Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sarı qızdan Sarı gəlinə...

17.07.17, 9:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Sarı gəlin” mahnısı ilə bağlı araşdırma

2-ci yazı
Qədim monqol, türk, fin-macar xalqlarının dövləti idarə etmə quruluşunda xaqanların, xanların adlarının yanında tanrıya yaxın müqəddəs ruh anlayışları: “baqa”,”boyla”, “buqu”,”bek” və s. dərəcələri işlənirdi. Bunlardan “bek”, “bəy “anlayışı kut dərəcəsindən zaman ərzində tədricən “bəylərbəyi-vali”, “bəy”-xalq arasında nüfuzlu şəxs, hörmət mənasında müraciət səviyyəsinə enərək öz əvvəlki əhəmiyyətini zəflədib. Qadın mənşəli hami ruhlar cəhətdən eyni nkişaf mərhələləri Ak Ana, Umay, Sarı qız, “Sarı gəlin” ardıcıllığında da davam edib. Yəni Ak Anadakı mifoloji ruh “Sarı gəlin”də tədricən yox olub. Burada ikinci incəlik də “Sarı gəlin” mahnısının mətnindən aydınlaşır. Mətndə aşiq sevgilisinə “Səni mənə verməzlər...” deyir. Burada əsl məhəbbət zamanı yaranan paklıqla, saflaşmayla, gücsüzlüklə yanaşı şüuraltı səviyyədə artıq türklərin genində kodlaşmış mifoloji hami surət Sarı qızın müqəddəs ruhunun toxunulmazlığına da işarə edilir.
Dağ əyəsi, ruhu Sarı qızla türk mifoloji surətlərindən pərilərin (gözəgörünməz gözəl qızların) əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik var. Qədim çinlilərin, ural-altayların, şumerlərin mifoloji görüşlərində göyün kişi,yerin qadın ruhlu qəbul edilməsinə baxmayaraq, türk,monqol inanclarında “göyün övladları” “xatalar”la birgə yaşayan pəri qızlar-“daqnisa”lar surəti də mövcud idi. Qars, Ağbaba, Borçalı bölgəsində geniş yayılmış Pərnisə qadın adı həmin anlayışdan təsirlənib. Pərnisə adı digər bir tərəfdən pəri qıza, dağ qızına (daqnisa), əcdad “Törəyiş”də börüyə (şena), dişi qurda yaranan xeyirxah, sevgi münasibətindən törəyib.
Sarı qız surəti bütün türk xalqlarının miffologiyasında, inanclarında yeri olan hami ruhlardandır. Onun yerüstü, yaxud yeraltı dünyada öz varlığını göstərməsi daşıdığı əhəmiyyətini itirmir. Ural-altay xalqlarının qədim ortaq mifoloji görüşlərinə görə hər üç dünya : göy, yerüstü, yeraltı qarşılıqlı əlaqədə bir bütöv halda qəbul olunduğuna görə belə yerdəyişmələr həmişə olub. Buna görə digər mifoloji varlıqlar, surətlər, əyə ruhlar kimi Sarı qızın fərqli, əks xüsusiyyətlərə malik olması qeyri-adi görünməməlidir. Ehtiyac olmadığı üçün bunlara münasibət bildirilmir. Bir az yuxarıda qeyd edilənlərdən belə nəticə çıxarmaq olar, ural-altayların dünyabaxışlarında üçqatlı dünya quruluşu mahiyyətcə fərqli istiqamətdə: qadın mənşəli hami ruh, dastan qəhrəmanının butası, mahnıda aşiqin sevgilisi səviyyəsinədək inkişaf edib. Yəni xalqın ruhunda üçqatlı dünya təsəvvürünə bənzər üçqatlı sevgi anlayışı da yaranıb.
