Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağa müstəqillik verilməyəcək”

31.03.17, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Ermənistan müstəqil həyatını işğala qurban verdi”

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək".
Bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi: "Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".
Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: "Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".
Prezident bildirib ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə edib. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş verib.
O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq. Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılıb və biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal edib. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlayıblar”.

“Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir”

Azəırbaycan prezidenti deyib: “Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz".
Ali Baş Komandan bildirib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib: "Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir".

“Ermənistan cəmiyyəti təşviş içindədir”

Prezident İlham Əliyev aprel döyüşlərinin Ermənistanın ideoloji əsaslarını dağıtdığını vurğulayıb: “Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”.

“Qondarma qurumunun gələcəyi yoxdur”

Azərbaycan prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün prioritet məsələdir.
Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonun dəyişməsinin vacib olduğunu vurğulayırlar: “Azərbaycan da status-kvonun dəyişməsini istəyir. Bütün bunlar isə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması sayəsində baş tuta bilər Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub, danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.
Prezidentin sözlərinə görə, hər zaman mülki insanları hədəf alan Ermənistan aprel döyüşləri zamanı da eyni taktikadan çıxış edib: “Lakin onlar yanıldılar, heç kim öz evini tərk etmədi. Xalqımız mətin dayandı. Aprel döyüşlərində şəhid olanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Mən yaralı hərbçilərlə görüşü xatırlayıram. Onlar yaralı vəziyyətdə olmalarına baxmayaraq, yenə də sağalıb cəbhə xəttinə getmək arzusunda idilər. Xalqımız vahid amal ətrafında birləşib, bu da ərazi bütövlüyümüzün bərpasına əsaslanır. Qondarma “Dağlıq Qarabağ” qurumunun heç bir gələcəyi yoxdur. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

“Daş-daş üstə qalmazdı”

Prezident İlham Əliyev son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görüldüyünü bildirib. O deyib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.
Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən Ali Baş Komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev silahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.

“Heç bir kənar qüvvə bizə diktə edə bilməz”

Azərbaycan prezidenti deyib, Ermənistan öz müstəqil həyatını işğala qurban verib: “Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil”.
O qeyd edib ki, ermənilər bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər: “Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır. Biz isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildik. Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər”.

“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”

Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək: “Heç bir ölkə bu qondarma qurumu tanımır. Orada bu yaxınlarda keçirilmiş qondarma “referendum” bunu bir daha göstərdi. Bizim bütün qonşu dövlətlərimiz, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri birmənalı şəkildə bəyanatlar vermişlər ki, onlar bu “referendum”u tanımırlar. Bu, o deməkdir ki, Ermənistan və onun rəhbərliyi növbəti dəfə özünü biabır etdi. Hər dəfə orada qondarma “referendum” keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər. Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq”.

Bu xəbər oxundu
- - -