Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

23.11.16, 5:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Oğuzlarla bağlı Alpout, Ayrım, Əfşar, Bayandur, Bəydili, Bayat, Dondarlı, Düyərli, Təklə, Qırxqız (Qırxquz) kimi toponim və etnonimlərlə dolu olan bəylərbəyliyi ulu babalarımızın Qarabağ adlandırılması təsadüfi deyil. Azərbaycan tarixçisi İsgəndər bəy Türkman Münşi (1560-1634) özünün məşhur “Tarix-i alamara-yi Abbasi” əsərində yazır ki, Qarabağ axar-baxarlı yaylaqları, qışlaqları olan, hər yeri yaşıllıqla örtülü, təmiz havalı yerdir. Qarabağın qədim sakinləri olan Qacarlar və onlara doğma olan digər türk elləri, oymaqlar orada gözəl bağlar-bağçalar salmışdılar.
I Şah Səfinin dövründə saray tarixçisi, II Şah Abbas hakimiyyətə keçdikdə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsum bin Xacəgi İsfahani "Xülasət üs-siyər" adlı əsərinin Qarabağ bəylərbəyiləri Ziyadoğlulara həsr etdiyi sonuncu fəslində Qarabağ vilayətinin mərkəzi Gəncə şəhərini "gülüstan bağı" na bənzədir və şəhərin bir fərsəx uzunluğu, yarım fərsəx də eni olduğunu, onun hər evinin həyətinə əsas kanaldan su çəkildiyini qeyd edir. Onun yazdığına görə süni suvarma vilayətin əhalisinə geniş torpaq sahələrini becərmək və bol məhsul əldə etməyə imkan yaradırdı.
İ.P. Petruşevskiyə görə Qacar aşirəti Monqol cəlair, sulduz və Tibetli tanqut tayfalarının pərakəndə hala düşüb türkləşən qollarının süni şəkildə birləşməsindən yaranıb. Ancaq Petruşevski istifadə etdiyi mənbədəki təhrifləri həqiqət kimi təqdim edərək ciddi səhvə yol verir. Ona görə ki, Monqol dövrünün etnik məsələləri barədə məlumat vermiş qaynaqlar içərisində daha mötəbər mənbə sayılan Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” adlı əsərində XIII-XIV əsərlərdə Cəlair, Tanqut və Sulduzun Monqol qəbiləsi adlandırıldığı, ancaq Türk olduqları göstərilib.
Digər tərəfdən Faruk Sümərin yazdığı kımi “Qacar boyunun adının bir oymaqdanmı, yoxsa bir şəxsdənmi, gəldiyi haqqında heç bir şey söylənməz. Çünki hər iki ehtimal da var”. Adı çəkilən müəllifə görə, XVI-yüzildən Hələb Türkmənləri arasında Qacar adlı bir oymaq görülməkdədir. XVII əsrin əvvəllərində adsız müəllif tərəfındən yazılmış “Qızılbaşlar tarixi” adlı əsərdə də Qacarların bir qisminin Azərbaycana Şamdan gəldikləri qeyd olunub. Ancaq qeyd olunan əsərdə “Bu tayfa qədimdə Gəncə və Bərdədə yaşayıb” deyildikdə bizcə, Qacar aşirətinin Səfəvilərə qədər, yəni Monqol dövründən bəlkə də ondan daha da qabaq burada yerli əhali olduğu nəzərdə tutulur.
