Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əmək və məşğulluq sahəsindəki islahatlar BƏT-lə müzakirə olunub

20.04.17, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdim olunması məqsədilə Azərbaycanda səfərdə olan BƏT mütəxəssisləri Nikolas Studer və Rosalia Vazquez ilə görüş olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin hökm sürdüyü şəraitdə də ölkəmizdə makroiqtisadi sabitliyin və inkişafın davam etməsinə imkan yaratdığını vurğulayıb. İ.İsayev ölkəmizin əmək bazarındakı inkişaf meylləri, həyata keçirilən aktiv əmək bazarı proqramları, özünüməşğulluq imkanlarının artırılması tədbirləri barədə məlumat verib.
Nazir müavini əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlarda BƏT-in ratifikasiya olunmuş sənədlərindən irəli gələn prinsiplərin diqqətdə saxlandığını, həmçinin təşkilatın 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının önəmini qeyd edib. O, hesabatda əmək haqqı sahəsində dünya ölkələrində mövcud olan təcrübə və yanaşmalar, yeni meyllər, əmək haqqının real dəyərinin necə dəyişdiyi barədə məlumat və təhlillərin, obyektiv qiymətləndirmələrin ölkəmizdə müvafiq sahədə siyasətin təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb: “Əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması istiqamətində son illərdə sistemli tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər ölkənin iqtisadi artımı şəraitində əhali gəlirlərinin də mütəmadi artımına imkan verib. Bu dinamikanın davamı kimi, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 7,5 faiz artıb. Həmin gəlirlərin bir hissəsi də əmək haqqı gəlirlərindən ibarətdir və bu sahədə də müsbət dinamika ildən-ilə davam edir. Son on il ərzində respublikamızda minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, orta aylıq əməkhaqqı 3,3 dəfə artıb. O cümlədən keçən il orta aylıq əmək haqqında artım keçən il 6,9 faiz təşkil edib. Minimum əmək haqqının vaxtaşırı olaraq artırılması təmin edilir və bu sahədə növbəti addım kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə cari ilin əvvəlindən minimum əmək haqqı 10,5 faiz artırılaraq 116 manata çatdırılıb”.
İ.İsayev ölkəmizdə dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsinin, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə əlaqəli olmayan amillərə görə işçinin əmək haqqı məbləğinin azaldılmasının qanunla qadağan edildiyini bildirib. Əhalinin gəlirlərində əmək haqqının rolunu diqqətə çatdıran nazir müavini layiqli əməyin təmin olunması yönündə aparılan işlərin bir istiqamətinin də məhz qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınmasına yönəldiyini vurğulayıb. BƏT mütəxəssisləri Azərbaycanda əmək və məşğulluq sahəsində həyata keçirilən islahatların BƏT tərəfindən həmişə rəğbətlə qarşılandığını, birgə əməkdaşlıq əlaqələrinin davam etməsindən məmnun olduqlarını vurğulayıblar. Görüşdə BƏT-in 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatında əksini tapan məsələlər, ölkəmizdə əmək haqqı siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)