Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Turizm sahəsində öz reputasiyamızı möhkəmləndirməliyik”

21.04.17, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nazim Səmədov: “Azərbaycanda turist orta hesabla 700 dollar xərcləyir”

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun APA-ya müsahibəsi (ixtisarla)
- Bakı Şopinq Festivalında işlər necə gedir? Bir neçə gün ötməsinə baxmayaraq, gözlədiyiniz nəticənin işartıları varmı?
- Festival öz işini uğurla davam etdirir. Aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən geri qaytarılıb. Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5 milyon manat artıb. Festivala hər keçən gün marağın daha da artdığını görmək mümkündür. Düşünürəm ki, 2 aya yaxın çəkən hazırlıq işlərinin nəticəsi olaraq, bütün prosedurlar yüksək səviyyədə təşkil edilib.
- Azərbaycanda turizm daha çox mövsümü xarakter daşıyır. Turizm sahəsinin daimi olmasını təmin etmək üçün hansı addımlar atılır?
- Turizm sahəsində qlobal səviyyədə müşahidə edilən problemlərdən biri onun mövsümü xarakter daşımasıdır. Bu problem turizm potensialından və inkişaf səviyyəsindən asılı olmayaraq, əksər turizm məkanlarında müşahidə olunur. Hətta bəzilərinin ən böyük problemlərindən biri olaraq qalmaqdadır. Təbii ki, mövsümilik probleminin qarşısının alınması məqsədilə müxtəlif ölkələrin təcrübələri var. Bu sahədə aparılmalı olan ən uğurlu islahatlara turizm məhsullarının diversifikasiyasının təmin edilməsi nümunə ola bilər. Ölkəmizdə turizm sahəsinin mövsümiliyinin qarşısının alınması məqsədilə turizm məhsullarının diversifikasiyası siyasəti artıq bir neçə ildir başlayıb və fikrimcə, öz müsbət nəticələrini verməyə başlayıb. Bu islahatlara misal olaraq, ölkədə mədəni turizm, sağlamlıq turizmi və işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə görülmüş işləri göstərə bilərik. Təcrübə də göstərir ki, sadalanan turizm növlərinin kompleks şəkildə inkişaf etdirilməsi turizm məkanlarına mövsümündən asılı olmayaraq xüsusi seqment turistlərin cəlb edilməsinə şərait yaradır. Ölkədə həm çimərlik, həm də qış turizminin inkişafı üçün imkanlar yaradılıb ki, bu da öz növbəsində ilin istənilən dövründə ölkəmizi turistlər üçün cəlbedici edib. Son illər ərzində Şahdağ və Tufandağ kimi qış-xizək komplekslərinin fəaliyyətə başlaması, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair “Strateji Yol Xəritəsi”ndə bütün turizm növlərinin inkişafı ilə bağlı müddəaların mövcudluğu, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın ölkə başçısı tərəfindən təsdiq edilməsi, ölkəmizin müxtəlif tip beynəlxalq tədbirlərə ev sahibliyi etmə planları və s. turizm mövsümiliyi probleminin aradan qaldırılması istiqamətində atılan addımların əyani sübutudur.
- Otellərdə nikah haqqında şəhadətnamə ilə bağlı müəmma hələ də davam edir. Qanunla bu qadağan olsa da, otellər şəhadətnamə tələb edir...
- Qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur. Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir. Bu məlumatlar mehmanxanada gecələmək üçün kifayət edir.
- İctimai rəydə Gürcüstanın turizm sahəsi bütün parametrlərə görə bizdən daha populyardır. Bizim ölkədə xidmətlərlə bağlı iradlar çox səslənir. Sizə də bu barədə deyənlər olurmu?
- Qonşu Gürcüstan xüsusilə son illər ərzində turizm sahəsinin inkişaf tempinə görə seçilməyə başlayıb. Təbii ki, burada söhbət hər şeydən əvvəl ölkəni ziyarət edən xarici vətəndaşların sayında baş verən artımdan gedir. Bu, bir neçə faktorla birbaşa əlaqəlidir. Bilirsiniz ki, ABŞ, Kanada və Avropa İttifaqı ölkələri də daxil olmaqla, 100-ə yaxın ölkənin vətəndaşları Gürcüstanı vizasız ziyarət etmək imkanına malikdir. Bununla yanaşı, qonşu ölkəyə aşağı büdcəli aviaşirkətlər tərəfindən təşkil edilən uçuşların sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Məlumat üçün deyim ki, Dünya İqtisadi Forumunun 2017-ci il üçün tərtib etdiyi ”Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan Gürcüstanı 6 müxtəlif göstərici üzrə qabaqlayır.
