Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb

18.08.17, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Balakən rayonunda “ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb. “ABAD”dan verilən məlumata görə, təqdim olunan cem və mürəbbə məhsulları beş “ABAD”çı ailə tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur. İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: “Balməkan” (Bazarovların ailə təsərrüfatı), “Dənə-dənə” (Bağırovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı), “Budaqdan” (Xəlilovların ailə təsərrüfatı).
Bu məhsullar “ABAD” tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. “ABAD”çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər. Beş “ABAD”çı ailənin cem və mürəbbə məhsulları hazırda “İçərişəhər”də və Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yerləşən “ABAD” mərkəzlərində satışa çıxarılıb.
Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə “ABAD”çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. İlkin mərhələdə “ABAD” pilot layihə olaraq, Masallı rayonunda fəaliyyətə başlayıb. 21 oktyabr 2016-cı il tarixdə “ABAD” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

Bu xəbər oxundu
- - -