Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qafqaz Albaniyasını öyrənirik”

17.03.17, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Multikulturalizm Mərkəzinin layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda növbəti mühazirə təşkil olunub.
BBMM-dən verilən məlumata görə, mühazirədən öncə Mərkəzin əməkdaşı Yadigar Məmmədli layihə haqqında məlumat verib. O deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masa”lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək.
Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib. Qeyd edib ki, eramızdan əvvəl V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində udilər haqqında yazıb. Eramızdan əvvəl I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış, 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib. Udilər tarixin mürəkkəb, keşməkeşli mərhələlərini yaşayıblar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilməyiblər.
Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir hissəsi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib. Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi assimilyasiyaya uğrayaraq tamamilə erməniləşib. Məruzəçi mühazirənin sonunda Azərbaycanın Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin qorunması, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.
“Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirik” mövzusunda mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)