Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə ABŞ-ın 4 şərtini qəbul etməlidir

20.10.17, 10:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qərb ölkələrində hər hansı bir xarici ölkənin nümayəndəsinə qarşı iddia irəli sürülərkən, bu iddianı hökumət orqanları sübuta yetirir. Yəni həmin şəxsin öz günahsızlığını sübuta yetirmək üçün müxtəlif əşyayi-dəlillər gətirməsinə ehtiyac yoxdur. Bu, hakimiyyət orqanlarının işidir. Mətin Topuz barədə də ABŞ prosesin bu şəkildə aparılmasını istəyir”.
Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə və ABŞ arasında viza böhranının həll edilməsi üçün aparılan danışıqlar zamanı ABŞ-ın irəli sürdüyü 4 şərtə aydınlıq gətirərkən deyib. O bildirib ki, ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuzun “Gülən işi” istintaqı çərçivəsində Türkiyə hakimiyyət orqanları tərəfindən həbsi iki dövlət arasında ciddi problemlərin yaranmasına səbəb olub:
“Hətta ABŞ və Türkiyə qarşılıqlı şəkildə vizaların verilməsini dayandırıb. Türkiyə tərəfi hesab edir ki, Topuz FETÖ-çudur və 15 iyul hadisələrində iştirak edən və onu yönləndirən şəxslərdən biri olub. Bunlar çox ağır iddialardır. Çünki Topuz uzun müddətdir ki, ABŞ-ın Baş Konsulluğunda işləyir. ABŞ-ın tələbi onunla bağlı olan iddialar sübut edilərkən istintaq prosesinin şəffaf aparılmasıdır. Topuzla bağlı aparılan istintaq proseslərində konsulluğun və yaxud ABŞ-ın xüsusi seçəcəyi nümayəndənin də iştirak etməsini tələb etməsi normaldır. ABŞ-ın qorxduğu ən ciddi təhlükə isə Topuza qarşı işgəncə və ya hər hansı fiziki güc tətbiq edilməsi və ona qarşı psixoloji təzyiqlərlə bağlıdır. Onun təkadamlıq kamerada saxlanılması və psixoloji cəhətdən ona müxtəlif üsullarla təzyiq göstərilməsi barədə Amerika mətbuatı məlumatlar yayır”.
Politoloq qeyd edib ki, Topuz barədə ABŞ prosesin iki ölkənin hakimiyyət orqanları tərəfindən həll edilməsini istəyir:
“Əgər Topuzun agent olması və ABŞ-a işləməsi barədə, xüsusilə 15 iyul hadisələri dövründə FETÖ qüvvələrinə qarışması ilə bağlı ortaya təkzibedilməz sübutlar qoyularsa, ABŞ əlbəttə öz iddialarını geriyə götürə bilər. Ancaq sadəcə bir ittihamla insanı həbs etmək və onunla bağlı məhkəmə hökmü vermək olmaz. Fikrimcə, qardaş ölkə ABŞ-ın tələblərini qəbul etməlidir. Türkiyənin əlində lazım olan qədər faktlar varsa, bunu ABŞ-dan və dünyadan gizlətməyə ehtiyac yoxdur, əksinə, bu faktları göstərməklə, qarşı tərəfi ifşa etmək olar. Bütün bunlar onu göstərir ki, məhkəmə istintaqı və prokurorluqda aparılan araşdırmalar tək Türkiyə hakimiyyət orqanlarının deyil, eyni zamanda ABŞ-ın da göndərdiyi müşahidəçi şəxslərin iştirakı ilə həyata keçirilməlidir. Belə olduqda iki ölkə arasında olan bu tipli gərginliklər yaşanmaz. Sübut edilmiş məsələlər tezliklə hökm qüvvəsi ala bilər”.
Qeyd edək ki, ABŞ nümayəndə heyəti Türkiyə ilə viza probleminin həlli üçün 4 şərt irəli sürüb. ABŞ-ın Ankara qarşısında qoyduğu ilk şərt həbs olunan konsulluq əməkdaşı Mətin Topuzla bağlı sübutların Vaşinqtona təqdim edilməsidir. Rəsmi Vaşinqton Ankaradan həmçinin təmasların ABŞ-ın istəyi ilə olub-olmamasının öyrənilməsini, rəsmi Vaşinqtonun tapşırığı ilə qurulan təmaslara görə işçinin həbs edilməməsini və işçilərə dair istintaq aparılarkən ABŞ tərəfinə məlumat verilməsini tələb edib.

Bu xəbər oxundu
- - -