Faruk Sumərə görə Qacar aşirətinin Ağca Qoyunlu, Ağcalı, Şam Bayatı (Bayadı), Yiva adlı obaları olub. Müəllif yazır ki, Qacarın Ağca Qoyunlu obası Anadoludakı Ağca Qoyunlu oymağının bir qolu olub, bu oymağı Oğuz boylarından birinin obası fərz etmək yanlış sayılmaz. Bu oymağın ana qolu XVII yüzilin birinci yarısının ortalarında Maraş-Elbistan bölgəsində yayılmaqda və Hələb Antakya tərəfində qışlamaqda idi. İrana Qacar obaları arasında gedən Ağca Qoyunluların Boz-Ox qoluna mənsub olduqları şübhə doğurmamalıdır. 1744-cü ildə İrandan Türkiyəyə köç edən və Əcəm Türkləri deyilən oymaqlar arasında onlardan bir obanın olduğu görünür. Müəllifə görə, Ağcalı Kayseri-Sivas arasında bir oymağın qolu olub, Gədük və Hələb bölgəsində уaşıyırdı. Ancaq “Qızılbaşlar tarixi” nə istinad edərək qeyd etdiyimiz kimi Qacarlar Azərbaycanın Gəncə, Bərdə bölgəsində də qədimdən yaşayırdılar. Hülakülər dövründə etnik prosesləri dövrün qaynaq materialları əsasında araşdıran V.Piriyevə görə Qacarlar Hülakü xanın dövründə Azərbaycanda məskunlaşmışdılar. Qeyd edilənlərə əsasən demək olar ki, Qacarlar və onlarla bağlı oymaqlar, obalar Xəzərdən Quzey İrak, Hələb də daxil olmaqla Kayseri və Sivasa qədər müxtəlif məntəqələrdə məskun olub, qeyd olunan coğrafi məkanda batıdan doğuya, bəzən də əks istiqamətdə köçüblər, yəni yurd yerlərində məskunlaşıblar.
Əvvəlki dövrlərdə olduğu kimi, Səfəvilərin də vaxtında XVI-XVII yüzilliklərdə Qarabağda Qacarlarla yanaşı, Qaramanlı, Baharlı tayfaları, Zülqədər elinin Şəmsəddinli obası, onlarla qaynayıb-qarışmış Qazaxlar, Otuziki və Iyirmidörd oymaqları əkinçiliklə, heyvandarlıqla məşğul olurdular. Faruk Sumer yazır kı, Qarabağda Otuziki oymaqdan meydana gəldiyi üçün bu adla anılan böyük bir topluluq yaşayırdı. Bunlar Qarabağ Türkmənlərindən idilər. Son əsrlərdə Tərəkəmə deyilən Türklər bunların qalıntılarıdır. Müəllifə görə Otuzikinin Qarabağda Müqədddəm, Cavanşir, Əhmədli, Qaraqoyunlu, Göycəli (Göyçəli), Ozan kimi obaları məlumdur. Ancaq “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftər”ində Otuziki tayfasının qeyd olunan oymaqları ilə yanaşı, Üçoğlan, Məfruzi (Mahrızlı), Qiyaslı, Dəlilər, Veysəlli, Hacı Türəli, Xəlil Fəxrəddinli, Barani, Şəkərbəyli, Mollalar, Eymirli, Məhəmmədşahlı, Buğdayiüzü, Zəngişalı, Atlıcalı, Yosunduz, Boyəhmədli adlı obalarının da olduğu qeyd edilib va onların Qarabağın müxtəlif bölgələrində əkinçilik təsərrüfat və heyvandarlıqla məşğul olduqları göstərilib. “Müfəssəl dəftər”də Qarabağın türk el və obalarından Kəbirli, Kəngərli və Ətyeməzli camaatı haqqında da məlumat verilir. Sənəddə göstərilir ki, Kəbirli ildə xəzinəyə 14.000 quruş ödəyən qələbəlik bir aşirətdir. 1726-1727-ci ildə Şahsevənlərin yaratdığı qarışıqlıq nəticəsində dağınıq düşüblər. Kəbirli aşirətindən pərakəndə düşənlər Cavanşir və Otuziki elləri tərkibinə dağınıq halda və qismən oba kimi daxil olublar.
Adları çəkilən tayfa, oymaq və obalarla bağlı toponim və etnonimlərin izlərinə hal-hazırda da Qarabağın bütün rayonlarında rast gəlinir. Dövrün sinxron salnamələrində hərbi-siyasi proseslərdəki miqrasiyalarla yanaşı Qarabağda əski çağlardan yerləşib oturub, yerli əhali haqqında uyğun materiallar az deyil. Mirzə Adıgözəl Bəy “Qarabağ vilayətinin əsl elatı, kənd əhalisindən başqa Cavanşir, Otuziki və Kəbirlilərdir” dedikdə, sözsüz ki, burada о “kənd əhalisi” adlandırdığı türk-müsəlmanların oturaq əkinçilər olması nəzərdə tutulur ki, bu da heç bir şübhə doğura bilməz. Ona görə ki, onun əsərində qeyri-müsəlmanlar haqqında ayrıca bəhs edilir. Adları qeyd olunan ellərlə yanaşı, salnamədə Qarabağda məskun olan Qaraqoyunlu obasının da adı çəkilib ki, onların, yəni Qaraqoyunluların Qaramanlı va Alpout ellərinin əski çağlardan Qarabağın yerli əhalisi olması bəlli bir həqiqətdir. F.Sümər yazır ki, bu gün Quzey Azərbaycanda xüsusilə Gəncə və Bərdə bölgələrindəki Qaraman va Qaramanlı yer adları bu oymağa aid xatirələrdir.
Dövrün farsdilli qaynaqlarında Qarabağ əyalətinin əhalisinin etnik və sosial tərkibi haqqında dəqiq rəqəmlə göstərilmiş məlumatlar yoxdur. Ancaq qısa zaman kəsiyinin tarixi hadisələrini özündə əks etdirən “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” əyalətin demoqrafik vəziyyəti və əhalisinin etnik tərkibi barədə verdiyi məlumatların dolğunluğu ilə xüsusi əhəmiyyət kəsb edir. H.Qaramanlı “Müfəssəl dəftər” materialları əsasında təhlillər aparıb, əyalətin əhalisinin sayı, etnik tərkibinə aid müfəssəl nəticələr əldə edə bilib. Onun hesablamalarına görə, Qarabağ əyalətində 19.395 mükəlləfıyyətli ailə başçısı və hər ailə isə orta hesabla beş nəfərdən götürüldükdə, əhalinin ümumi sayı təxminən 96.975 nəfərdən ibarət olub. О cümlədən, “Müfəssəl dəftər”də məlumatlar bir il ərzində vergi mükəlləfiyyəti daşıyanları əhatə etdiyinə, müsəlmanlardan ibarət hərbiçi, ruhani ailə üzvləri nəzərə alınmadığına görə yuxarıda əhalinin say haqqındakı rəqəm minimum olub, həqiqətdə isə əhalinin ümumi sayı 100 mindən çox olardı.
Etnik mənsubiyyətinə görə, aparılan hesablamalarda adı dəftərə düşmüş 11.818 nəfər müsəlman əhalisinin 11.068 nəfəri türk, 750 nəfəri kürd idi. Sözsüz ki, müəyyən sayda qeyri-müsəlman
əhalisi də vardı. Belə ki, “Müfəssəl dəftər”də Qarabağ əyalətində yalnız Şəmkürbasan və Böyük Kürəkbasan nahiyələrində 25 kəndin qeyri müsəlman olduğu göstərilir. Qeyri-müsəlmanların çoxunu isə Alpan soyundan olub XVIII əsrdə öz etnik mənsubiyyətini unutmamış xristian əhalisi təşkil edirdi.
Səfəvilər dövründə yazılmış və onun ideologiyası ilə səsləşən qaynaqlarda Qarabağda demoqrafik proseslər, xüsusilə əhalinin sayı öz əksini tapmamış, ancaq əhalinin etnik tərkibi ilə bağlı məlumatlara təsadüf edilir ki, bunlarm təhlili əsasında əhalinin etnik tərkibi və etnik tərkibdə müəyyən hərbi-siyasi tarixi hadisələrlə bağlı baş vermiş dəyişiklikləri qismən də olsa izləmək mümkündür.
