Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan sarsıdıcı zərbələrə hazır olmalıdır

10.08.17, 11:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənilər istəyir ki, Azərbaycan Ordusu onların yaşayış məntəqələrini və mülki əhalisini atəşə tutsun”. Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması, son təxribatları və dinc sakinləri hədəfə alması ilə bağlı danışarkən deyib.
General bildirib ki, Azərbaycan ermənilərin bu oyununa getməyəcək və mülki əhalini hədəf almaq kimi üsullara əl atamayacaq:“Ermənistan Azərbaycan Ordusunun hər yerdə uğurlarını görür. Həm Rusiyanın Moskva şəhərində, həm də Xəzər dənizində gedən birgə hərbi idman oyunlarında müvəffəqiyyətlərimiz Ermənistanı narahat etməyə bilməz. Görünür, bir daha özləri üçün nəticə çıxarıblar ki, Azərbaycan Ordusu çox yüksək və elit səviyyəsində olan ilk ordular sırasındadır. Bunu beynəlxalq ictimai təşkilatlar və analitiklər də təsdiqləyir. Məhz buna görə də ermənilər cəbhədə təxribatlara yol verir, mülki əhalini atəşə tuturlar. Sözsüz ki, Azərbaycan Ordusu ermənilərin hər hansı alçaq hərəkətlərini cavabsız qoymayacaq. Azərbaycan Ordusu yerli əhaliyə atəş açmadan ermənilərin mövqelərinə sarsıdıcı zərbələr endirəcək”.
Qeyd edək ki, ermənilər avqustun 8-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alıb.
Eyni gündə gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Ordumuz tərəfindən geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Avqustun 9-da isə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi intensiv pozmaqla bərabər, Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurublar.
Sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov bildirib ki, ermənilərin aktivliyi onunla bağlıdır ki, cəbhədə hərbi əməliyyatların bərpa olunmasına nail olsunlar. Beləcə, Rusiyanı seçim qarşısında qoysunlar ki, Rusiya bəzi dairələrin onlara vəd verdiyi kimi köməklik edəcək, ya yox. Məqsəd bundan ibarətdir. Erməni tərəfi başa düşür ki, gələn il həm Rusiyada, həm də Ermənistanda dəyişiklik ola bilər: “Çünki gələn il Rusiyada seçkilər keçiriləcək, mümkündür ki, hökumətin tərkibində dəyişikliklər baş versin. Ermənistanda da seçki olacaq, son referendumda qəbul edilən qanunlar qüvvəyə minəcək, indiki prezidentin səlahiyyətlərini faktiki itirəcək. Yeni dəyişikliklərə əsasən, parlament çərçivəsində baş nazir seçiləcək. Təbii ki, bu siyasi hadisələr üçün erməni tərəfi siyasi dividentlər əldə etməyə çalışır. Onlar bilir ki, təklikdə hərbi baxımdan Azərbaycanın qarşısında tab gətirə bilməz. Odur ki, erməni tərəfinin hərbi və siyasi rezervi olan Rusiya ilə münasibətləri indidən aydınlaşdırmağa çalışır. Şübhəsiz ki, Rusiyanın bəzi dairələri ermənilərə dəstək verməkdə davam edir. Ancaq Rusiya rəhbərliyi istəmir ki, hadisələr bu şəkildə baş versin.

Azərbaycan da öz tərəfindən indiki mərhələdə ictimai rəyə diqqət edir. Təbii ki, ictimai rəy istəyir ki, erməni təxribatlarına son qoyulsun. Çünki bir müddət əvvəl ermənilər cəbəhədə mülkü əhalini atəşə tutdu, bir azyaşlı həlak oldu. Bu, ictimaiyyətdə ciddi rezonans yaratdı. Ötən gün erməni tərəfi bizim yaşayış məntəqəsini atəşə tutub, nəticədə bir uşaq yaralanıb. Erməni tərəfi hesab edir ki, mülkü əhalini atəşə tutmaqla və mülkü əhaliyə xəsarət yetirməklə Azərbaycanda ictimai rəyi daha sərt məcraya yönəldəcək”.

Politoloq qeyd edib ki, bu cür siyasi oyunlar gedir: “Məncə, erməni tərəfinin bu məqsədi bizim hakimiyyət dairələrinə bəllidir. Eyni zamanda istisna etmirəm ki, Soçidə görüş zamanı müzakirə edilən məsələlərdən biri də bu olub. Nəzərə alın ki, rus politoloqlar üçüncü qüvvələrin fəal olduğunu və Rusiya-Azərbaycan münasibətlərinə təsir etmək üçün çalışdıqlarını qeyd etdilər. Biz başa düşürük ki, söhbət Rusiyada olan erməni diasporundan, hakimiyyətdə olan erməni mənşəli insanlardan gedir. Onlar bunda maraqlıdır. Məncə, çox təhlükəli dövrdür. Ümidverici hal ondan ibarətdir ki, həm Azərbaycan rəhbərliyi, həm də Putinin bu planlardan xəbərləri var. Mən vəziyyəti bu cür görürəm. Təbii ki, informasiya azlığı səbəbindən konkret hansısa məsələləri demək çətindir”.

