Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz zəngin maddi-mənəvi dəyərlərimizi özündə yaşadan böyük mədəniyyət hadisəsidir

17.03.17, 8:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı


“Novruz”un türklərin Ergenekon bayramının davamı olması haqqında da fikirlər çox geniş yayılıb. İndi “Novruz” adı ilə keçirilən bu bayramın türklərin əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır. Bu mülahizəyə görə, türklərin əskidən bəri keçirdikləri “Ergenekon bayramı” müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlayıb.
Türk tarixində “Ergenekondan çıxış” günü “Novruz” kimi xatırlanıb və bu adla qeyd olunmağa başlayıb. Əlbəttə ki, bu səbəbsiz deyil. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu mənada Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir. Türklər həmin yerə gəldikləri günü, həmin gündə və həmin yerdə ənənəvi olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə ritualıdır.
Baharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi türklərə də dərin təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub. Türk sözü olan “bayram” M. Kaşğarlının “Divan”ında “Bedhrem” (bayram) – bir yerin işıqlarla və çiçəklərlə bəzənməsi və orada sevinc içində əylənilməsidir” – şəklində izah edilib.
Əski türklərin dini mərasim və ayinlərinin necə icra edildiyini bu və ya başqa şəkildə Çin və ərəb qaynaqları ilə yanaşı türk boylarının dastanlarından, xalq əfsanələri və rəvayətlərindəki məlumatlardan öyrənirik. Hazırda əski ənənəvi inancları və mərasimləri qoruyub saxlamış Altay və Yakut şamanlarının keçirdikləri böyük dini mərasimlər bizim əski türklərin ayinləri haqqında təsəvvürlərimizi genişləndirir.
Şamançı türklərin müəyyən vaxtlarda keçirdikləri ayinlərin yaz, yay və payız mövsümlərində baş verir ki, bunların da çox qədim dövrdən qaldığı şübhə doğurmur. Əski türk imperatorluğu dövründə bu ayinlərin dövlətin rəsmi dini bayramları olduğu Çin qaynaqlarının verdiyi məlumatlardan aydın olur. Yaz və payız bayramlarında ayinlərin icra olunması hunların zamanından məlumdur. Əski türk dininin saxlandığı monqol imperatorluğu dövründə yaz bayramı və bununla əlaqəli mərasimlər dövlətin dini bayramları olmuş və bu bayramlarda möhtəşəm ayinlər icra edilib.
“Novruz” tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə ehtiva edir.
Novruzun tərkibində arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqal üstündən tullanma, qulaq falı və ya qapı dinləmə, yumurta boyama və yumurta döyüşmə, qurşaq atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən geniş şəkildə və bəzən də rudimentlər kimi müşahidə olunması onu ritualşünaslıq aspektindən də araşdırmağı şərtləndirir.
Onların hər biri müəyyən bir elementlə simvolizə olunur. Məsələn, təbiətlə bağlı olan və insanların yaşayışında mühüm əhəmiyyət daşıyan yaz mövsümü ilə başlanan yaşıllanmanı “səməni” təmsil etməkdədir. Bu element təbiətin dirilməsini bitki səviyyəsində simvolizə edir. Bu kompleksin içində ən mərkəzi mövqeyi “tonqal” tutur. Tonqalın od, alov, atəş mənası bir sıra türk dillərində az fərqli sözlərlə işlənməkdədir. Tonqal əski türkcədə günəşin doğmasını bildirən “tanq” və günəşin qürubunu ifadə etmək üçün istifadə olunan “tünq” kəlmələri ilə fonetik və semantik baxımdan əlaqəlidir. Heç şübhəsiz ki, tonqal ilk öncə günəşi və bundan sonra da Tanq Tenqrini simvolizə edir. Əski türklərdə günəş həm Tanrıdır, həm də yaradıcı əcdaddır.
İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir. Burada əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir. Tonqal üzərindən tullanarkən söylənən “ağırlığım, uğurluğum burda qalsın” ritual deyimi “türklərdə odun arındırıcı” funksiyası ilə izah olunursa olunsun, bizcə bu çox bəsit və ritualın sakral mahiyyəti ilə uzlaşmayan bir yanaşmadan uzağa getmir. Özünü oda atan, alovun içərisindən keçən “ritual personajı” özünü Tanq Tenqriyə qurban etmiş olur.
Bu qurbanvermə ritual və ya simvolik xarakter daşıyır. Özünü odda qurban verən fərd Tanq Tenqrini simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada”, xaos məkanında olur, əcdad ruhları ilə, “tın”la təmas yaradır, orada sakrallaşır və yenidən oddan çıxaraq “bu dünyaya”, kosmos məkanına qayıdır. Bizcə, perifrastik formada işlənməsinə baxmayaraq, tərkibində iki semantemi birləşdirən ritual deyiminin – “ağırlığın(fiziki) və uğurluğun(mənəvi)” odda, tonqalda qalması isə fərdin fiziki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir.
Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Küsülülük, kommunikativ böhran sosial xaosun ifadəsidir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur.
Yumurta döyüşdürülməsi iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir.
Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərib. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.


Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -