Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“12 illik ümumi təhsil modelinə keçmək elə də sadə proses deyil”

17.03.17, 9:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Təhsil Nazirliyinin Aparat rəhbəri: “Bu, dövlət təhsil standartlarında, fənn proqramlarında köklü dəyişiklik aparmağı tələb edir”

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayevin APA-ya müsahibəsini ixtisarla təqdim edirik.
- 2016-cı il təhsil sahəsində hansı yeniliklər və uğurlarla yadda qalıb. 2017-ci ildən gözləntilər nədir?
- Ötən il təhsil sistemində bir sıra mühüm yeniliklərə imza atılıb. Təhsildə keyfiyyətin yüksəldilməsi ən vacib məsələ olduğundan əsas fəaliyyət bu istiqamətə yönəlib. Bu baxımdan ötən il ölkə üzrə təmayülləşmənin genişləndirilməsi, diaqnostik qiymətləndirmənin davam etdirilməsi, müəllimlərin işə qəbulu zamanı namizədlərin göstərdiyi nəticələrin yüksəlməsi, təhsil işçilərinin və məktəb idarəedənlərin peşəkarlığının artırılması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sırasında olub. Eyni zamanda ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə edilib. Görülən işlərdən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılması xüsusi vurğulanmalıdır. Bildiyiniz kimi, məktəbəhazırlıq təhsili ilə bağlı ilkin olaraq pilot layihə tətbiq etdik, nəticələri çox uğurlu oldu. Buna görə də Nazirlər Kabinetinin qərarı ilə ötən ildən məktəbəhazırlıq təhsili respublika səviyyəsində və dövlət hesabına tətbiq edildi. Bu gün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 mindən çoxdur. Beləliklə, məktəbəqədər hazırlıqla əhatə olunma 55 faizlik səviyyəyə çatdırıldı.
- Azərbaycanda 12 illik təhsilə keçid istiqamətində hansı işlər görülür? Bu məsələ ətrafında müzakirələr hazırda hansı mərhələdədir?
- Məlumdur ki, 12 illik ümumi təhsilə keçid hazırda əsas hədəflərdən biridir. Statistikaya görə, dünyanın əksər ölkələrində artıq 12 illik ümumi təhsil modeli tətbiq olunur, bəzi ölkələrdə bu müddət daha da artıqdır. Əlbəttə, Azərbaycan bu mütərəqqi təcrübədən kənarda qala bilməz, bir halda ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədqiqatları göstərir ki, hər hansı bir ölkədə təhsil müddətinin bir il artırılması ÜDM-nin 3-6 faiz artmasına gətirib çıxarır. Eyni zamanda təhsilalanların gələcək uğurlarının, ölkənin iqtisadi imkanlarının və davamlı inkişaf indeksinin artmasına müsbət təsir edir. Bununla belə, 12 illik ümumi təhsil modelinə keçmək elə də sadə proses deyil. Buna ciddi hazırlaşmaq, imkanları əsaslı şəkildə təhlil etmək, xüsusilə ictimai rəyi öyrənmək lazımdır. 12 illik ümumi təhsilə keçid dövlət təhsil standartlarında, fənn proqramlarında köklü dəyişiklik aparmağı tələb edir.
- Təhsil Nazirliyinə müraciətlərin ilk sırasında nostrifikasiya ilə bağlı müraciətlər yer alır. Xarici ölkə universitetlərinin diplomlarının tanınması qaydalarına hər hansı dəyişikliklər mümkündürmü?
- Xarici ali təhsil sənədlərinin tanınması hazırda Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları ilə tənzimlənir. Artıq yeni qaydalar işlənilib və ilkin layihə Təhsil Nazirliyində baxılma mərhələsindədir.
- Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı hansı işlər aparılır?
- Ali təhsil müəssisələrində akkreditasiyalar təsdiq olunmuş müvafiq qrafikə uyğun olaraq 2016-cı ildə həyata keçirilib. Yeddi ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşdırılıb. Bu barədə Akkreditasiya Komissiyası sədrlərinin təqdim etdikləri yekun arayışlara baxılıb və onların Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması ilə bağlı müvafiq idarə tərəfindən nazirliyə təqdimat göndərilib. Hazırda ötən ilin noyabr-dekabr aylarında keçirilən akkreditasiyalarla bağlı Akkreditasiya Komissiyası tərəfindən təqdim edilən yekun hesabatlar təhlil edilir. Təkliflərin yaxın zamanda Akkreditasiya Şurasına göndərilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Dövlət Dəniz Akademiyası və Xəzər Universitetinin akkreditasiyası ilə bağlı işlər həyata keçirilir.
Bundan əlavə, normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə də işlər davam etdirilir. “Ali təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya Qaydaları”, “Ali təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən akkreditasiya meyarları” və “Ali və orta ixtisas təhsili müəssisələrində yeni ixtisasların açılmasına dair Qaydalar”, həmçinin “Akkreditasiya işinin təşkili ilə bağlı təlimat” kitabçasının hazırlanması üzərində işlər yekunlaşmaq üzrədir. Yeni sənədlərin işlənilməsi zamanı beynəlxalq təcrübə və qonşu ölkələrin bu istiqamətdəki fəaliyyəti yaxından öyrənilib. Həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı Finlandiya və Estoniyadan olan ali təhsilin keyfiyyət təminatı üzrə tanınmış ekspertlərlə birgə müzakirələr aparılıb.
- Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin bilik və bacarıqlarını 10 ballıq şkala üzrə necə qiymətləndirərdiniz? Ölkədə fəaliyyət göstərən hansı fənn müəllimlərin biliyi daha yüksək, hansı fənn müəllimlərinin biliyi daha aşağıdır?
- Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması hədəfi qoyulub. Göstərilən hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmənin nəticələrinə əsasən aşağı bal toplamış müəllimlərin ehtiyacları müəyyənləşdirilərək xüsusi təlim proqramları hazırlanıb və onların ixtisasının artırılması üzrə təlimlər təşkil edilib.
Ölkə prezidentinin sərəncamına əsasən, 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
Prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə 2015-ci ilin noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. 2016-cı ilin yanvar ayından həmin rayonlarda çalışan müəllimlərin əməkhaqqı artırılıb.
- Ötən il Təhsil Nazirliyinin qərarı ilə regional Ərazi Maliyyə Hesablaşma mərkəzləri yaradıldı. Bu mərkəzlərin yaradılması gələcəkdə Regional Təhsil idarələrinin yaranmasına təkan verə bilərmi?
- Ötən ilin yanvarından təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsi məqsədilə şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzləri vasitəsilə həyata keçirilir. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edir.
- Azərbaycan prezidentinin fərmanına əsasən, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanır. Burada hansı dəyişiklik və yeniliklər olacaq?
- Məlumat verildiyi kimi, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi üçün ölkənin ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabineti qarşısında təkliflə çıxış edib. Həmin təkliflər Nazirlər Kabineti tərəfindən təsdiqləndiyi təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq. Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra ixtisaslar üzrə boş qalan yerlərə müvafiq olaraq aparıla bilər. Təklifdə hazırlıq fakültələrinə qəbulun müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilməsi nəzərdə tutulub. Bu fakültələrdə təhsilin yalnız ödənişli əsaslarla aparılması mümkündür. Burada təhsil alan tələbələrə seçdikləri ixtisas qrupu üzrə qəbul zamanı nəzərdə tutulan fənlərlə yanaşı, həmin ixtisasın tədris planına daxil olan bir sıra fənlər də öyrədilə bilər.
- Həyata keçiriləcək yeniliklərdən sonra ali məktəblərə tələbə qəbulu ilə bağlı muxtariyyət verilə bilərmi? Nazir Mikayıl Cabbarov da bildirib ki, ali məktəblərə qəbul imtahanı bizim cəmiyyətin istifadə etdiyi model olsa da, yeganə istifadə edilə bilən model deyil. Bir çox dövlətdə mərkəzləşmiş qəbul imtahanı mövcud deyil və ali təhsil almaq istəyənlər üçün məhdudiyyət yoxdur.
- Bəli, bir çox dövlətdə qəbul imtahanı, ümumiyyətlə, mövcud deyil. Elə dövlətlər var ki, ali təhsil almaq istəyən insanlar üçün məhdudiyyət yoxdur. İndiki dövrdə ali təhsil almaq istəyən insanların sayı ildən-ilə artır. İnsanlar ali təhsil almağa bilik və keyfiyyət üçün gedirsə və təhsildə biliyin qiymətləndirilməsi sistemi çalışırsa, o zaman qəbul imtahanlarının mərkəzləşdirilmiş olması zərurəti çox azdır. Əmək bazarında bilikdən daha çox diploma o cəmiyyətdə üstünlük verilir ki, burada həmin o mərkəzi qəbul imtahanının olması daha vacib və zəruridir. Bu, öz növbəsində o deməkdir ki, təhsil sistemində universitetin daxili qiymətləndirilməsində problemlər mövcuddur. İlk növbədə ali təhsil müəssisələrində bu problemin aradan qaldırılması zərurəti var.
- Təhsil naziri parlamentdə çıxışında bəzi ali məktəblərin optimallaşdırması anonsunu verib. Azərbaycanda bəzi ali məktəblərin birləşdirilməsi mümkündürmü? Əgər bu baş verəcəksə, proses hansı meyarlar əsasında aparılacaq?
- Optimallaşdırma ilə bağlı məqam “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əsas xətt kimi nəzərdə tutulan məsələdir. Təhsil Nazirliyi son dörd ildə optimallaşdırma ilə bağlı sistemli fəaliyyət həyata keçirib. Məsələn, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialı fəaliyyətini dayandırıb və Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Eləcə də orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması gerçəkləşib, bir neçə orta ixtisas təhsili müəssisəsi ali təhsil müəssisələrinin tərkibinə qoşulub. Bundan başqa, hazırda ilk peşə- ixtisas təhsili müəssisələrinin optimallaşdırılması həyata keçirilir. Bakı və Gəncədə fəaliyyət göstərən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi 13 regional peşə təhsil mərkəzi kimi formalaşdırılıb.

Bu xəbər oxundu
- - -