Yuxarıda verilmiş məlumatlarda Sarı qız surəti əsasən daşıdığı mifoloji, inanc əsaslarına görə incələnib. Araşdırmada Sarı qız surətinin sonrakı dövrlərdə öz mifoloji yükündən arınması, yeni xüsisiyyət aldığı zaman keçdiyi inkişaf mərhələləri irəli çəkilir. Qadın mənşəli hami ruhlar qədim dövrdə insanlar üçün inanc məqsədi ilə yardım, güc almaq mərkəzi, öz taleyini zərərli güclərdən qorumaq üçün sığınacaq yeri sayılırdı. Həmin inanc baxışı xalq ruhu tərəfindən sevimli dastan qıhrəmanları üçün də yaradılırdı. Altay şamanları ayin zamanı kömək üçün Ulgenin bir-biri¬nə oxşar “üç çimay”qızına müraciət edirdilər. Eyni mifoloji birlik Qeserin çətin anlarda “üç xilaskar bacı”sına müraciət etməsində qorunur.
Türk xalqlarında yeni ilin, Novruzun başlanğıcının üç hissəyə Böyük, Kiçik, Boz Çillələrə bölünməsi və çillələrin üç bacı kimi qəbul olunması da həmin düşüncəylə bağlıdır. Dərk edildiyi kimi ,tanrıdan sonra bütün müqəddəslik, gözəllik anlayışları qadın mənşəli hami ruhlarla əlaqələndirilir. Bütün bunlardan fərqli olaraq, burada onların daha çox transformasiya nəticəsində tədricən ilham, gözəllik, sevgi mənbəyinə keçdiyi yol araşdırılır.
Bu cür transformasiya – tarixi zaman ərzində mifoloji surətin fərqli səviyyəli hala düşməsi, tipoloji, genetik cəhətdən dünya xalqlarının mifologiyasında, inanclarında, maddi-mədəni, mənəvi-ruh aləmində özünü həmişə göstərib. Hər hansı bir hami ruh, mifoloji surət, varlıq eyni genetik-etnik mədəniyyətin mifologiyasının qədim dövrlərində qazandığı əsas xüsusiyyətini sonrakı hyatında itirə bilir. Belə hal öz qapalı dünyasında gedən təbii inkişafa, tarixi-coğrafi, siyasi-mədəni səbəblərə görə yaranır. Həm də fərqli, əks çalarlar alır. Məsələn, türk mifologiyasında, altay “Yaradılış “ dastanında ilk insan surəti Ərlik göy, yerüstü dünyalara aid olduğu halda sonrakı dövrlərdə yeraltı aləmin mənfi ruhlu varlığına çevrilir. Bir-çox hami ruhların başlanğıc götürdüyü Umay ana surəti bütün müsbət keyfiyyətlərinə, uşaqları qoruyan yaxşı ruh olmasına baxmayaraq bəzən “Ölüm mələyi” (“Umay enezi”), ölünün ruhunu yola salan mifoloji varlıq səviyyəsinə də enir. Tipoloji cəhətdən eyni transformasiyanı fərqli genetik-etnik mədəniyyətlərə aid xalqların mifologiyasından da müəyyənləşdirmək olar. Yunan, roma mifologiyasında qadın mənşəli allahlar, hami ruhlar qədim dövrdə inanc, sitayiş hədəfləri idilər. Xristianlığın qəbulundan sonra onlar öz əvvəlki mənəvi-ruh əhəmiyyətlərini itirirlər. Müasir dövrdə artıq gözəllik ideallarına, estetik zövq rəmzlərinə çevrilirlər. Hazırkı məqalənin mövzusunda qoyulmuş məsələyə də həmin bu ölçüdən yanaşılır. Yəni qadın mənşəli hami ruh, Sarı qız surəti qədim mifoloji əsaslarını itrdikdən sonra tədricən xalq yaddaşında, məşhur mahnının süjetində dəlicəsinə sevilən gözəl qıza çevrilib.

