Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi

28.09.16, 10:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

(əvvəli ötən sayımızda, IV yazı)

Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Azərbaycan dövləti ölkəmizdə milli-mənəvi, dini dəyərlərin qorunması istiqamətində ciddi işlər görməkdədir. Dinə dövlət qayğısı göstərən müstəqil Azərbaycan Respublikası, həm də sivil, dünyəvi və demokratik dövlət olduğunu Konstitusiyamızda bəyan edib. Təəssüf ki, son vaxtlar bəzi mətbuat orqanları və xarici kütləvi informasiya vasitələri Azərbaycanda guya dindarlara qarşı zorakılıq göstərilməsi, onların hüquqlarının pozulması ilə bağlı böhtan və şaiyələr yaymaqla məşğul olurlar. Onlar Azərbaycan dövlətinin din siyasəti haqqında böhtan xarakterli məqalələr çap etdirməklə ictimai şüurda yanlış təsəvvür yaratmaq istəyirlər. Müşahidələr göstərir ki, din pərdəsinə bürünən bəzi adamlar xaricdən idarə olunan radikal dindarlar və onların xarici havadarlarının məqsədi respublikamızı demokratik inkişaf yolundan döndərmək, dövlət idarəçiliyində şəriət qanunlarını tətbiq etmək, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizdə qeyri-stabillik yaratmaq, dövlətçiliyimizə zərbə vurmaqdan ibarətdir. Lakin Azərbaycan xalqının intellektual və mədəni səviyyəsi bir qrup radikal dindarların təxribatçılıq hərəkatına uymasına imkan verməyəcəkdir. Xalqımız yüksək inkişafa qədəm qoymuş ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsində əllərindən gələni əsirgəməyəcək.
Sakit Hüseynov “Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik” kitabında yazır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra hökumət milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb.
Azərbaycanda 1993-2002-ci illərdə İslam dini və islam mədəniyyəti ilə bağlı Bakıda çoxlu tədbirlər keçirilib. Azərbaycan İslam dünyasının bir parçası olduğuna görə, Şərqlə Qərbin qovuşuğunda yerləşdiyinə və Qafqazda ən böyük İslam respublikası olduğuna görə bu beynəlxalq simpoziumun Bakıda keçirilməsini təbii hesab etmək olar. Qeyd edək ki, İslam dininin və islam sivilizasiyasının Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cəhətdən araşdırılması zərurətini, eyni zamanda, respublika, regional və beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq hökumət bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstəkləyib. Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almaniya, Fransa, Küveyt və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda dini tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaradılıb. Müstəqil respublikamızın ilk dövrlərində dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi, Azərbaycan dövlətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olub.
Məlumdur ki, Azərbaycan dövləti dünyəvi dövlətdir və bu baxımdan din dövlətdən və dövlət dindən ayrıdır. Bü tün bunlar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Məsələn, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin 1-ci bəndində göstərilib: «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Konstitusiyanın 18-ci maddəsi isə din və dövlət münasibətlərinə həsr olunmuşdur. Burada göstərilb: «Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır».
Buradan göründüyü kimi, dinin dövlətdən ayrı olması, eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bərabər olması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşı ması Konstitusiyada təsbit olunub. Konstitusiyanın 48-ci maddəsində isə dini etiqad və vicdan azadlığının hüquqi məsələləri aşağıdakı kimi təsbit olunub: «I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır».
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (1992) və digər müvafiq qanun və normativ-hüquqi aktlara əsaslanır. Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən imkan verilmir. Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında hakimiyyətin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya sabiq Patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə göstərməsi ilə bağlı öz fikirlərini şərh edərək deyib: «Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan prezidentinin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır».
Bu gün də dövlət sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni edir. Hökumət Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliklə irəli sürülən əsas müddəaları əldə rəhbər tutaraq, dinlərarası münasibətlərin inkişaf etdirilməsi, respulikamızda yaşayan bütün xalqların hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin uğurla davam etdirilməsini həmişə vurğulayıb.
Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, “Dini etiqad azadlığı haqqında” qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi, dini və milli-mənəvi dəyərlərin qorunması sahəsində də hüquqi bazanın yaradılması həyata keçirilib. Belə ki, respublikamız 1991-ci ildə müstəqillik qazandıqdan bir az sonra, yəni 20 avqust 1992-ci il tarixində “Dini etiqad azadlığı haqqında” qanun qəbul edilib. İndiyə kimi ölkəmizin sosial-iqtisadi və milli-mənəvi inkişaf istiqamətlərinə uyğun olaraq bu qanuna müxtəlif illərdə bir çox əlavələr və dəyişikliklər edilib. Müxtəlif illərdə mövcud qanuna əlavə və dəyişikliklərin edilməsi onun həm hüquqi, həm də sosioloji aspektlərinin araşdırılmasını zəruri edib. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının aanununa əlavə və dəyişikliklər, əsasən – 7 iyun 1996-cı il tarixli, 5 noyabr 1996-cı il tarixli, 27 dekabr 1996-cı il tarixli, 10 oktyabr 1997-ci il tarixli, 8 may 2009-cu il tarixli, 30 iyun 2009-cu il tarixli, 10 iyun 2011-ci il tarixli və s. vaxtlarda prezident sərəncamları ilə təsdiq edilib. Dini etiqad azadlığının əsas hüquqi mahiyyəti 6 fəsil, 31 maddədən ibarət olan bu qanunun 1-ci maddəsində təsbit olunub. Burada göstərilir ki, «Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə münasibətinin müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin və zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədi ilə təbliği, dini etiqada məcbur etmək qadağandır». Buradan göründüyü kimi, mövcud qanuna görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni zamanda, dini etiqadların, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qeyd edək ki, mövcud qanunun 1-ci maddəsində dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit olunub. «Dini etiqad azadlığı haqqında» qanunun əsas vəzifələri 3-cü maddədə aydın şəkildə göstərilib.
Cavid

Bu xəbər oxundu
- - -