Digər tərəfdən, qonşu ölkəni ziyarət edən xarici turistlərin sayı ölkəmizi ziyarət edənlərin sayından artıq olmasına baxmayaraq, Azərbaycandakı turizm dövriyyəsi və bu sahədə əldə edilən gəlir Gürcüstandan daha çoxdur. Ölkəmizdəki xidmət səviyyəsinə gəldikdə, etiraf etməliyik ki, xidmət sahəsindəki mövcud vəziyyət bizi tam qane etmir. Bu sahədə müşahidə edilən problemlərin aradan qaldırılması məqsədilə bir sıra işlər görülüb. Bu işlərə misal olaraq, xidmət keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə xarici və yerli ekspertlərin iştirakı ilə təlimlərin təşkil edilməsi, Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyətinin təkmilləşdirilməsini və s. göstərə bilərik.
- Tez-tez belə fikirlər səslənir ki, Azərbaycana gələn turistlərin məlumatsızlığından istifadə edib qiymətləri iki dəfə baha deyirlər. Bu, taksi xidmətindən tutmuş, suvenir mağazalarına qədər, müxtəlif sahələrə aiddir. Bu kimi faktlar turistlərdə ölkə və onun vətəndaşları haqqında mənfi fikir formalaşdırır.
- Bilirsiniz, bu haqda rəsmi şikayətlər bizə daxil olmayıb. Amma eşidirik ki, belə faktlar var. Məsələn, taksi sürücüləri arasında, regionlardakı restoranlarda belə hallarla qarşılaşanlar olub, bir-birinə danışıblar. Əgər nazirlik olaraq bizə müraciət edən olsa, biz araşdırarıq. Bu hallara qəti şəkildə yol vermək olmaz. Çünki Azərbaycan turizmi bir ilə, bir dəfəyə hesablanmır. İndiki turist axını aparılan ciddi işlər nəticəsidir. Bunu qorumalıyıq. Biz birinci və axırıncı dəfə gələn turistlər qəbul etməməliyik, onlar qayıdan turistlər olmalıdırlar. Ona görə də dəfələrlə rəsmi tədbirlər zamanı sənaye nümayəndələrini dəvət edirik ki, bu sahədə ədalətli mühit olsun. Təbii ki, hamı istəyir daha çox pul qazansın. Başa düşməliyik ki, rahat qazanılan manatın dalınca qaçmasaq, uzaqgörənlik etsək, daha çox udacağıq.
- Bakıdakı otellərdə çarpayı sayları turist axını üçün yetərlidirmi?
- Keçən il ərzində keçirilən islahatlar və cənab prezidentin verdiyi tapşırıqlar, o cümlədən dövlət qurumları tərəfindən aparılan işlər ona gətirib çıxardı ki, turist axını artdı. Əgər keçən ilin əvvəlində biz otellərdə turistlərin çatışmazlığından danışırdıqsa, indi isə otellərdə bütün seqmentlər üzrə yer çatışmazlığı hiss olunur. Beşulduzlu otellərin illik dolum səviyyəsi 30 faizə çatmırdı. İndi isə 50 faizdən yuxarıdır. Yay aylarında isə yüz faiz tutulma müşahidə olunur. Körfəz ölkələrindən gələn turistlər daha çox beşulduzlu seqmentə üstünlük verirlər.
- Qiymət məsələsində Azərbaycanın turizm sektorunun reputasiyası nəyə görə “bahalı ölkə” kimi formalaşmışdı?
- Bütün ölkələrin turizm sahəsində formalaşan imicinin səbəbi var. Bu, hansısa tarixi qərarın, geostrateji mövqeyin nəticəsidir. Bilirsiniz ki, SSRİ vaxtında hər respublikanın əsas iqtisadiyyat növü olub. Azərbaycanda daha çox neft sənayesinə fikir verilirdi. Bu sahədə biz nüfuz qazanmışıq, neftdən qazanılan gəlirlər tez bir zamanda ölkədə infrastrukturun təkmilləşdirməsinə imkan verdi. Məsələn, Gürcüstanda neft yoxdur. Orada SSRİ vaxtından turizmə önəm verilirdi. Belə deyək, onların neft sənayesi elə turizm olub. Amma görürsünüz, vəziyyət dəyişir, neftin qiyməti düşür və iqtisadiyyat ona uyğunlaşmalıdır. Ona görə də cənab prezident geniş tərkibli islahatlara start verdi, turizmin bütün sahələri üçün öz göstərişlərini verdi, köməkliyini, dəstəyini göstərdi. Təbii ki, infrastruktur və neft ölkəsi olaraq qiymətlər bizdə yüksək olub. Bu, iqtisadi proseslərin nəticəsidir. İndi isə biz başqa reallıqda yaşayırıq. İndi qeyri-neft sektoru daha vacibdir. Neftin qiyməti qalxsa da, biz bu yolla getməliyik, dönüş yoxdur. Ölkəmizin imicini menecment və keyfiyyət baxımından artırmalı, turizm sahəsində öz reputasiyamızı möhkəmləndirməliyik.
- Ölkədə bir qisim insanlar var ki, Azərbaycana ərəblərin gəlməsindən narahat olurlar. Bunu siz də müşahidə etmisinizmi?
- Bilirsiniz, bu, dünyada gedən proseslərə görə formalaşan stereotipdir. Məsələn, bu stereotip artıq Avropada möhkəmlənib. Suriyada, İraqda olan müharibə, qaçqınların kütləvi axını Avropada əks reaksiya verir. Bizim cəmiyyətdə hələlik bu problem yoxdur. Bizə nə qaçqınlar gəlib, nə də hansısa terror aktı törədilib. Sağ olsun bizim təhlükəsizlik orqanlarımız, bu vəziyyəti nəzarət altında saxlayırlar. Sizə deyim ki, turist axını üçün təhlükəsizlik ən böyük stimuldur. Turistlər öz ölkələrində tapmadığı təhlükəsizlik şəraitini Azərbaycanda tapırlar. Biz bunu mütləq qorumalıyıq. Azərbaycan təhlükəsiz ölkə, Bakı təhlükəsiz şəhərdir. İnsanlar bunu görüb, Azərbaycan üz tuturlar. Bizim cəmiyyətimizin üzvləri mediadan terror aktlarını, Avropa ölkələrinin əks reaksiyasını görüb ehtiyatlı olmağa başlayırlar. Bu, insanın özünüqoruma amillərindən irəli gələn reaksiyadır. Düşünürəm, bir müddət keçməlidir və insanlarda fikir formalaşmalıdır ki, burada təhlükə yoxdur, gələnlər terror aktı törətmək, yaxud narahatlıq yaratmaq üçün gəlmirlər. Əksinə, onlar bizdə olan şəraiti görüb gəlirlər. Bununla fəxr etməliyik. Sadəcə, bu axına cəmiyyətin uyğunlaşması lazımdır. Kütləvi turizmə keçid edən ölkələrin hamısında belə problemlər müşahidə olunub. Bu, normal prosesdir.
- Azərbaycanda bir turistin xərcləyəcəyi pulun arzuolunan məbləği nə qədərdir?
- Keçən ilin təhlilləri onu göstərdi ki, Azərbaycanda turist orta hesabla 700 dollar xərcləyir. Bura varlı turisti də daxildir, rükzak tipli çantada gələn turist də.
- Yəni beşulduzlu oteldə qalan varlı ərəb və pulu hostelə çatan aztəminatlı turist...
- Bəli. Bu məbləğə aviabilet, oteldə qalma, yemək, alış-veriş daxildir. Orta hesabla turistlər bizdə 3-4 gün qalırlar.
- Dediniz, Azərbaycanda 40-a yaxın hostel var. Oradakı qiymətlər haqqında məlumatınız var?
- Var. Qiymətlər 8 manatdan 15-20 manata qədər dəyişir. Bu, çarpayıpuludur.

Bu xəbər oxundu
- - -