Sarı qız və “Sarı gəlin”də rəng anlayışı məsələsi

Qadın mənşəli mifoloji hami ruhun, mahnının əsas qəhrəmanı gözəlin, sarı rəng anlayışı ilə birgə xüsusi vurğulanması da təsadüfi hal deyil. Belə görüşün çox qədim və dərin mifoloji inanc əsasları var. Mifoloji şüur dövründə hər bir tayfanın, etnik birliyin fərqli onqonu, totemi yaranmışdı. Makro halda böyük genetik - etnik dünyanın, irqin ruhunu oxşayan, xeyirxah qəbul etdikləri rənglər mövcud idi. Həmin dünyabaxışa görə inanclarda, ictimai-mədəni həyatda rəng anlayışının işlənməsi çox böyük əhəmiyyət daşıyırdı. Ural-altay xalqlarının mifoloji görüşlərində ağ, sarı, göy rəng daha xeyirxah sayılırdı. Qədim ural-altayların dünyabaxışına görə günəş tanrının ruhu, sarı rəngi, ağ şüaları onların əsas irqi özəlliklərinin təməli qəbul edilirdi. Eyni təsəvvür şumerlərin mifologiyasında mövcud idi. Sarı rəng həm də ural-altaylarda genetik xüsusiyyət kimi sarı-monqoloid irqə aid olmalarında da özünü qoruyur. Həmin rənglərin daşıdıqları yüksək mənəvi-ruh əhəmiyyəti onların maddi-mənəvi tarixlərinin hər dövründə özünü qoruyub. Oğuz xan oğlanlarının tapdıqları sarı qızıl kaman, ağ gümüş oxları bölüb onlara paylayır. Dədə Qorqud nüfuzlu bəyləri ictimai-mədəni səviyyələrinə görə ağ, qara çadırlılara bölüb onlar üçün sarı-qızıl, ağ-gümüş toyuq bağlanmış dirək dikəldir. Boz Qurd şox zaman “qızılı,al,ak börü”də adlanır. Qeserin 36 ağ oxu dastan mətnlərində xüsusilə vurğulanır. Qədim mənbələr massaqet-iskit, altay, tatar şamanlarının görücülüyü, xəstələri ağ oxlarla müalicə etdiklərini yazır. Öntürklərdən etrusklar haqda verilən qədim məlumatlarda onların başçıları Tarxanla Tirsenin “al qızılı börülər “ adlandığı qeyd edilir.
Ural-altayların ictimai-siyasi quruluşunda da rəng bölgüsü daimi diqqətdə tutulurdu. Monqol, türk şamançılıq inanclarında şamanlar “ağ” (xeyirxah), “qara” (möcüzə, cadu) işlər görənlərə bölünürlər. Rəng anlayışına görə ağ-sarı hunlar, sarı-qara türkeşlər, ağ-qara qoyunlular, ağ-sarı jüzlər, ağ finlər və s. tayfa, xalq, dövlət, siyasi birlik adları yaranmışdı.
Ural-altay xalqlarının mifologiyasında, inanclarında mühüm əhəmiyyət daşıyan qadın mənşəli hami ruhların müqayisəsindən bəlli olur ki, onlar daha çox sarı uzun saçlı, ağ donlu görkəmdə təsəvvür, təsvir olunurlar. Belə hal qədim mifoloji görüşə görə günəşin sarı rəng, ağ şüalarının birliyini yaradır. “Sarı gəlin”də həmin rəng, ruh, gözəllik anlayışları genetik-tipoloji cəhətdən qorunub.

Buta, vergi verilmə, sevgi anlayışı

“Şaman inanclarında buta, vergi verilmə aktı, yeni ruh halında doğularaq işıqlanma, paklanma hadiəsi, məhəbbət dastanlarında aşiqlərin iztirablara keçməsi kimi özünü göstərir”. “Sarı gəlin”də aşiqin qarşılıqsız, cavabsız sevgisində keçirdiyi yanğı dolu hisslər eyni ruh halı yaradır. Buta verilən tanrı qurbanları sırasına daxil olaraq sonsuz mənəvi gücə sahib olan haqq aşığına çevrilir. Mahnının qəhrəmanı da öz iztirablarıyla haqq aşığına bənzəyir .
Orta Asiya türklərinin inanclarında şamanların vergi, buta almaları hadisəsi birbaşa Sarı qızla bağlanır. Belə halın özü də səbəbindən asılı olmayaraq sevginin, paklaşmanın, işıqlanmanın türksoylularda qız surəti ilə əlaqələndirilməsini göstərir.
Monqol, türk xalqlarının epik ənənəsində qəhrəmanlar bir qayda olaraq öz butalarına, segililərinə böyük çətinliklərdən, sınaqlardan sonra çatıb qovuşurlar. Həmin süjet şamançılıq mifologiyasında əsas cəhətlərdən biri olan göyün tanrıya yaxın hami ruhlarının oğlan, qız övladları (“ xatalar”: Qeser, Qaquray Noqon) arasındakı münasibətlərin yerə endikdən sonra dastan qəhrəmanlarının həyatları kimi əks olmasından yaranıb. Türk epik ənənəsində bir-birinə qovuşa bilməyən sevgililər haqda dastanlar da mövcuddur . “Əsli və Kərəm” dastanında türk gəncin erməni qızı ilə birləşə bilməməsi iki ibarışmaz ruh dünyası arasında: müsəlman-xristian, erməni-türk, - gedən mübarizədən təsirlənir.


Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -