Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mübariz yaşayıb, mübariz ölmək

30.03.17, 7:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Qonaqlar həyətdə çox da gözləməli olmadılar. Qarşıdakı otaqda qabaqda M.C.Bağırov, yanında ağayi Pişəvəri, Padiqan, Cahanşahlu, general Kaviyan, general Qulam Yəhya, onlarla bərabər nazirlər Sovetinin sədri Teymur Quliyev və başqa vəzifəli şəxslər gəldilər. Bağırov həyətdə onları gözləyən qonaqlarla təkbətək görüşəndən sonra hamını otağa dəvət etdi. Onun qısa çıxışından bu məclisin ancaq tanışlıq mənası daşıdığı məlum oldu. O, ilk sözü Pişəvəriyə verdi.
Pişəvəri əvvəlcə yoldaşlar adından və öz adından ev sahibinə təşəkkür etdi və sonra hadisələrin Təbrizdə bu gün baş verdiyi şəkildə olacağının əvvəlcədən məlum olduğunu və milli hökumətin Təbrizi tərk etməyə məcbur edilməsinin düzgün olmadığını, hadisələrin bügünkü şəkildə nəticələnməsini yerində şərh etdi.
Pişəvərinin çıxışı Bağırovun gözlədiyinin əksinə olsa da o, narazılığını büruzə vermək üçün, “Görək ağayi Padiqan nə deyir” - Padiqana söz verdi. Padiqan Pişəvəri kimi acı danışmasa da, o da hadisələrin bu şəkildə olmasından narazılığını bildirdi.
Sonra Qulam Yəhya fədailər adından danışdı. Bağırov məclisin onun istədiyi kimi getmədiyini, görüb istiqaməti dəyişmək üçün şeirlərə söz vermək qərarına gəldi.
İlk sözü Səməd Vurğuna verib, «Yandırılan kitablar» şeirini oxumasını dedi. Ancaq S.Vurğun şeirin yanında olmadığını və əzbər bilmədiyini deyib üzr istədi.
Səməd hətta ayağa qalxıb başqa bir şeir oxuyub və sağlıq da demək istəmədi. Onun bu hərəkəti Bağırova möhkəm toxunsa da, pərtliyini büruzə verməmək üçün sözü həmin məclisdə iştirak edən fars şairi Jaləyə verdi. Jalə fars dilində bir şeir oxudu.
Şeiri onunçun tərcümə etdilər. Sonra S.Rüstəmə söz verdi, Süleyman «Təbrizim» şeirini oxudu. Sonra da üzünü Biriyaya tutub dedi, mənim adıma göndərdiyin şeiri burada oxu, qoy məclisdəkilər eşitsin. Buriya şeiri əzbərdən oxudu. Bağırov ona dedi ki, mən səndən belə sızıltı, acizlik gözləmirdim. Biriya şeirdə yazmışdı «Teymurun, Çingizin zülmü yalandı, cəsədlər üstündə tonqal qalandı...» Bu, Bağırovun xoşuna gəlməmişdi. Axırda üzünü mənə tutub dedi, görək Azəroğlu nə deyir. Mən aşağıdakı 4 misra şeiri oxudum:

Sən Azəroğlusan, məzlumam demə,
Bu el azadlığın sorağındadır.
Mübariz yaşayib, mübariz ölmək
Bizim bu ölkənin torpağındadır.

