Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır”

17.10.17, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Novruz Məmmədov: “Danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”

Elşən Musayev: “Sarkisyan görüşün sonunda siyasi naqdaun yaşayıb ki, danışıqlar mərhələsinin uzadılması ilə bağlı həvəssiz olduğunu dilə gətirib”

Fikrət Sadıqov: “Ermənistana təzyiqlər edilməlidir”

BMT baş katibinin sözçüsü Stefan Dujarrik baş katib Antonio Guterresin adından Dağlıq Qarabağ sülh prosesi ilə bağlı bəyanat verib.
Sözçü bildirib ki, baş katib Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrədə baş tutan görüşü alqışlayıb: “O prezidentlərin danışıqların intensivləşdirilməsi üçün ölçü götürülməsinə və təmas xəttində gərginliyi azaltmaq üçün əlavə addımlar atılmasına dair razılaşma əldə etməsindən məmnun olub”.
Baş katib həmçinin BMT-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması üçün keçirilən görüşdə yaranan müsbət dinamikadan yararlanmağa çağırıb.
Amma görünən odur ki, Ermənistan yenə də öz ampulasındadır. İşğalçı ölkə beynlxalq hüquq normalarını heçə sayır və danışıqlar prosesini pozmaqla məşğuldur.
Cenevrə danışıqları başa çatar-çatmaz Ermənistan prezidenti Serj Sərkisyan yenidən aqressiv açıqlaması ilə İrəvanın sülh prosesinə hazır olmadığını bir daha təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra İsveçrədəki Ermənistan səfirliyində bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləməklə yanaşı, həmçinin özünün ənənəvi aqressiv fikirlərini bir daha səsləndirib. O, açıqca Qarabağdan vaz keçməyəcəklərini bildirib: "Bizim üçün yeganə həll variantı Qarabağın Azərbaycanın hüdudlarından kənarda olmasıdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib. Belə ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində buna münasibət bildirib: “Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.
Onun sözlərinə görə, Ermənistan prezidenti bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. N. Məmmədov vurğulayıb ki, Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq: “ Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.
Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü alqışa layiqdir: “Tərəflər hərbi qarşıdurma riskini azaldan danışıqlar formatını qoruyub saxlamalıdırlar. Görüş barədə bu qədər deyə bilərəm, çünki məlumat çox azdır. Belə görüşlər zamanı bir qayda olaraq gündəlik məlum olur və ya məlumat sızıntısına yol verilir ki, ekspertlər bunun əsasında təhlillər apara bilsinlər. Bu dəfə görüş baş tutanadək bir-birinə zidd məlumatlar yayıldı. Xüsusilə Azərbaycan Ermənistanın hansısa şərtləri qəbul edəcəyi deyilirdi, lakin şərtlər açıqlanmırdı. Ermənistan Vyana, Sankt-Peterburq razılaşmasının həyata keçirilməli olduğunu vurğulayırdı. Həmsədrlər isə hansısa xırdalıqları müzakirə edilən sənəd haqqında danışırdılar. Bir-birinə zidd olan bəyanatlar fonunda məsələni şərh vermək çətindir”.
Millət vəkili Elşən Musayev deyib ki, əslində Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə keçirilən bu görüşə sıradan bir protokol, estafet səbəbi ilə gəldiyini düşünürdü və əmin idi ki, ümumi söhbətlər zəminində görüş yekunlaşacaq. Deputatın sözlərinə görə, ancaq Azərbaycan Prezidentinin hər zaman olduğu kimi bu dəfə də ortaya qoyduğu qətiyyət, prinsipial mövqe Sarkisyanı pərt vəziyyətə saldı: “Diqqət edin, Sarkisyan görüşün sonunda elə bil siyasi naqdaun yaşayıb ki, danışıqlar mərhələsinin uzadılması ilə bağlı həvəssiz olduğunu dilə gətirib, üstəlik XİN başçıları səviyyəsində işçi qrupun bu prosesi davam etdirməsinə xüsusi münasibət bildirməyib. Bilirsinizmi səbəb nədir? Səbəb odur ki, hər danışıqdan sonra Sarkisyan bəlli suallar qarşısında aciz