Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Heydərbaba, mərd oğullar doğginən...

12.10.17, 7:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Önündə kəlmə-kəlmə, beyt-beyt, vərəq-vərəq açılan şair kəlamı işığında oxucu tam səmimiyyətlə oz daxili aləmini, qəlbini, şüurunu ona etibar edir; özünü həyəcanlandıran, narahat edən çox vacib, taleyüklü mətləblər barəsində ondan məsləhət alır, öz fikir və duyğular axarını şair kəlamının yüksək mona pərdəsinə kökləyir.

"Xalq Cəbhəsi" qəzeti mərhum ak. Bəkir Nəbiyevin M.Şəhriyar haqqında yazısını təqdim edir.

4-cü yazı

Bununla belə "Heydərbabaya salam"ın əhəmiyyəti təkcə adət-ənənələri, mərasimləri, təbiət hadisələrini zəngin boyalarla canlandırmasından ibarət deyil. Xalqın tarixi taleyi, Azərbaycanın başına gələn böyük faciələr, sarsıdıcı ictimai hadisələr də şairin diqqətindən yayınmayıb.

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.

Bu misralar artıq bir kəndin, bir obanın dərdləri çərçivəsini aşır və ikiyə parçalalanmış Azərbaycanın böyük faciəsi haqqında şair naləsi təsiri bağışlayır. Şəhriyar bilirdi ki, onun şimaldakı qardaşları, məktəb, mədəniyyət, elm sahəsində müəyyən nailiyyətlər əldə ediblərsə də, sovet imperiyasının təqiblər, həbslər, sürgünlər, edamlar məngənəsində sıxılırlar. Şair Arazın üstündən bu taydakı qardaşlarına əl uzadıb onlarla ağlaşmaq, bu yolla da dərdlərinə şərik olmaq istəyir:

Bir uçeydim bu çırpınan yelinən,
Bağlaşeydim dağdan aşan selinən,
Ağlaşeydim uzaq düşən elinən,
Bir göreydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı.

Poemada şairin bir sıra əziz adamları xatırladılsa da, əsərin mərkəzində Şəhriyarın özünün bədii obrazı canlanır. Ümumiyyətlə, poemalarda lirik qəhrəman və müəllif arasında tam eyniyyət olmasa da yaxınlıqlar, səsləşmələr, uyarlıqlar geniş muşahidə edilir. "Heydərbabaya salam"da bu cəhət daha qabarıq şəkildə nəzərə carpır. Çünki şair uzun illərin hicranından sonra səyahət məqsədilə hər hansı bir əsrarəngiz ölkəyə, yaxud istirahət üçün yaylağa yox, əzizləri ilə görüşmək, onların ruhundan mənəvi halallıq almaq üçün elinə-obasına gəlib. Kövrəkliyi doğuran digər başlıca səbəb isə budur ki, bu qəhrəmanın ən əziz və ən doğma adamları olan atası, anası, nənəsi, ömür-gün yoldaşı, bir çox qohumları və qonşuları, uşaqlıq və gənclik illərinin yaxın dostları artıq həyatda yoxdur. Onların hər biri ilə əlaqədar şairin qəlbində zaman-zaman şirinli-acılı xatirələr oyanır.
Bu xatirələr həyati və əziz olduğu qədər də həzin və kədərlidir. Şəhriyarın insanpərvərliyi və vətənpərvərliyi də ilk novbədə bu yaxın adamlarına, əzizlərinə bu dünyanı tərk etmiş bütöv bir nəslin taleyinə münasibətində canlanır.
Poemada Xoşginabın dağətəyi kəndlərinin təbiəti çox əlvan və zəngin boyalarla təqdim edilib. Onun ayrı-ayrı bəndlərində təbiət rəngdən rəngə düşüb cilvələnir. Burada təsvirlər o qədər təbii və oynaqdır ki, oxucu özünü ildırımların gurultusunu, sel-suların şaqqıltısını eşidər kimi, bundan sonra yeni bir nizamla boy göstərən təzə-tər cicəklərin, otların ətrini qoxulamış kimi təsəvvur edir. Azərbaycanın təsərrüfat həyatı, xalqın adət və ənənələri, toyu-yası, məişətinin növ-növ lövhələri, ayin və mərasimlər elə incəliklə təqdim olunur ki, onların əsasında cənub ellərində yasayan soydaşlarımızın gün-güzəranı, etnoqrafik xususiyyətləri haqqında çox zəngin bədii məlumat əldə etmək mümkündür. Əsərdə yalnız təbiət lövhələrinin və etnoqrafik məqamların yox, psixoloji anların da təsvirində şair böyük ustalıq nümayiş etdirib.