Mən şeiri oxuyandan sonra o dedi: - Əlbəttə, mübariz yaşamağı, mübariz ölməyi bacarmaq lazımdır. Biriyaya müraciətlə deyilən bu sözlərin bütün məclisə aidiyyəti var idi. Məclis gecədən xeyli keçmiş qurtardı. Adamların əhvali-ruhiyyəsindən hiss olunurdu ki, məclis gözlənilən nəticəni verməmişdi. Ev sahibinin giriş sözündən özündən razılıq hiss olunurdu. O özü də Pişəvəridən belə narazı çıxış gözləmirdi.
Padiqanın, Qulamın çıxışları xoşuna gəlməmişdi. Üzə vurmasa da S.Vurğunun şeir
oxumaması da ona toxunmuşdu. Bəlkə elə buna görəydi ki, Biriyanın sızıltılı şeirini bəhanə edərək onu da tənqid etdi. Milli hökumətin generalları da məclisdə özlərini məğlub qoşunun başçıları kimi hiss etdilər. Halbuki onlar cəbhədən sorğu-sualsız geri çağırılmışdılar. Cəbhədən Təbrizə, Təbrizdən Bakıya gəlmələrinin mahiyyəti o günə qədər onlara məlum deyildi. Bir sözlə tanışlıq, şadlıq üçün qurulmuş məclis kədərli notlarla başa çatdı. Məclis o axşam gecədən xeyli keçəndə qurtardığından mən Bakıya yox, Kaviyan ilə Mərdəkana getdim.
Kaviyanın ailəsi şəhərdə havalar isti olduğundan şəhərdəki evlərinə köçməmişdilər. Səhər Səkinə xanım məni görəndə çox sevindi: - «Yaxşı eləyib gəlmisən, deyirlər şəhərdə çox istidir, sentyabrda bizimlə birgə köçərsən» dedi. Bakının, xüsusən İçərişəhərdəki evimizin istisi məni o qədər narahat etmişdi ki, mən bu təklifə ürəkdən razı olub şəhərə köçənə qədər onlarda qaldım.