Hüsaməddin Qaramanlmm XVI yüzilin Osmanlı qaynağına istinad edərək qeyd etdiyi kimi, Krım xanı Qazi Gireyin XVI əsrin 80-ci illərində 30 min əsir aparması, 1588-ci ildə Qarabağ bəylərbəyi Məhəmməd xan Qacann tabeliyində olan 50 min nəfərlə Araz çayını keçib Qaradağa getməsi “Abbasnamə”yə görə II Şah Abbasın (1642-1666) Kaxetdə yerli dayağını möhkəmləndirmək məqsədi ilə Qarabağ əyalətindəki Cavanşir, Bayat və sair ellərdən 15.000 ailəni buraya köçürməsi, sözsüz ki, tarixi proseslərin gedişində demoqrafik vəziyyətə, xüsusən də yerli Türk əhalisinin sayının azalmasına təsir göstərməyə bilməzdi.
Qaynaqlarda Səfəvilərin hakimiyyətinin ilk illərində Qarabağda Qacarlardan Göycə Sultanın bəylərbəyi olduğu göstərilir. I Şah Təhmasib (1524-1576) isə Qarabağa Kəmaləddin Şahverdi sultan Ziyadoğlu Qacarı bəylərbəyi təyin edir. Ata yurdu Qarabağa bəylərbəyi təyin olunan Şahverdi Sultan Qacarın Ziyadlı oymağından idi. İsgəndər bəy Türkmən yazır ki, Şah Təhmasib yaxınlıqlarına görə Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacara qardaş-müsahib deyirdi. Hərbi yürüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə I Şah Təhmasib Şahverdi Sultandan sonra onun bəylərbəyi olacaq bütün varislərini «müsahib» adlanması və bu ifadənin Qarabağa aid bütün fərmanlarda başçının adından sonra yazılması barədə göstəriş vermişdi. Şahverdi sultan Ziyad oğlu Qacar tez-tez ordusu ilə Şərqi Gürcüstana daxil olur və burada məhəlli hakimlərin çıxışlarının qarşısını alır, mərkəzdənqaçma hərəkatın genişlənməsinə imkan vermirdi. Sözsüz, Şahın Şahverdi sultana münasibəti də ona verdiyi səlahiyyətin məsuliyyətlə yerinə yetirdiyindən irəli gəlirdi. H. 963 (1556)-cü ildə Kartilinin məhəlli hakimi Luarsab mərkəzə itaətsizlik göstərdikdə Şahverdi sultan Ziyad oğlunun başçılıq etdiyi ordu dərhal Kartliyə daxil olmuş, pusquya düşərək 300 nəfərə yaxın əsgər itirsə də, sonda qələbə çalmış və Luarsab da ələ keçirilib öldürülmüşdü. Onun yerinə Kartli hakimi oğlu Simon olmuşdu.
1568-ci ildə Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar vəfat etdi. Yerinə oğlu İbrahim Sultan bəylərbəyi oldu. Ona da təbil, bayraq və əmirlik xalatı verildi. O, həm də I Şah Təhmasibini oğlu Sultanəli Mirzənin lələsi idi. Həmin illərdə Qarabağda yaşamış Fəzli İsfahani adlı tarixçi 1570-1571-ci ildə baş verən hadisələrdən danışarkən Qarabağa İbrahim sultandan sonra Kəmaləddin Şahverdi sultan Ziyad oğlu Qacarın üçüncü oğlu Yusif Xəlifənin bəylərbəyi göndərildiyini yazır. Böyük oğlu Xəlil xan isə hələ onun öz sağlığında Astrabad bəylərbəyi və burada məskun olan Qacar obasına əmir təyin edilmişdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor

Bu xəbər oxundu
- - -