Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Sarkisyanın bu görüşə getməkdə əsl məqsədi...”

17.10.17, 10:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Sülh danışıqlarına guya hazır olduğu təsəvvürünü yaratmaqdan ibarətdir”

“Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Serj Sarkisyanın və ardından da digər Ermənistan rəsmilərinin bu danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri artıq çox şeydən xəbər verir”. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, ilk növbədə danışıqlar öncəsi Rusiyanın öz "for-post"una silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz: "Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Rusiyanın moderatorluğu altında Peterburqda keçirilib. Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsiylə bağlı ya ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi. Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, bu görüşdən böyük nəticə gözləmək lazım deyil".
Sahib Alıyev qeyd edib ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün Qərbdəkilər yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər: “Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Belə bir qətnamə isə çıxarılmadı. Əksinə biz həmin qurumu idarə edən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standartları ilə üzləşdik.
Elə buradan da görünür ki, Sarkiysanı Cenevrə görüşünə aparan ancaq Azərbaycanın gücü, cəbhədəki mövqe üstünlüyü və əks-təxribat əməliyyatlarıdır. Sarkisyanın bu görüşə getməkdə əsl məqsədi sülh danışıqlarına guya hazır olduğu təsəvvürünü yaratmaqdan ibarətdir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyev heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq verir ki, məsələnin ilk növbədə sülh yoluyla həllinə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelində baş verən hadisələr yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq məcburiyyətində qalsınlar. Qələbəmizdən məmnunluq duymasalar da, yaranan reallığı çar-naçar həzm edəcəklər".

Bu xəbər oxundu
- - -