Onu da bildirək ki, erməni mətbuatı Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı yaşayış məntəqələrinin atəşə tutulması barədə yayılan xəbərlərə qorxu ilə yanaşmağa başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən uzun illər boyu hər gün açıqlanan ətəşkəs xəbərləri erməni mətbuatı tərəfindən birdən-birə yeni müharibənin anonsu kimi qəbul edilib.
Söhbət avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycanın mövqelərinə basqın etməyə cəhdindən gedir. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidməti dediklərinə sübut kimi videogörüntülər də nümayiş etdirib.
Ermənistanın Dağlıq Qarabağdakı işğalçı silahlı birləşmələrinin mətbuat sözçüsü Senor Astryan dərhal xəbəri təkzib etdi. Lakin bir sıra analitik erməni portalları bunu Azərbaycanın döyüş taktikasını dəyişməsi kimi dəyərləndiriblər. “Lragir”də təxminən buna bənzər adla məqalə yazmış erməni şərhçi Akop Badalyan erməni ictimaiyyətini çox narahat edən suallar verir:
“Dinc yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı verilən periodik xəbərlər Azərbaycanın yeni taktikasıdırmı? Bu cür transformasiyanın səbəbi nədir? Bu, daxili, yoxsa xarici auditoriyaya ünvanlanıb? Bu, hücuma hazırlıqdırmı? Bakı nəyə can atır?”
Müəllif məqaləsində suallarına özünəməxsus cavablar tapmağa çalışır və erməni xalqını bunun hücuma hazırlıq olmadığına inandırmağa çalışır. Amma Akop Badalyan ya yanılır, ya da bilərəkdən öz hakimiyətinin uğursuz siyasətinə haqq qazandırmaq üçün yalan danışır - Azərbaycan ordusu hücuma və torpaqlarını azad etməyə həmişə hazırdır. Sadəcə, hücuma qərar öz vaxtında - beynəlxalq rəy, daxili ehtiyac və imkanlar nəzərə alınaraq veriləcək.
Özü də bu qərar nə qədər uzansa, Ermənistan üçün o qədər də pis olacaq. Azərbaycan ordusu hücum edib öz torpaqlarını işğaldan azad etməklə erməni xalqını Qarabağ bəlasından xilas etməsə, Ermənistanın boşalması davam edəcək. Böyüməkdə olan gənclər müharibə qorxusundan ölkəni tərk edir. Qarabağ müharibəsi Ermənistanda 100 kəndin tam ləğvinə səbəb olub, 300-ə yaxın kənd isə məhvə doğru gedir. Qarabağ müharibəsi Ermənistandan 1,5-2 milyon adamın mühacirət etməsinə səbəb olub, əhali sayı 3,6 milyondan 1,9 milyona düşüb. İndi Ermənistan səlib yürüşləri dövrünün Bizansını xatırladır - boşalan kəndlər, kəndlərə çevrilən şəhərlər, əkilməyən torpaqlar və ölkədən kənara böyük köç. Erməni xalqını bu bəladan yalnız Azərbaycan ordusu xilas edə bilər. Qarabağ müharibəsi başa çatmazsa, Qafqazda ermənilərin sonu çatacaq.
Ermənistan ordusunda isə vəziyyət getdikcə ağırlaşır. Ordu böyük təhlükədən qaçmağa çalışır.
“Səngərlərdə çürümək bizi boğaza yığıb, evə qayıtmaq istəyirik”. Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçmış gənc erməni əsgərlər hərbi mövqeləri qoyub getmələrini belə izah edirlər.
Onları Ermənistandan hərbi qulluğa çağırıblar, amma guya mövcud olmayan Dağlıq Qarabağın mövcud olmayan ordusunda qulluq edirlər. Bu barədə Rusiya mətbuatı yazır. Bu barədə məqələ dərc etmiş nəşrlər misal kimi avqustun 6-da döyüş mövqelərini özbaşına 4 əsgərin tərk etməsini göstərirlər.
Onları isti izlərlə həbs ediblər və onlara qarşı nizamnaməyə uyğun şəkildə cəza tətbiq edirlər. Bu, Ermənistan ordusunun nizamnaməsidir, yoxsa-yox, dəqiq bilinmir
Hərbi qulluqçu Piropisyan gündüzün erkən saatlarında Azərbaycanın işğal edilmiş Xocavənd rayoununda yerləşən hərbi hissəsdən qaçıb. İşğal edilmiş Fizuli rayonunun ərazisnidə yerləşən hərbi hissədən isə avqustun 7-də böyük komandir Xalatyan yox çıxıb. Bir gün sonra o, Ermənistana gedən yolda, özü də sərxoş vəziyyətdə tutulub.
Hərbi hissələrin komandanlıqları fərarilik faktlarının qarşısını almağa çalışır. Amma buna həmişə nail ola bilmirlər. Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində qəfil yoxlamalar vaxtı 3 əsgərin olmadığı aşkarlanıb. Bu faktı gizlətməyə çalışan zabiti sərt cəza gözləyir.
Ermənistandan hərbi xidmətə çağrılmış, amma Dağlıq Qarabağda xidmət edən daha çox gənc hərbi mövqelərdən qaçmağa çalışır: "Biz yaşamaq, oxumaq və işləmək istəyirik. Bizə yad olan torpaqlarda ölmək istəmirik".
Erməni ekspertlər düşünür ki, bunun qarşısını necəsə almaq lazımdır. Əks halda, dizertirlik yaxın zamanda kütləvi xarakter alacaq. Bu isə Qarabağdakı erməni hərbi qruplaşmalarının işinə ciddi təsir edə bilər.
Cavid

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)