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.

Bu misraların ayrılıqda hər birində və bütünlükdə onların əmələ gətirdiyi bənddə insan əhval-ruhiyyəsinin elə anları verilib ki, yaşından asılı olmayaraq onu oxuyanların hər birində həyatın həmin anlarını yenidən yaşamaq arzusu baş qaldırır. Poemanın mühüm məziyyətlərindən biri xalqın gələcəyinə inam duyğusunun yüksək poetik ifadəsilə bağlıdır.
Heydərbaba dağının timsalında bütün Azərbaycanı ümumiləşdirən şair xalqın öz səadətini sədəqə şəkilndə yox, mürtəce qüvvələrə (qurdlara) qarşı igid oğullarının mübarizəsi sayəsində əldə edəcəyinə inanır, o gözəl əyyamı qəlbinin ən dərin guşəsindən gələn boyuk səmimiyyət duyğusu ilə tərənnüm edir:

Heydərbaba, mərd oğullar doğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut, boğginən,
Qoy quzular ayın-şayın otlasın...

Əsil söz sənətkarının böyüklüyü həm də bununla ölçülür ki, onun istər sağlığında, istərsə də dünyasını dəyişməsindən on illər, qərinələr keçəndən sonra əsərlərini oxuyan hər kəs, ilk növbədə isə sözə qarşı həssas olan yüksək səviyyəli bədii zövq sahibləri, şeirsevənlər dərindən təsirlənir, həmin sənətkarla, onun kəlamı ilə özü və öz zəmanəsi arasında, mənsub olduğu ölkə, qövm və cəmiyyətin taleyi arasında, fikir və duyğuları arasında nə isə bir uyarlıq, yaxınlıq, doğmalıq, səsləşmə, tipologiya görür. Önündə kəlmə-kəlmə, beyt-beyt, vərəq-vərəq acılan şair kəlamı işığında oxucu tam səmimiyyətlə oz daxili aləmini, qəlbini, şuurunu ona etibar edir; özünü həyəcanlandıran, narahat edən çox vacib, taleyüklü mətləblər barəsində ondan məsləhət alır, öz fikir və duyğular axarını şair kəlamının yüksək mona pərdəsinə kökləyir.
Belə mötəbər şairin misraları hər oxunuşda diqqətli oxucunun şüurunda, qəlbində əks-səda verir. Onu hala-həyəcana gətirir, həyatın neçə-neçə müşküllərini həll etmək işində nəsillərin əlindən tutur. Dahi sənətkarlardan Firdovsi Tusinin "Şahnamə"si, Nizami Gəncəvinin "Xəmsə"si, Fuzulinin "Leyli və Məcnun" məsnəvisi məhz belə mötəbər, təkrarsız ədəbi qaynaqlardır. Sədinin "Gulustan"ı və "Bustan"ı, Hafiz Şirazinin, Kəmali Xocəndinin, Seyid Əzim Şirvaninin, məliküşüəra Baharın ən yaxşı qəzəlləri, Molla Pənah Vaqif Qarabağinin zərif qoşmaları, M.Ə.Sabirin satiraları da qədirşünas oxucuya məhz belə təsir bağışlayır.
Əsərlərindəki mötəbər fikirlərin, əlvan duyğuların, incə mətləblərin təqribən son yarım əsrdə yetişən yeni-yeni nəsillərə güclü təsir göstərməsi, onların mənəviyyatında böyük intibahlar oyatması baxımından Seyid Məhəmmədhuseyn Şəhriyar da bu cür nadir sənətkarlardan biridir. Bu, əlbəttə, bəzi digər məqamları da nəzər almaq şərtilə, Şəhriyar irsinin iki çox mühüm keyfiyyətilə bağlıdır. Həmin keyfiyyətlərdən birincisi budur ki, şairin həm fars, həm də Azərbaycan dilində yazmış olduğu muxtəlif mövzulu əsərlərin bir çoxu bütün zamanlar, ölkələr və insanlar üçün gərəkli, maraqlı olan dərin və ali fikirlərlə, incə və zərif bəşəri duyğularla zəngindir. İkinci vacib keyfiyyət isə bu fikir və duyğuların bir söz ustadı kimi müəllif tərəfindən yüksək dərəcəli sənətkarlıqla, təzə, təravətli, orijinal, bədii ifadə vasitələrilə, ürəyə yatan ahəng və cazibədarlıqla, ən yüksək bədiilik tələblərinə cavab verən səviyyədə təsbit olunmasıdır. Şəhriyarın yaradıcılığında xalqın maddi və mənəvi həyatının bütün cəhətləri, insan taleyinin bütün yönləri üçün görməli, götürməli, öyrənməli, faydalanmalı məqamlar istənilən qədərdir.
Azərbaycan öz nankor qonşusu Ermənistanın silahlı təcavüzünə məruz qalıb. "Arxalı köpək qurd basar" demişlər. Rusiya cəbhəxanalarından gah gizlin, gah aşkar yollarla alınan, bahası hər dəfə milyard dollarla hesablanan ağır silahlarla təchiz olunmuş düşmən torpaqlarımızın iyirmi faizini işğal edib, o ərazidə ələ düşən, dişə dəyən nə varsa, hamısını soyub aparıb. Məscidlər, məktəblər, səhiyyə ocaqları, ictimai iaşə binaları dağıdılıb. On minlərlə Azərbaycan vətəndaşı həlak olub, hesabı dəqiq bilinməyən soydaşımız yaralanıb, bir milyondan artıq insanımız öz doğma ev-eşiyindən, od-ocağından qacqın duşüb. "Ədalət nazilər, amma üzülməz" deyiblər. Əlbəttə, belə qalmayacaq. Ya beynəlxalq dairələrin nəzarəti altında sülh yolu ilə və yaxud da Şəhriyar şeirinin qəhrəmanları kimi qanımız, canımız, başımız bahasına torpaqlarımızı təcavüzkardan təmizləyəcəyik və o zaman, el arasında deyildiyi kimi, bizim də küçəmizdə bayram olacaq. Mən buna bütün varlığımla inanıram və oxucuları da inandırıram ki, həmin bayramda məsud vətəndaşlarımızın oxuyacaqları mahnılar, şeirlər arasında Şəhriyarın bu misraları da özünə yer alacaq:

