Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarı qızdan Sarı gəlinə...

14.07.17, 10:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Sarı gəlin” mahnısı ilə bağlı araşdırma

1-ci yazı
Dünya xalqlarının ictimai-siyasi, mədəni həyatında son dövrlər genetik-etnik milli dəyərlərə geniş maraq göstərilmə hər kəs tərəfindən bilinən gerçəklikdir. Buna səbəb olan əsaslardan biri də müasir dövrdə hər sahədə yeni yüksək inkişaf dövrünə keçmə ilə, kürəsəlləşmə, mədəniyyətlər arası yaxınlaşmayla bərabər, qədim milli- etnik dəyərlərin yaratdığı özünü müdafiə instinktinin oyanmasıdır. Dünya tarixinə hər sahədə güclü təsir etmiş qabaqcıl mədəniyyətlərdən biri olan türk ictimai-mədəni həyatında da həmin oyanış baş qaldırıb. Bu cəhətdən mifoloji görüşlər, inanclar, epik yaradıcılıq, örf-adətlər, yaşayış tərzi, qidalanma mədəniyyəti və s., o cümlədən xalq mahnıları keşmiş maddi-mədəni, mənəvi-ruh dayaqlarını qorumağına, bu günlə gələcəyi bağlamağına görə əvəzolunmaz xüsusi əhəmiyyətə malikdir. Həmin yanaşma ilə baxdıqda son illər beynəlxalq musiqi aləmində Azərbaycan, Ərzurum yörəsinə aid qədim türk mahnısı “Sarı gəlin” ətrafında gedən ciddi mübahisələr təsadüfi hal sayılmamalıdır. Yazıda bu aktual məsələyə genetik başlanğıc, arxetip mənşə istiqamətində aydınlıq gətirilir. Xalq arasında mahnının yaranması müxtəlif rəvayətlərlə, hadisələrlə əlaqələndirilir. Burada ilk dəfə həmin məsələyə daha qədim əsaslardan - Ural-Altay xalqlarının qədim mofoloji görüşləri, inancları, epik ənənə xüsusiyyətləri cəhətdən yanaşılır. Ural-altay xalqlarının: monqol-mancur, fin-macar, türklərin və s. qədim köklü ortaq mifoloji inanclarında tanrıya yaxın göyün hami ruhlarının oğlan, qız övladları “xatalar”ın münasibətlərinin epik ənənədə tədricən dastan qəhrəmanlarının həyatına çevrilməsi prosesi aydınlaşdırılır. Buradan, dastançılıq dövründən sonra da həmin inkişafın daha sadə həyati səviyyəyə enməsi məsələsi əsaslandırılır. Xalqın mədəni-mənəvi həyatında mifoloji ruhun zəifləməsinin keçdiyi mərhələlər izah olunur. Eyni cəhətdən müxtəlif təbiət varlıqlarının: dağ, yer, su, meşə “əyə”lərinin (“əzi”lər) mifopoetikadan, dastanşılıq ənənəsindən qədim xalq mahnılarının sevimli surətlərinə, motivinə çevrilməsi izah olunur. Həmin yanaşmayla monqol, türk, tibet xalqlarının qədim ortaq qəhrəmanlıq dastanı “Qeser”də baş qəhrəman Qeserin çətin anlarda köməyə çağırdığı göydəki “üç xilaskar bacı”sı, altayların inanclarında göy sakini qızların - “üç çımay”ın da xalq yaddaşında aldıqları yeni statusları göstərilir. Monqol mifologiyasında göydə yaşayan pəri qızların - “daqnisa”ların da mifopoetikada tutduğu yeri, əhəmiyyəti araşdırmaya cəlb olunur. Həm də Bakıda “ Qız qalas”ı məbədinin arxitekturasının, onun ətrafında yaranmış əfsanənin də həmin inanclarla bağlılığı izah olunur. Bir-biri ilə mifoloji görüşlər, inanclar cəhətdən ayrılmaz bağları olan yuxarıda qeyd edilən qavrayış-konstruksiyalara türk, monqol mifologiyasında özünü daha aydın göstərən dağ əyəsi surəti, xeyirxah gözəl Sarı qız da daxildir. Bütün bunlar öz başlanğıcını monqol-türk mifologiyasında tanrıya yaxın göyün xeyirxah hami ruhlarının qız övladlarının “xatalar”ın yerə xeyirxahlıq, əmin-amanlıq yaratmaq üçün göndərilmə motivindən alır. Uzun tarixi zaman ərzində tədricən xeyixah hami ruhlar mifoloji görüşlərin zəifləməsi, demifologizasiya nəticəsində xalq yaddaşında mahiyyətcə fərqli oxşar səviyyələrə enir. Belə çevrimələrdən biri də məşhur xalq mahnısı “Sarı gəlin”in yaranması ilə nəticələnir.
