Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Yeni iş yerləri yaratmalıyıq”

28.03.17, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”

"Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir və bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür".
Bunu prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
Dövlət başçısı bildirib ki, eyni zamanda, vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürlür: " Pambığın alış qiyməti keçənilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar”.
Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib: “Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”.
Prezident pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, daha geniş vüsət alacağını, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.
Dövlət başçısı pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyrinin olduğunu vurğulayıb: “Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.
Prezident İlham Əliyev qeyd edib ki, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir: “Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.


“Biz nümunə göstəririk”

Dövlət başçısı Azərbaycanda sabitliyin təmin olunduğunu deyib və bildirib ki, sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Dövlət başçısı bildirib ki, Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir: “Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Biz bu nümunəni göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.
Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahə üzrə strateji yol xəritələri tərtib olunub, dərc edilib. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var və biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”.
Bir neçə ölkədə ticarət evlərinin yaradıldığını deyən prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin artıq dünyaya yayıldığını xatırladıb: “İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”.
Dövlət başçısı qeyd edib ki, sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar: “Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
Azərbaycan prezidenti dövlətin həmişə sahibkarlara kömək göstərdiyini bildirib və qeyd edib ki, bu kömək və yardım müxtəlif sahələrdə özünü büruzə verir: “Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar”.
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıb. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Çünki qeyri-neft sənayesinin inkişafı qiymətlərlə tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə ki, göstərici də qalxacaq. Neftin hasilatı qalxarsa göstərici də qalxacaq, düşərsə, düşəcək. Ona görə bu, göstərici deyil”.
Prezident bildirib ki, əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir: “Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında Davos Ümumdünya iqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir”.
Azərbaycan prezident işsizliyin daim aşağı səviyyədə saxlamanılmasının vacibliyini vurğulayıb: “Biz yeni iş yerləri yaratmalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır”.
Prezident bildirib ki, bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır: “Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.
Dövlət başçısı qeyd edib ki, ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib, 40 mindən çox yeni iş yeri ancaq dövlət sektorunda yaradılıb: “Dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib. Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”.

Bu xəbər oxundu
- - -