Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güneyli yazarlarla görüş

20.10.17, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Anladıqca ana dilimi axtardım"

Səid Muğanlı: "Söhrab Tahir dedi ki, parçalanmış Azərbaycan arasında kitabla körpü salın"

Oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Güney Azərbaycanda yazıb-yaradan xanım yazar-şair Fəranək Fərid, Alma Muğanlı, Səhər Baranı, Zəhra Təhmasib və Güney Azərbaycanın tanınmış şairi Səid Muğanlı ilə görüş oldu. AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz yazarları təqdim etdi, onların yaradıcılığındakı Vətən, Yurd, İnsan, dünyanın qayğılarına özünəməxsus yanaşmaları haqqında danışdı. Millət vəkili Jalə Əliyeva yazarları salamladı, onların gəlişi ilə bağlı sevincini ifadə etdi. İpək imzalı Fəranək Fərid duyğusallığı ilə diqqət çəkdi. O, uşaqlıqdan ana dili ilə bağlı düşündüyünü, dilindən ayrı yaşamağın mümkünsüzlüyünü dedi, ana dilinin insanın həyatındakı qaçılmaz rolundan danışdı: "Hansı ana doğduğun boğar? Biz boğduq doğduğumuz dili". Xanım yazar: "Anladıqca ana dilimi axtardım"-dedi.
Şeirlərində həsrət dolu notlar olan İpək xanımın ifadəsi ilə desək, ana dili uğrunda mübarizə ilə yanaşı İranda "örpəyin yavaş-yavaş arxaya getməsi" də asan başa gəlməyib. Urmu gölü ilə bağlı xanım yazar qayğısısını belə dilə gətirdi: "Gölə dəyən zərbə mənə dəydi". Səid Muğanlı çıxışında mərhum şair Söhrab Tahirin sözünü xatırladı: "Yaxşı yadımdadır, dedi ki, parçalanmış Azərbaycan arasında kitabla körpü salın".
Neçə ildir ki, Səid bəy nəinki Güneydə yaşayan yazar soydaşlarının, eləcə də Quzey Azərbaycandakı yazarların kitablarını Güney Azərbaycanda imkanı çatan qədər çap edir. İnanır ki, belə kitablarla qurulan körpünü heç bir güc yıxa bilməz. Təbii ki, elə bir mühitdə bu cür gözəl istəyi gerçəkləşdirmək çox çətindir, ancaq yenilməz istək olanda baş tutur. Səid Muğanlı bir şeirini oxudu, "Can üstədir millət" - dedi, sonda təkrarlananan ərəbcə ifadəyə görə üzrxahlıq da etdi, bunun qaçılmaz olduğunu söylədi.
Şeir yazan Zəhra Təhmasib həm də qiraətçidir. Xanım soydaşımız uşaqlıqdan şeirlə maraqlanıb, bu istək onu Azərbaycan poeziyasına möhkəmcə bağlayıb. Başlayıb öz-özünə türkcə poeziya örnəklərindən deməyə, dili də bundan sonra açılıb. Yəni özünü qiraətçi kimi yetirə bilib. Təbii, bu istək də İran mühitində elə-belə istək deyil, o da ola istəyini gerçəkləşdirə biləsən: "Axı mən türkəm, fars deyiləm" - deyə xanım yazar klassiklərimizi oxuyub səsləndirib. 8 ilidir bədii qiraətlə məşğul olan xanım işini həvəskarlıq sayır. Ancaq bunu ən azı gözəl bir istək, iş saymaq olar. Özü üzərində bundan sonra daha çox çalışsın, bunu diləyirik.
Bundan sonra Urmulu xanım öz şeirini oxudu, onun dil aydınlığı başqalarından təbii ki, aydın seçilirdi. Deməli, gözəl, ardıcıl, yaşarı örnəkləri alqışlamaq gərək. Səhər Barani Sulduzdandır. Xanım yazar şəhərdə farslarla yanaşı kürdlərin də yaşadığını bildirdi. Şübhəsiz, bu kimi mühitlərdə ulusal varlığı qorumaq çətindir, ancaq soydaşlarımız bunu bacarırlarsa, ruhdan düşmürlərsə, yaxşı haldır.
Səhər xanımın oxuduğu şeirdən bir misra yaddaşımda ilişib qaldı: "Gecənin gözləri hələ mavidir". Deyək ki, Səhər - xanımın yaradıcı adıdır, sənəd adı isə Minadır. Alma Muğanlı da danışdı. Alma yaradıcı adıdır, sənəd adı Şümadır. Alma xanım Bakıda olmağına sevindiyini dedi. Onun şeirindən bu misra yaddaqalan sayıla bilər: "Qarğalar ağarır, qarlar qaralır"...
Hər halda Güneyli yazarların axtarışları sayğıyla qarşılanmalıdır. On milyonlarla soydaşımızın yaşadığı Güney Azərbaycanda, ümumən İranda ana dilimizin - türkcəmizin basqıda olduğu gerçəkdir. Yazarların əsasən sərbəst şeir növünə üstünlük verməsi sezilir. Ancaq dilək odur ki, onlar hecada da çox yazsınlar. Yaradıcılıq fərdi hadisədir, şübhəsiz, diqtəylə baş tutmur, burda isə diqtə yox, ana dilimizin sabahı üçün ölçü-biçili şəkildə şeiriyyətin ömürlərə gəlişini ifadə etmək gərəkliyi deyilir.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -