Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qlobal Gənc Liderlər Forumu işə başlayıb

21.08.17, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Petar Stoyanov: “Bakı dünya üçün vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib”

David Benger: “Azərbaycan xalqı çox qonaqpərvərdir”

Valdis Zatlers: “Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb”

Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin Forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini vurğulayıb.
Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran İSMAİL Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin yeni cəmiyyətin qurulmasında bütün səylərin birləşdirilməsini tələb etdiyini bildirərək gəncləri bu prosesdə fəal olmağa çağırıb.
Sonra Makedoniya Respublikasının Prezidenti George İvanovun Forum iştirakçılarına məktubu oxunub.
Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev çıxışında dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsinin vacibliyini qeyd edib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb. Rosen Plenveliev bildirib ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirib.
Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafa nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümid etməyə əsas verdiyini deyib. Bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rifahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirib.
Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayan Latviyanın sabiq Prezidenti, NGBM-in üzvü Valdis Zatlers bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər.
Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur.
Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə görə liderlik nədir?", "Liderliyi necə öyrənmək olar?", "Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli yol göstərir?" kimi suallar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum avqustun 24-dək davam edəcək.
Forumun işində Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edirlər.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir.
Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.
Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov jurnalistlərə açıqlamasında deyib ki, Bakı dünya üçün vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib. Onun sözlərinə görə, forum gənclərin müxtəlif ölkələrin mədəniyyətlərini daşıyan təcrübəli insanlarla görüşdüyü bir platformadır: “Dünya gəncləri arasında münasibətlərin inkişafı dünyanın gələcəyi üçün mühüm amildir: “Bu baxımdan Bakı bunun üçün ən gözəl məkanlardan biridir. Bu tədbir gənclərin də iştirakını özündə birləşdirən yeni ideyadır".
Harvard Universiteti Hüquq Fakültəsinin tələbəsi David Benger deyib ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak etmək mənim üçün bir şərəfdir. Onun sözlərinə görə, Forum çərçivəsində sabiq prezident, baş nazirlərlə görüşmək sevindirici haldır: “Burada təşkil olunan bütün debatlar, qeyri-formal danışıqlar mənim gələcəkdə lider olmağımda müstəsna əhəmiyyətə malikdir. İlk dəfədir ki, Bakıdayam. Artıq 3 gündür şəhərinizin qonağıyam. İndiyənə kimi “İçəri şəhər”də, “Qız qalası”nda, Dənizkənarı Milli Parkda olmuşam. Azərbaycan xalqı çox qonaqpərvərdir”.
Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers diqqətə çatydırıb ki, Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb: “Qlobal Gənc Liderlər Forumu əla ideyadır". Onun sözlərinə görə, Forumun böyük əhəmiyyəti var: “Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”.
Valdis Zatlers qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır: “Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır”.

Əli

Bu xəbər oxundu
- - -