Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Milli ruhumuzu saxlamalıyıq”

15.09.17, 14:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezudent İlham Əliyev: “Milli dəyərlərimizdə hər hansı sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin sütunlarını sarsıda bilər”

“Sizi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaq, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm”.
Bunu dünən prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, 20 nömrəli məktəb dünyanın ən yüksək standartlarına cavab verir: “Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub. Bu gün də ölkənin ən böyük məktəbi kimi fəaliyyətini yeni binada davam etdirir”.
Prezident İlham Əliyev bildirib ki, 10 il əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülüb: “Mən bu məktəbdə olmuşdum, təmir işləri aparılmışdı. O vaxt üçün bəlkə də təmir işləri pis aparılmamışdı. Ancaq bu, bizim bugünkü inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni bina tikilsin. Xatırlayıram ki, o vaxt müəllimlər və şagirdlərdə müəyyən fikirlər, narahatlıqlar vardı ki, bu məktəb söküləcək və yerində başqa bina tikiləcək. Bəzən şəhərdə belə şayiələr gəzir. Ancaq bizim planımız başdan bundan ibarət idi ki, 20 nömrəli tarixi məktəbin yerində yeni məktəb tikilsin. 2,5 il ərzində möhtəşəm bir bina tikildi. Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil. Çünki son illər bölgələrdə və Bakıda bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. 20 nömrəli məktəb bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq”.

“Təhsilin keyfiyyəti artır”

Dövlət başçısı bildirib ki, Azərbaycanda məktəb tikintisi sürətlə gedir: “Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu verib. ‘Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəb tikildi”.
Prezident İlham Əliyev deyib ki, 2004-cü ildən bu günədək 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəb yenidən tikilib: “Bu proses davam edir və edəcək. Çünki qəzalı vəziyyətdə məktəblər var. Digər tərəfdən, Azərbaycanda uğurlu iqtisadi siyasət inkişafı ilə əhalinin sayında artım müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Nə qədər əhalimiz artsa, ölkəmiz də o qədər də güclənəcək. Hər il məktəblərə gələn uşaqların sayı artır. Belə olanda hər il məktəblərin tikintisi prosesi davam etdirilməlidir. Məktəblərin maddi-texniki bazasının güclənməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır, biz bunu görürük. Son illər bu, özünü ali məktəblərə qəbul imtahanlarında özünü büruzə verir. Bizim məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanıblar, onların aralarında qızıl medal da var. Təhsilin keyfiyyəti bizim üçün prioritet məsələdir. Ancaq şagirdlərdən və müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb tək şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin də əməkhaqqı artır. Xüsusən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən məlumata görə, Bakı şəhərində müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir. Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.
Prezident İlham Əliyev bildirib ki, görülən işlərin əsas məqsədi uşaqlarımızın, gənclərimizin savadlı, bilikli olmaları üşündür.
Dövlət başçısının sözlərinə görə, çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik: “Bu gün savadlılıq 100 faiz səviyyəsindədir. Bu bizim üçün adi hal, bir çox ölkələr üçün əlçatmaz hədəfdir. Bu bizim böyük üstünlüyümüzdür, çünki savadlılıq əsasdır. Uşaqlarımız bilikli, savadlı olmalı, yaxşı oxumalıdırlar ki, gələcəkdə cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Hər hansı insan gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, yaxşı oxumalıdır.
Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, yeniyetmələr, gənclər bu işə çox böyük məsuliyyətlə yanaşacaqlar. Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin uğurlarına baxmaq kifayətdir. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünyada aparıcı mövqelərə malikdir. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. İqtisadi, hərbi və digər sahələrdə texnologiyaların nə qədər inkişaf etdiyini görürük. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibidirlər. Ona görə də biz Azərbaycanda elmə, təhsilə, texnologi inkişafa əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun, Azərbaycan texnoloji inkişaf baxımından geri qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır, bu sahəyə, insan kapitalına investisiya qoyulur. Əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək səviyyədə olacaq. Bu, həm inkişaf, həm də ölkəmizdə bu gün yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savad olmayan yerdə kənardan mənfi təsirlər də özünü biruzə veririr”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sərhədlərini, təhlükəsizliyini qoruyur: “Biz özümüzü yad təsirlərdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin əsasını təşkil edir. İnsanların, xüsusən gənc nəslin beyinləri zəhərlənir, onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur. Sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkələrdə özünü göstərsin. Ona görə də biz özümüzü mənfi və yad təsirlərdən qorumalıyıq. Necə? Bunu siz, müəllimlər etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar, heç bir kənar yad təsir uşaqlarımızın şüuruna təsir edə bilməsin. Eyni zamanda müəllimlər və valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, uşaqlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərləri hər şeydən üstün tutsunlar. Milli dəyərlərimizdə hər hansı sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin sütunlarını sarsıda bilər. Ona görə də mən hər zaman deyirəm ki, milli, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalı, milli ruhumuzu saxlamalıyıq. Çünki bu bizim gələcəyimiz üçün əsasdır".

Bu xəbər oxundu
- - -