Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SOCAR istiqrazları sahiblərinin qazancı…

17.07.17, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın qiymətli kağızlar bazarında ən çox tələbat göstərilən qiymətli kağız olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib. “SOCAR Capital” şirkətindən bildirilib ki, iyulun 17-də SOCAR istiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb. İyulun 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına köçürüləcək və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
Xatırladaq ki, bu, SOCAR istiqrazları üzrə artıq üçüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri yanvarın 17-si və aprelin 17-də baş tutub. İyulun 17-də həyata keçirilən faiz ödənişini də nəzərə aldıqda, SOCAR istiqrazları öz sahiblərinə indiyədək 3,75 milyon dollar gəlir gətirib.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazları üzrə faiz ödənişlərinin qrafikə uyğun olaraq həyata keçirilməsi şirkətin sabit maliyyə vəziyyətinin və öhdəliklərinə intizamlı şəkildə əməl olunmasının göstəricisidir: “Bir qədər əvvəl açıqlanan 2016-cı ilin maliyyə nəticələri SOCAR-ın maliyyə durumunun kifayət qədər sabit və etibarlı olduğunu bir daha göstərdi. Digər fəaliyyətləri ilə yanaşı, kapital bazarlarının da aktiv iştirakçısına çevrilmiş SOCAR, istiqrazlara yatırım edən investorların etimadını doğrultmağa böyük önəm verir. Faiz ödənişləri iyulun 11-də artıq Milli Depozit Mərkəzinin hesabına göndərilib ki, investorlarımız heç bir problemlə üzləşməsinlər və vaxtlı-vaxtında vəsaitlərini götürə bilsinlər”.
Vitse-prezidentin sözlərinə görə, SOCAR istiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb.

S.Qasımov deyib: “Bu sadalanan xüsusiyyətlər, eləcə də, yüksək gəlirliliyi və likvidliyi sayəsində SOCAR istiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. İstiqrazların buraxılmasında əsas məqsədlərdən biri ölkə vətəndaşlarının istifadəsiz saxladıqları pulların iqtisadiyyata cəlb edilməsi olsa da, hazırda hüquqi şəxslər də SOCAR istiqrazlarına investisiya edərək, onun üstünlüklərindən faydalanırlar”.
Hazırda SOCAR istiqrazları ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan maliyyə alətidir. Qiyməli kağızlar bazarında SOCAR istiqrazlarına güclü tələbat müşahidə olunur. Təkrar bazarda dövriyyəyə buraxıldığı vaxtdan indiyədək istiqrazlar üzrə əməliyyatların həcmi 90 milyon dolları keçib. Təkcə 2017-ci ilin 6 ayı ərzində ümumi məbləği 52 milyon dollara yaxın olan 51 620 ədəd istiqraz alınıb-satılıb. Bu dövrdə Bakı Fond Birjasında bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82 faizi SOCAR istiqrazlarının payına düşüb. SOCAR istiqrazlarına fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər tərəfindən də böyük maraq müşahidə olunur.
SOCAR-ın qiymətli kağızlarla əməliyyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib ki, istiqrazlara olan yüksək tələbat SOCAR-ın qiymətli kağızlarla bağlı gələcək planlarında da nəzərə alınacaq. “SOCAR istiqrazları Azərbaycan maliyyə bazarlarının inkişafı üçün çox uğurlu bir təcrübə oldu. Bu təcrübə sayəsində bazarın bütün tərəfləri arasında əlaqələrin genişlənərək qüvvətlənməsi ilə yanaşı, infrastrukturun müntəzəm çalışması baxımından da mühüm nailiyyətlər əldə edildi. Qazanılan bu təcrübələr həm SOCAR-ın növbəti yeni emissiyaları, həm də digər qurumların da bu bazara daxil ola bilmələri üçün münasib şəraitin formalaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu addım ölkə üçün də mühüm əhəmiyyət kəsb edir”,- deyə A.Ağaoğlu bildirib.
Təkrar bazarda SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR istiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var. SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.

Bu xəbər oxundu
- - -