Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SOCAR istiqrazlarına kütləvi tələbat kəskin artıb

21.04.17, 13:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına tələbat kəskin artıb. SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeykeri olan "PSG Kapital" investisiya şirkətindən bildirilib ki, aprelin 18-21-i tarixlərində xüsusən fiziki şəxslər tərəfindən istiqrazların alışı üçün çoxsaylı müraciətlər daxil olub və bu proses davam etməkdədir. Nəticədə, dörd gün ərzində investisiya şirkətləri təkcə fiziki şəxslərə 796 min dollarlıq istiqraz satışı həyata keçiriblər. Marketmeyker bildirir ki, istiqrazların alınması üçün sifarişlərin həcmi də müxtəlifdir: "Bəzi fiziki şəxslər 2-3, hətta 1 istiqraz almaq üçün sifariş versələr də, digər sifarişlərin həcmi 100-150 və 200-dən çox olub".
İstiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 72 milyon dollara çatıb. Yanvarın 17-də baş tutan ilk faiz ödənişindən sonra, təkrar bazarda istiqrazların satış qiyməti müəyyən müddət ərzində 1000-1001 dollara ensə də, ikinci faiz ödənişindən sonra qiymətlər 1003-1005 dollar ətrafında sabitləşib. Başqa sözlə, bazarda istiqrazlara tələbat böyük olduğundan, onların qiymətləri də daha yüksək səviyyədə qalıb. Buna baxmayaraq, istiqrazlara tələbat əvvəlkindən daha yüksəkdir.
SOCAR istiqrazlarının faiz ödəniş ərəfəsindəki qiymətləri də kəskin artmışdı. Faiz ödənişinə bir neçə gün qalmış istiqrazların təkrar bazardakı qiyməti 1013-1014 dollara qalxmışdı ki, bu da son aylar müşahidə olunan ən yüksək göstəricidir. Ümumilikdə isə təkrar bazarda SOCAR istiqrazlarının indiyədək ən yüksək satış qiyməti 1024 dollar təşkil edib. Fond bazarı üzrə ekspertlər bildirir ki, istiqrazlara tələbatın və qiyməti belə artmasının səbəbi növbəti faiz ödənişinin həyata keçirilməsi və investorlar tərəfindən SOCAR İstiqrazlarının üstünlüklərinin qiymətləndirilməsidir.
Xatırladaq ki, SOCAR İstiqrazları üzrə növbəti – ikinci faiz ödənişi aprelin 17-də baş tutub. Ödəniş çərçivəsində hər bir istiqraza görə 12,5 dollar olmaqla, istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar ödənilib. İstiqrazlar üzrə ilk faiz ödənişi isə yanvarın 17-də həyata keçirilmişdi. SOCAR istiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR istiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Birinci faiz ödənişi yanvar ayının 17-də, ikinci ödəniş isə aprelin 17-də həyata keçirilib. 2017-ci il ərzində SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri iyulun 17-si və oktyabrın 17-si tarixlərində baş tutacaq. SOCAR istiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərinə müraciət etmək lazımdır.

Bu xəbər oxundu
- - -