...Taza ilə taza girdik,
Qışdan cıxıb, yaza girdik.

Cox maraqlıdır ki, ustadın hansı şerini diqqətlə oxuyuruqsa, qəlbimizdə bu baxımdan aydın intibahlar oyadır, inam hissimizi quvvətləndirir. Şəhriyarın bu qəbildən olan əsərləri 1970-ci iliərin sonlarında İranda, 1980-cı illərin sonlarında Qafqazda, Orta Asiyada və Qazaxıstanda avtoritarizmin süqutu üçün adamları ruhən hazırlayırdı.
Məsəl var, deyərlər: "İmanım bir yerə, gumanım bir yerə". Şair gumanım, səyyar xəyalının, simurqu da min dəfələrdən birində dolana-dolana, dolaşa-dolaşa gedib Şurəvi üstünə qonub. Fəqət dərhal hiss edib, başa düşüb ki, ondan heç bir xeyir gozləmək olmaz. Doğrudan da axı, Şurəvi milyonların başına bəla kəsilən öz dövlətində məskun qövmlərə bir gün vermədiyi halda, İrana necə nicat verə bilərdi?
Şəhriyar öz olkəsindəki rejimin eybəcərliklərini, Savak başkəsənlərini oz amansız taziyanələrinə hədəf edəndə dünyanın bir sıra digər ölkələrində hökm sürən qeyri-insani rejimləri, o cümlədən də yaxın qonşuluqdakı insanları əsarət altında saxlayan bolşevik-daşnak qaragurühunu da biabırçılıq sütununa mıxlamış olurdu. Bu nöqteyi-nəzərdən yanaşdıqda Şəhriyarın demək olar ki, bütün şeirləri güclü düşündürmə, duyğulandırma imkanlarına malikdir:

Barilaha! Sən bizə ver bu şəyatindən nicat,
İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.
... Şurəvidən də nicat umduq ki, bir xeyir olmadı,
Olmasa çay sandığında, qoy gələ Çindən nicat.
("İnsu cin")

Bu xəbər oxundu
- - -