Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

29.05.14, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İrakli Alasaniya: "Azərbaycan təkcə qonşumuz deyil, həm də tarixi dostumuzdur"

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan Müdafiə Nazirliyində Zakir Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib. Qonağı Gürcüstanın müdafiə naziri İrakli Alasaniya qarşılayıb.
Daha sonra iki ölkənin müdafiə nazirləri arasında təkbətək görüş keçirilib. Görüşdən sonra Zakir Həsənov və İrakli Alasaniya birgə mətbuat konfransı keçiriblər.
Zakir Həsənov deyib ki, Azərbaycanla Gürcüstanın bütün sahələrdə çox sıx əlaqələri var: "Bütün istiqamətlər üzrə əməkdaşlığımız inkişaf edir. Beynəlxalq qurumlarda Azərbaycan və Gürcüstanın mövqeləri üst-üstə düşür və eynidir. Biz minnətdarlıqla qeyd edirik ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Bütün istiqamətlərdə olduğu kimi, biz hərbi sahədə də əməkdaşlığı gücləndiririk. Bunun üçün geniş imkanlar var. Hərbi, hərbi-texniki təhsil sahəsində imkanlarımız böyükdür. Cənab İrakli Alasaniya qeyd etdi ki, bizim Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı sahəsində də böyük imkanlarımız var. Biz bu istiqamətdə güclü işləyəcəyik. Əminəm ki, bu, üç dövlətin xeyrinə olacaq. Mən də fürsətdən istifadə edib Gürcüstan xalqına əmin-amanlıq və sülh arzulayıram".
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycanı Gürcüstanın tarixi dostu adlandırıb.
İ. Alasaniya bildirib ki, səfər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsinin, inkişafının bir daha nümunəsidir: "Biz görüşümüzdə iki ölkə arasında hərbi əməkdaşlıq, hərbi sənaye sahəsində əməkdaşlıq, ikitərəfli formatda əməkdaşlıq haqqında müzakirələr apardıq. Biz həmçinin üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı məsələlərinə dair söhbətlər etdik. Fürsətdən istifadə edib Azərbaycanın Respublika Günü münasibətilə həmkarımı və Azərbaycan xalqını təbrik edirəm, Azərbaycana daimi müstəqillik, inkişaf arzulayıram".

Bu xəbər oxundu
- - -