymasına ötən iclasda etiraz bildirməsinə qarşı çıxdı. O, iddia etdi ki, bu şəkillər elə məhbusların özləri tərəfindən çəkilib və yayılıb: «Rauf Arifoğlu, Pənah Hüseyn və digərləri Bayıl həbsxanasında yatanda onların həbsxana şəkilləri qəzetlərdə yayılırdı. Özləri də deyirdilər ki, bu şəkilləri özləri çəkiblər. İndi necə olur ki, gənclərin yayılan şəkillərindən onların özlərinin xəbəri olmur? Bu gün Müsavat və Əli Kərimlinin arasında böyük nüfuz davası gedir və bu şəkillər həmin gənclər tərəfindən çəkilib, yayılıb». Ardınca Etibar Hüseynov spikerin məsıələyə sərgilədiyi mövqeyə qarşı çıxdı: » Bu işi kim görübsə, istər onlar, istər polislər, mən bunu alqışlayıram və Oqtay müəllimdən fərqli olaraq, onlara «ar olsun» yox, «onlara eşq olsun» deyirəm». Deputat Elman Məmmədov «Şəhid statusu haqqında» qanunda kifayət qədər hüquqa zidd müddəaların olduğunu qeyd etdi. O, həmin sənədə yenidən baxılması təklifini irəli sürdü: «Qarabağ müharibəsi veteranları çox cüzi müavinət alırlar. Bu müavinət qaldırılmalıdır. Əlillərə verilmiş sənəddə onlar «milli münaqişə zəmində əlil olmuş insanlar» kimi göstərilir. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bu ermənilərin xalqımıza qarşı apardığı müharibədir. Ona görə bu söz o sənəddə belə yazılmalıdır: «Qarabağ müharibəsi zamanı əlil olmuş insanlar». Cari məsələlərin müzakirəsindən sonra parlamentarilər Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər — dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokolu, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı sazişi ratifikasiya etdilər. Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi də təsdiq edildi. Sonra «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə təqdim olundu. Dəyişikliklər haqqında məlumat verən komitə sədri Hadı Rəcəbli bildirdi ki, qanuna cüzi dəyişikliklər edilib. Deputat Siyavuş Novruzov çıxışında qanuna səs verəcəyini desə də, bəzi məqamlara toxundu. O bildirdi ki, 95-ci ildə seçilmiş deputatlarla 2000-ci il-də seçilmiş deputatların təqaüdü arasında böyük fərq var: «Mənə çoxlu saylı müraciətlər edilir. Xeyli müddət bir yerdə işləmişik. Bu məsələ həll edilməlidir. Həmin deputatların təqaüdü artırılmalıdır ki, fəqr aradan qaldırılsın». Sonda qanun layihəsi səsə qoyularaq qəbul edildi. Yekunda Spiker Oqtay Əsədov mayın 31-də Milli Məclis yaz sessiyasının sonuncu iclasının keçiriləcəyini elan etdi. əcək. O, iş müddətinin artırılacağını da vurğulayıb: «90 millət vəkili müraciət edib. Buna görə iyun ayında növbədənkənar sessiya olacaq». Cavanşir Həsənli Read More →






























