Ural-Altay: monqol, türk, fin- macar və s. xalqların mifoloji görüşlərində ilk qadın mənşəli hami ruhun varlığını, onlarda kosmik dünya modelini yığcam halda cəmləşdirən altay “Yaradılış” dastanında iştirak edən Ak Ana surətində görmək olar. Göyün sahibi tanrı Kayra xandan ( Ülgen ), sakini ilk insan Ərlikdən fərqli olaraq, yerdə, okeanda yaşayan Ak Ana həyatın, bütün gözəlliklərin, yeniləşmənin başlanğıcını rəmzləşdirir. Mifologiyada Ak Ana özünü qoruyucu ruh, ulu varlıq, mələk xüsusiyyətində göstərir. İşıqdan yoğrulan həmin surət altay inanclarına görə tanrı Ülgenə yaratma qüdrəti, ilhamı verib. Yerdə okean üzrində yaşayan Ak Ana ilə göydə Kayra xan (Ülgen) arasındakı bu münasibət eyni cəhətdən qədim çinlilərin , şumerlərin An, İn (Ki) dünyabaxışıyla, fəlsəfəsiylə uyğunluq təşkil edir. Ak Ana (şaqaylarda “Uluğ Ax İne”) ilə şumer tanrıçası İnanna arasında digər genetik – tipoloji yaxınlıq onların hər ikisinin də təbiətin yaradıcısı olmaları cəhətdəndir. Ügenenlə Ərlikdən, Anla Enlildən fərqli olaraq aşağı, yer dünyasına aiddirlər . Qədim çinlilərdə, ural-altaylarda, şumerlərdə göyün kişi, yerin qadın qəbul edilməsi təsəvvürünə görə bütün varlıqlar dünyası yaranır. Dastan düşüncəsiylə qəbul edilsə, onlar arasındakı sevgi yaranışın ilk başlanğıcı sayılır. Türk mifologiyasının əsas hami ruhlarından Ülqenlə Umay (Humay) arasındakı münasibətlər sonra yaranan mifoloji görüşlərin, inancların əsasında durur. Xakaslar bütün insanların onlardan yarandığına inanırlar. Ak Anadan (Umay) sonra ural-altay xalqlarının mifologiyasında, inanclarında yaranmış qadın mənşəli hami ruhlar, surətlər, varlıqlar müsbət, mənfi xüsusiyyətindən asılı olmayaraq ondan ayrılmış törəmələrdir. Türk mifologiyasında Ak Anadan törəyən qadın mənşəli çoxşaxəli xüsusiyyələrə malik əsas hami ruhlardan biri də Umay ana surətidir. Mifoloji görüşlərin ətraf mühitin təsirinə, təbiət hadisələrinə uyğun olaraq yaranıb şəkilləşməsi, təkamülü uzun tarixi zaman ərzində müxtəlif coğrafi, tarixi, siyasi-mədəni səbəblərə görə fərqli müsbət-mənfi çalarlar alır. Hər hansı bir xüsisiyyətə malik ruh anlayışı sonra tamamilə əks mənalı hala düşür. Umay ana (Humay) Sibir, Orta Asiya türk xalqlqrının arxeoloji, etnoqrafik məlumatlarında ağ, qızılı saçlı, donlu, antropomorfik görünüşlü, quş cilidində, qanaqdlı qadın, mələk şəklində təsvir olunur. Şaqay türklərinin inanclarında onun yaşadığı məkan dünyanın mərkəzi sayılan “Şumeri dağı” qəbul olunur. Həmin cəhətlərdən Umy ana dağ əyəsi Sarı qıza təsir edib. Umay ananın uzun qızılı saçlı, ağ donlu, mələk görünüşlü, ruhlu təsvir olunması artıq onun müqəddəs ruhla yanaşı, gözəllik rəmzi olmasını təsdiqləyir. Sarı qızın, “Sarı gəlin”in təsvirlərində eyni gözəllik incəliklərini müəyyənləşdirmək mümkündür.
Teleutların inanclarına görə, gümüşü saçlı gənc gözəl qadın Umay ana göy qurşağı boyunca yerə enir, əlindəki yayla uşaqları onların sağlamlığına, həyatına təhlükə yaradacaq acıqlı ruhlardan qoruyur. Türk mifolgiyasında qadın mənşəli əsas böyük hami ruhlara Ulu Yer Ana surəti də daxildir. Həyatın yaranmasını, başlanğıcını rəmzləşdirən həmin surət çox zaman dağ kultuyla da eyniləşdirilir. Türk, monqol mifologiyasında Ötügen (Etügen ) yer ruhu da Yer Ana surətinin fərqli adıdır. Ural-altay xalqlarının mifoloji görüşlərində təbiətə aid yer, dağ, su, ağac və s. sahələrin qoruyucu ruhları olan əyələr (yiyə, iyə, izi, egi ) gözəgörünməz qadın mənşəli mələk, pəri surətindədirlər. Monqol-buryat mifologiyasında təbiət hadisələrinin sahibləri ruhların ezi, ezin adlanması ilə cin, əcinnə arasında uyğunluqlar var. Həmin cəhətdən türk, monqol xalqlarının inanclarında müxtəlif xüsisiyyətlərə malik olan Sarı qız surəti onlardan bəzi hallarda daha yüksək səviyyədə durur.
