Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

09.03.17, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sürücü məsuliyyətsizliyi 5 gəncin həyatına son qoydu

Dünən Bakı-Sumqayıt yolunda çoxsaylı insan ölümü ilə nəticələnən qəza baş verib. Bakıdan Sumqayıt istiqamətində hərəkət edən, 50-BM-132 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus Masazır körpüsünün üzərindən keçərkən yol kənarında dayanmış, 52-BE-874 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşınına çırpılıb. Daşla dolu "ZİL" gecədən körpünün üzərində dayanıbmış.
Yük maşınının nasazlıq səbəbindən yol kənarında dayandığı güman olunur. Maşının sürücüsü xəbərdarlıq məqsədilə yük yerindən mişar daşlarının bir hissəsini boşaldaraq yol kənarına yığıb. Sürətlə gələn mikroavtobus əvvəlcə bu daşlara dəyib. Toqquşmadan yaranan toz-duman qarşıdakı "ZİL" maşınını görməyə imkan verməyib və nəticədə mikroavtobusun sürücüsü məsafəni düzgün hesablamadığından maşını sağ tərəfdən "ZİL"ə çırpıb.
Qəza nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi dünyasını dəyişib, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı vəfat edən tələbələr Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğludur(1997-cı il).
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov şəhər təcili tibbi yardım xəstəxanasına gətirilən yaralıların həyatı üçün təhlükə olmadığını deyib: Xəstəxanada yatan yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər yaralıların həyatı üçün narahatedici hal olmadığını bildirdilər. İki qızın vəziyyəti bura gələndə ağır olub. Komada olan yaralılar həkimlərin səyi nəticəsində ayılıb.
Baş həkim Nəriman Baxşəliyev 14 yaralıya ilkin tibbi yardım göstərildiyini deyib: "14 xəstə ambulator müalicəyə götürülüb. Onların durumuna nəzarət üçün bütün intensiv tədbirlər görülüb".
Xəsarət alan tələbələr hadisənin necə baş verdiyini xatırlamırlar. Yaralılar qəzaya uğradıqlarını xəstəxanada şokdan ayıldıqdan sonra anlayıblar.
Xəsarət alan tələbələrdən Bəybala Manafov zərbədən başının sərt şəkildə qabaq oturacağa dəydiyini deyib: "Başım dəydi, sinəm əzildi, ondan sonra huşumu itirdim. Nə baş verdiyini bilmirdim".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı-Sumqayıt yolunda baş vermiş qəza barədə məlumat yayıb.
Məlumatda deyilir ki, martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Bu xəbər oxundu
- - -