qalır, uğursuz fəaliyyətindən dolayı erməni lobbisinin tənəsi ilə üzləşir və ən nəhayət ATƏT-in, BMT-nin və ümumilikdə Beynəlxalq Hüququn tələb etdiyi öhdəliklərə saxta don geyindirməyə məcbur olur. Çünki qatil, işğalçı olduğunun fərqindədir. Belə olan halda isə ən “uğurlu” variant gizlənmək, zaman ötürməkdir. Bilmirəm, siz bu görüşlərdə Sarkisyanın simasına diqqət eləmisiz ya yox, amma adam hər dəfəsində ya başını aşağı dikir, ya siqaret çəkir, ya təbiəti seyr edir, ya fotoqraflara mənasız pozlar verir. Əlqərəz, panik vəziyyəti həmişə göz önündə olur”. E.Musayev əlavə edib ki, İlham Əliyev dəfələrlə Sarkisyanın, Ermənistanın, beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, sülh yalnız o halda baş verəcək ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gəlməyəcək: “Yəni, torpaqların qeyd-şərtsiz qaytarılmasından savayı variant yoxdur. Hətta Cənab Prezident o eyhamı da vurub ki, belə davam edəcəyi təqdirdə müharibə qaçılmazdır. Bu dəfə də eyni sözlərin, mesajların Ermənistan prezidentinin diqqətinə ən sərt formada çatdırdırıldığına əminəm”.
Politoloq Fikrət Sadıqov vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünün nəticələrindən optimist nəsə söyləmək olmaz: “Lakin dövlət başçıları səviyyəsində görüşün keçirilməsi o deməkdir ki, bizim prinsipial mövqeyimiz yenidən səslənir”. Politoloq bildirib ki, Ermənistana təzyiqlər edilməlidir: “Əks halda, düşmən ölkə öz mövqeyindən əl çəkməyəcək. Bilirsiniz ki, Ermənistan uzun müddət idi ki, danışıqlardan müxtəlif bəhanələrlə geri çəkilirdi. Bu baxımdan hazırda danışıqlar masasında müzakirə ediləcək məsələlər çoxdur”. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov”, “Tillerson” planlarının olduğunu deyən F.Sadıqov ATƏT-in keçmiş amerikalı həmsədri Riçard Hoqlandın problemin həlli ilə əlaqədar səsləndirdikləri prinsplərin ölkəmizin maraqlarına uyğun olduğunu dilə gətirib: “Hoqlandın səsləndirdiyi prinsiplərin birinci maddəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və digər məsələlərin yalnız bundan sonra həyata keçirilməsi dayanır. Təbii ki bu, Azərbaycanın maraqlarına tam uyğundur”. Politoloq əlavə edib ki, hazırki vəziyyətdə Rusiyanın Ermənistanı silahlandırılması məsələsi danışıqlar prosesinin maraqlarına ziddidir: “Amma bütün bunlara baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində bütün vasitələrdən istifadə edir və bundan sonra da etməyə hazırdır”.
Millət vəkili Rövşən Rzayev bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutdu və danışıqlar predmeti mövcuddur: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar masası arxasında təmin olunmalıdır”. Onun sözlərinə görə, həmçinin dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq prinsipləri mövcuddur və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də bu prinsiplərə arxalanaraq məsələnin həllinə ədalətli formada yardımçı olmalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması o deməkdir ki, bu işlər davam etməlidir və Ermənistan xalqı konstruktiv mövqeyə gətirilməlidir. Beləcə məsələ beynəlxalq qanunauyğun olaraq da həllini tapmalıdır. Əsas məsələ odur ki, danışıqlar davam etdirilir. Bu o deməkdir ki, hər iki tərəfin marağındadır ki, müharibə aktiv fazasına keçməsin”.
R.Rzayev hesab edir ki, bu görüş indiyədək keçirilən görüşlərdən müəyyən mənada seçilirdi: “Cenevrədə keçirilən görüş onu göstərdi ki, ümumiyyətlə görüş mövcuddur və dayanmayıb. Təbii ki, cənab Prezident İlham Əliyevin mövqeyi, onun şəxsi nüfuzu bütün aparıcı dövlətlərin rəhbərlərinə bəllidir. Sarkisyanın terrorçu olaraq torpaqlarımızı işğal etməsi də hər kəsə bəllidir. Orada qəbul olunan şərtlərdən biri odur ki, ərazi bütövlüyü təmin olunmalıdır”.

Əli

Bu xəbər oxundu
- - -