Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İşğala xidmət edən “etimad tədbirləri”

10.08.17, 13:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amerikalı həmsədr yenidən təmas xəttində izləmə cihazlarının yerləşdirilməsindən danışıb

Qarabağ münaqişəsinin tərəflərinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət tədbirlərini qəbul etməsini vaxtı çatıb. Bunu “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri, eyni zamanda Minsk Qrupunun həmsədri Riçard Hoqland deyib.
“Biz başa düşürük ki, hazırda tam demilitarizasiyaya nail olmaq arzuolunan olsa da çətindir. Lakin biz yeni döyüş toqquşmalarının baş verməsi ehtimalını azaltmalıyıq. Zəruridir ki, ilk növbədə təmas xəttinin hər iki tərəfindən snayperlər geri çəkilsin, beynəlxalq vasitəçilərin sayı artırılsın və təmas xəttində izləmə cihazları yerləşdirilsin”- deyə amerikalı diplomat bildirib.
Riçard Hoqland hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn ay Nyu-Yorkda gözlənilən görüşündən sonra prezidentlər səviyyəsində də danışıqları təşkil etmək mümkün olacaq. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin əsas gözləntisi elə kompromis nöqtəsi tapmaqdır ki, başlanğıc üçün gərginliyin dərəcəsi aşağı düşsün və regionda uzunmüddətli sülh üçün zəmin yaratsın.
Hoqland qeyd edib ki, bu məsələdə ABŞ Rusiya ilə işləməkdə davam edəcək, baxmayaraq ki, iki ölkə arasında münasibətlər pisləşib. Diplomatın sözlərinə görə, Vaşinqtonla Moskva arasında qarşıdurma ATƏT-in Minsk Qrupunda iki ölkənin qarşılıqlı münasibətlərinə təsir etməyib: “Siyasətçilər münaqişə edə bilərlər, ancaq elə sferalar var ki, tərəfdaşlıq davam edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması belə sferalardan biridir”.
Qeyd edək ki, rəsmi Bakı təmas xəttində izləmə cihazlarının yerləşdirilməsi və snayperlərin geri çəkilməsi kimi addımları nəzərdə tutan “etimad tədbirlərini” qəbul etmir. Çünki bütün bunlar münaqişə ətrafında indiki status-kvonu uzatmaqdan başqa heç nəyə yaraya bilməz. Bu, daha çox erməni tərəfin maraqlarına cavab verən taktikadır, hansı ki, təmas xəttində izləmə cihazlarını yerləşdirmək kimi absurd ideya vaxtilə Amerikadakı erməni lobbisinin köməyi ilə Dövlət Departamentinin gündəminə gətirilmişdi. Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanmasına dair mahiyyəti üzrə danışıqlar aparmaq əvəzinə uzun müddətdir “etimad tədbirləri” məsələsi ilə baş qatırlar.

Bu xəbər oxundu
- - -



___

Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib. (ardı...)