* * *

Mədinə Gülgün Pişəvəri ailəsinə çox yaxın idi, hələ Təbrizdə olarkən o ailəyə get-gəli var idi. Bakıya köçəndən sonra o, bəzən məni Pişəvərigilə aparırdı. Mən onlara gedəndə hər dəfə o, Firqə rəhbərlərindən, generallardan Pişəvəri ilə söhbət etdiklərinin şahidi olurdum. Söhbət əsasən Pişəvərinin Moskvaya gedib Stalin ilə görüşməsindən olurdu. Hər dəfə də o, Bağırovun, «zəng edib demişəm, gözləyək,
xəbər gələn kimi gedərsən» vədindən əsəbi halda danışırdı. Bir dəfə Mədinə ilə mən yenə Pişəvərigildə idim. General Azər ilə general Pənahiyan gəldi. Biz durub getmək istəyəndə Pişəvəri mənə dedi: - Sən otur, bizim millətdən gizli söhbətimiz yoxdur. Söhbət Moskvadan gözlənilən xəbərdən başladı, general Azər dedi - «Mən Moskvadan heç bir müsbət xəbər gözləmirəm. Qəvam Moskvanı öz yalan vədi ilə aldatdı, Moskva milli hökuməti qurban verdi. Biz də sərhədləri açıb ölkəni işğalçılara təhvil verdik. Mən, neçə gün qabaq Bağırovla keçirilən görüşə qədər yeni bir fərman olacağına inanırdım, artıq o inam da yox oldu. Mən indi Molla Mustafa Bərzaninin fədailərinin müxtəlif rayonlarda kolxozlarda işləməsinə etiraz edib öz adamlarını Azərbaycandan apardığını gördüm. Biz isə rayonlara paylandıq, əlimizdəki silah külüng və bel ilə əvəz oldu...» (Mən Azərin bu alovlu, etiraz çıxışını dinlədikcə onun Xalxal döyüşündə düşmən güllələrinə məhəl qoymadan həmişə səngərdən çıxıb Fədailər qarşısında öndə getdiyi haqda xəbərləri xatırladım...)
Azəri diqqətlə dinləyən Pişəvəri Pənahiyanın nə deyəcəyini gözləmədən dedi: - «Mən də bilirəm Moskvadan gözlədiyiniz müsbət cavab gəlməyəcək. İndi bütün yollar-izlər qarla örtülüb, yaxşı olar ki, Novruz bayramınacan gözləyək, baharda fədai başçıları və əsgərlərlə yığışıb son qərara gələrik. Atalar sözüdür: «Özü yıxılan ağlamaz». Mən gərək Təbrizdən çıxmayaydım. Döyüşdə ölmək şərəfini də əldən verdik...» S.C.Pişəvərinin hüzurunda o axşamkı söhbət beləcə qurtardı...
Novruz bayramından bir ay sonra xəbər yayıldı ki, Gəncədə və Şəkidə fədai dəstələri yaranıb təlim keçirlər. Ümidimizi doğruldan bu xoş xəbər bütün mühacirlərin sevincinə səbəbə oldu. Hamı vətənə qayıtmaq haqqında düşünürdü.
Ancaq həmişə xoş xəbəri izləyən bir acı xəbər də olur... Bir gün sevincimiziarzularımızı yarıda qoyan, Pişəvərinin ölüm xəbəri hərəmizin qəlbində uzun illər yaşayan bir dərd oldu. Bu ölüm hadisəsinə inanmayanlar daha çox oldu. Çünki hadisənin şərhinə düzülüb qoşulan rəvayətlər heç bir məntiqə əsaslanmırdı...
Rəhbərin vaxtsız, təsadüfən ölümü bütün qəlblərdə doğulan ümidi ümidsizliyə çevirdi. Onun vəfatından sonra fədailər yenə də silahı külüng və bel ilə əvəz etdilər. Sadıq Badeqan sədarət mizində oturdu, vətənə qayıtmaq gündəlik cari işlərlə əvəz olundu. Cəmiyyətdə olan bu susluqdan «anti-partiya», «likvitator» kimi cərəyanlar meydana gəldi. Təbrizdə milli-azadlıq hərəkatında fəal iştirak edən, milli hökumət zamanı firqənin təşkilat işlərinə rəhbərlik eləyən S.Padiqan firqə daxilində başlayan cərəyanın qurbanı oldu. O, «Firqəyə rəhbərlikdə zəiflik göstərdiyi üçün», bu adla sədrlikdən götürüldü, Qulam Yəhya sədr seçildi. Bu dəyişiklik daxili ziddiyyəti daha da artırdı. Əvvəlcə cavanlar «Gənc qvardiya» dəstəsi yaradıb vətənə gedib daxildə mübarizə aparmaq istədilər. Onları vaqonlarla Qazaxıstanın «Çimkənd» vilayətinə göndərdilər. Sonra milli hökumətə köməyə gəlmiş zabitlər Bakını tərk edib Moskvaya getdi. Həsən Nəzəri əvvəl şərqi Berlinə, oradan da qərbi Berlinə getdi. Milli hökumətdə sədr müavini olmuş Cahanşahlu əvvəlcə Moskvaya köçüb, bir müddət orada yaşayandan sonra Fransaya-Paris şəhərinə pənahəndə oldu. Biriya ailəsini Bakıya gətirmək adıyla Təbrizə qayıtmaq istədi, Sibirə göndərdilər. Beləliklə, dəyərli kadrlar sıradan çıxarıldı. Fədailərin başçısı Qulam Gəncə və Şəkidən fədailəri yenidən kolxoz və sovxozlarda işə qaytardı.
İllər keçdi, bir gün Bakıda qəzetlərin birində (qəzetin adı yadımda deyil) Həsən Nəzərinin Almanda çap etdiyi xatirəsindən bir parça çap olundu. Bu məqalədə H.Nəzəri Pişəvərinin ölümü haqqında öz mülahizələrini yazmışdı. Bir çoxları kimi Həsən Nəzəri də xatirəsində Pişəvərinin ölümünü adi hadisə kimi qəbul etmirdi. Pişəvərinin ölümünü adi hadisə etmiyənlərdən biri də Milli hökumətin üzvlərindən, baş nazirin müavini Cahanşahlu o hadisədən sonar Azərbaycanda qalmadı. O, Parisdə olduğu vaxt Qərbi Berlində olan «Azadlıq» radiosuna verdiyi müsahibəsində Milli hökumət və onun fəaliyyəti ilə əlaqədar gördüyü, daha doğrusu iştirakçısı olduğu hadisələri olduğu kimi şərh etdi. Pişəvərinin ölümü ilə əlaqədar öz şəxsi fikrini də söylədi və tarix bir gün bu şübhəli ölümün üzərindən sirrli pərdəni açacağını da dedi. Mən Cahanşahlunun adı çəkilən həmən çıxışını radioda eşidəndən sonra Pişəvərinin ölümü ilə əlaqədar xalq arasında danışılan sözlərin rəvayət yox, həqiqət olduğuna inandım.

* * *
Moskvadan Bakıya gəlib respublikada Bağırovun işlərini yoxlayan, daha doğrusu, onu mühakimə edən komissiyanın iclası indiki Şəhriyar adına klubda gedirdi. Məhkəmə zalına adamlar xüsusi buraxılış vərəqəsi ilə gedə bilirdilər. Mən 2 dəfə həmən məhkəmə iclasında iştirak etdim. Onların birində hakim Bağırova Pişəvərinin ölümü ilə əlaqədar suallar verdi. Bağırov hadisəni o zaman xalq arasında yayıldığı kimi izah etdi. (Pişəvəri Gəncədəki fədailəri yoxlamaq üçün Gəncəyə gedir, səhər ordan Şəkidəki fədailərə baş çəkmək üçün gedərkən onun maşını işə düşmür. Onunla Gəncəyə başqa maşınla gedən Qulam Yəhya ilə Nuri Quliyev onu öz maşınlarına dəvət edirlər. Haman maşın Gəncə Yevlax yolunda qəzaya uğrayır. Qəza zamanı maşında olan 3 nəfər huşunu itirir, Pişəvərinin başı və sinəsi əzilir. Maşında olanlardan ancaq Pişəvəri özünə gələndən sonra yoldan gələn maşını saxlayır, onları Yevlax xəstəxasına çatdırırlar...) Bağırov hadisəni izah edəndən sonra dedi: «Yevlaxdan bu xəbər mənə çatan kimi Yevlağa vertolyot ilə həkim briqadası göndərdim, çox təəssüf ki, Pişəvərini xilas etmək mümkün olmadı. Mən, hətta o qəzanı törədən sürücünü çağırıb onu özüm danışdırdım. Ancaq heç bir şübhə doğuran hal hiss etmədim».
Pişəvərinin ölümündən sonra Gəncədə və Şəkidəki fədai düşərgələri dayandırıldı, Fədailər geri çağırılıb öz adi işlərinə göndərildi. Bu haqda düşünəndə adam belə qərara gəlir ki, bu fədaiyi dəstələri məhz Pişəvərinin təkidi ilə yaradılmışdı. Pişəvəri öldü, düşərgələr də dağıdıldı. Bağırovun ogünkü məhkəmə iclasından yadımda qalan onun 2-3 dəfə «Məni 4 yerə parçalamaq lazımdır» deməsi oldu. Fikirləşəndə ilk növbədə onun ətrafına toplanmış erməni cəlladlarının əli ilə öldürülən vətən oğullarının ölümünə çıxarılan hökmlərə onun imza atması və ya Moskvaya inanması, Azərbaycana, millətə edə biləcəyini etməməsi kimi suallar hər birimizi düşündürür. Məhkəmə son iclasında çıxarılan qərarda Bağırovun «Günahları» sadalanaraq onun güllələnməsini tələb edir (əslində o, Rusiyanın başqa şəhərindəki həbs düşərgəsinə göndərilmişdi).

Balaş Azəroğlu

Bu xəbər oxundu
- - -