Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avrasiya İttifaqında “müşahidəçi dövlət” statusu

12.10.17, 13:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Avrasiya İqtisadi İttifaqında üzv olmayan dövlətlər üçün müşahidəçi ölkə statusu təsdiq olunmalıdır”

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı dövlətlərinin Ali İqtisadi Şurasının iclasında çıxışı zamanı bildirib. Putinin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının mövqeyinin beynəlxalq arenda möhkəmləndirmək məsələsinə xüsusi diqqət yetirilməlidir: “Bu baxımdan Avrasiya İttifaqına daxil olmayan MDB-dəki tərəfdaş ölkələrimizlə daha sıx əlaqələr qurulmalıdır. Bunun üçün müşahidəçi dövlət statusunu təsdiqləmək lazımdır”.
Putin həmçinin deyib ki, azad iqtisadi zona yaradılması ilə bağlı danışıq aparılan ölkələrlə danışıqlar sürətləndirilməlidir: “Bununla bağlı Avrasiya İttifaqının həmin ölkələrlə əməkdaşlıq haqqında hazırlanan saziş layihəsinə böyük əhəmiyyət veririk”.
Qeyd edək ki, son zamanlar Avrasiya İttifaqı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Moskvanın dominant olduğu bu birlik bir sıra parametrlərinə görə keçmiş SSRİ-ni xatırlatsa da İttifaqın strateqləri bunu ciddi-cəhdlə inkar edirlər.
2015-ci ilin yanvarından İttifaqın yarandığı elan edildikdən Azərbaycanın bu birliyə üzlük məsələsi həmişə diqqət mərkəzində olub. Moskva bu və ya digər şəkildə verdiyi mesajlarında Bakını bu İttifaqda görməyə həmişə hazır olduğunu səsləndirib. Lakin rəsmi Bakı Avrasiya İttifaqına üzvlük məsələsini rədd edib. Azərbaycan ilk növbədə Qarabağ münaqişəsini əsas gətirərək işğalçı dövlətlə eyni iqtisadi birlikdə təmsil olunmanın mümkünlüyünü istisna edib.
Son zamanlar dəbə minmiş “Avrasiya İttifaqına üzvlük müqabilində 5 rayonun qaytarılması” ideyası isə ciddi şübhələrə yol açıb. Analitiklər hesab edir ki, bu təklif bütün hallarda münaqişəni tam həll etməyəcək, əvəzində Azərbaycanı strategiyası və perspektivi dumanlı olan və son 20 ildə oturuşmuş siyasi və iqtisadi vektorlarının əleyhinə olan bir İttifaqın caynağına ata bilər.
Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycanın Avrasiya Birliyinə üzv olmasına qarşı olduqlarını bəyan edib.
O bu barədə jurnalistlərə açıqlamasında deyib: “Azərbaycan Avrasiya Birliyinə üzvlük üçün rəsmi müraciət etməyib amma etsə, biz buna qarşı çıxacayıq”.
Koçaryan Azərbaycanın müşahidəçi statusu almaq üçün belə Birliyə müraciət etmədiyini xatırladıb.

Bu xəbər oxundu
- - -