Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığının tarixi

13.09.17, 9:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4 adda bröşürün təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda bröşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, əsərlər Azərbaycan prezidentin təşəbbüsü ilə yazılıb: "Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində tərəfindən nəşr olunub. “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi-alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi-alim İradə Məmmədovadır.
Yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır. Müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı”.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” adlı kitabça Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan xanlığının paytaxtı – İrəvan şəhərinin tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar öz əksini tapıb.
“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” adlı kitabça İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.
Oxuculara “İrəvan xanlığının mahalları” adlı kitabçada Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü, “İrəvan xanlığının əhalisi” adlı kitabçada isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib.
Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.
Təqdim olunan kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Bu xəbər oxundu
- - -