Monqol, türk şamançılıq mifologiyasında göyün sakiləri sayılan tanrılaşmış hami ruhların qız, oğlan övladları “xata”lar epik ənənədə tədricən dastan qəhrəmanlarına çevrilirlər. Yerdə insanlar arasında əmin-amanlıq yaratmaq üçün göndərilən həmin hami ruhlar, qəhrəmanlar həm də çox zaman dağın övladları da sayılırdılar.
Sarı qız mifoloji surətinin türk inanclarında tutduğu yer, daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə, həcmdə yetərli qədər araşdırılıb. Sarı qız türk, monqol mifologiyasında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində “Taqnınq ezi Sarı kıs” - “Dağ əyəsi Sarı qız” şəklində rastlanır. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılıb, qazax, qırğız, başqırdlarda Sarı qız surətində ruhun varlığına inanılıb.
Qədim türk inanclarından başlanğıc alan Sarı qız surəti Anadolu taxtacı türkmənləri arasında çox sayda əfsanələrin yaranmasına səbəb olub. Türkmənlərin inancına görə onun qəbri Qaz dağın zirvəsindədir. Sarı qızın meşənin əyəsi, qoruyucu ruhu olmasına inanılır. Anadoluda, Afyon-Qarahisarda, Mudurnunun Gəncək kəndi yxınlığında Sarı qız adlı qaya, Təkirdağda eyni adlı pir xalqın sitayiş yerlərindəndir.
Qafqaz türklərindən noqayların inanclarında Sarı qız mifoloji surəti özünə xüsusi yer tutur. Özbəklərin inanclarına görə, kimə Sarı qız toxunarsa, həmin adam əsl şaman olar. Orta Asiya türklərinin ənənəvi inanclarında Sarı qız dağ ruhu olduğu qədər yarğanların ,suya yaxın yerlərin əyələri sayılırlar. Şamanlar onlara vergi verilməsini birbaşa Sarı qızın ruhuyla bağlayırlar.
Sibir tatarlarının inanclarında həmin mifoloji surət Sarıçaç (Sarısaç) adlanır. Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat verən Bəha Səid bəy 1926-cı ildə çıxmış “Türk yurdu” dərgisindəki yazısında həmin mövzunun süjetinin “Çin türkləri ilə monqolların məzhəti olan Lama məzhəbi buddizmdən” gəldiyini və buradan İsmaili etiqadına keçdiyini göstərir. Bəha Səid bəy Sarı qızla “türklərin milli tipi olan Alanqova” arasında da paralellər aparır. Burada xüsusilə vurğulamaq olardı ki, monqol, türk, tibet xalqlarının ortaq qəhrəmanlıq dastanı “Qeser” in bəzi mətnlərində baş qəhrəmanın özü kimi göydən enmiş sevimli qadını Alanqoa adlanır. XIII-XIV əsrə aid “Çinğiznamə”də Çingiz xanın (Temuçinin) anası Börtəçinə də Alanqoa adıyla qeyd edilir. Mifologiyada Alanqoa həm də bütün monqolların ümumi əcdadı sayılır. Həmin incəliyin hazırkı məqalədə qaldırılmış məsələnin açılmasında xüsusi əhəmiyyəti var. Dastançılıq dövründə mifoloji təbəqənin zəifləməsinə görə xalq ruhu dastan qəhrəmanını qadın mənşəli hami ruhla evləndirir. Daha sonrakı dövrlərdə epik ənənin sönməyə başlamasıyla belə vəziyyət adi hal alır. Yəni mifoloji ruh tam itirildikdə xalq yaddaşı şüuraltı səviyyədə keçmiş ideallarını öz gündəlik tələblərinə uyğunlaşdırır. Belə inkişaf xalqın ictimai-siyasi, mədəni-mənəvi həyatında da eyni mərhələlərdən keçir. Həm də həmin inkişaf iki əks səviyyədə gedirdi. Misal üçün, ural-altay xalqlarının yaratdığı imperiyaların başçıları tarixi şəxsiyyətlər olduqları halda öz nəsil şəcərələrinin başlanğıcını mifik əcdadlara qədər aparırdılar. Əks cəhətdən mifoloji anlayışlar gerçəkliyə doğru zəifləyirdi.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -