Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şimali İraqda keçirilən referendum nə vəd edir?

25.09.17, 11:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “Region üçün çox ağır siyasi, iqtisadi, sosial, hərbi və humanitar nəticələr gətirəcək”

Qabil Hüseynli: “Regionun bütün dövlətləri ilə münasibətlər gərginləşəcək”

Dünən İraq Kürdüstanında müstəqillik referendumuna start verilib. Seçicilər Kürdüstanın müstəqil dövlət olub-olmayacağına qərar verməlidirlər.
Türkiyə XİN-in yaydığı bəyanatda deyilir ki, Şimali İraq Kürd Muxtariyyətində keçiriləcək referendumun nəticəsi etibarsızdır: “Biz leqal bazası və beynəlxalq hüquq, İraq konstitusiyasına əsasən legitimliyi olmayan referendum tanımırıq”.
Qeyd edək ki, İraq, Türkiyə, İran, ABŞ və BMT referendumun əleyhinə olduğunu bəyan edib. Onlar vurğulayıb ki, referendum İŞİD-ə qarşı mübarizədə diqqəti yayındıracaq və regionda vəziyyəti gərginləşdirəcək.

Millət vəkili Musa Qasımlı deyib ki, İraqın şimalında referendumun keçirilməsi region üçün çox ağır siyasi, iqtisadi, sosial, hərbi və humanitar nəticələr gətirəcək. O, qeyd edib ki, İraq, İran, Suriya və Türkiyənin razılıq vermədiyi, İsrail istisna olmaqla dünyanın əksər ölkələrinin rəsmi olaraq əleyhinə çıxdığı bir layihə reallaşdırılarsa, çoxlu qanlar töküləcək. Deputatın fikrincə, açıq şəkildə söyləmək lazımdır ki, müəyyən dövlətlərin və dairələrin İŞİD-İ yaratmasında başlıca məqsədləri Suriya, İraq, İran və Türkiyəni parçalamaq, Orta Şərqin siyasi coğrafiyasını yenidən cızmaq idi: “İŞİD-ın tutduğu əraziləri hansı qruplaşma azad edəcəksə, nəzarət və hakimiyyət də onlara keçəcək. Rəsmi bəyanatlarına baxmayaraq, ABŞ və başqa ölkələrin bir sıra kürd qruplaşmalarına silah vermələrinin başlıca məqsədi budur”.
M. Qasımlı bildirib ki, həmin dövlətlər və dairələr Orta Şərqdən sonra Rusiya ərazisini parçalamağa keçəcəklər: “Hesab edirəm ki, bizim üçün vacib olan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsidir”.
Politoloq Qabil Hüseynli isə diqqətə çatdırıb ki, İraq hərbi birləşmələri Kərkükü nəzarət altına götürüb və Bərzaninin rəhbərlik etdiyi Kürd Muxtariyyətinə doğru yaxınlaşır: “Ola bilsin ki, türk qoşunları bu gün və ya sabah həmin ərazilərə hücum etsin”. O qeyd edib ki, İran, İraq və Türkiyə yəqin ki, referendumun həyata keçirilməsinə imkan verməyəcək və muxtar qurumun fəaliyyətinə son verəcəklər. Politoloq vurğulayıb ki, Səddam Hüseyn dövründə olduğu kimi həmin ərazi mərkəzi hakimiyyətə tabe olacaq.
İsrailin referendumun nəticəsini tanıyacağı ilə bağlı fikirlərə münasibətində politoloq bildirib ki, bu, İsraillə region dövlətlərinin münasibətinə çox pis təsir göstərəcək: “İsrail bu addımı atmaqla ərəb dövlətlərini öz üstünə qaldıracaq. Hesab edirəm ki, regionun bütün dövlətləri ilə münasibətlər gərginləşəcək. İsrailin bu addımı qınanmağa layiqdir”.

Əli

Bu xəbər oxundu
- - -