Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanda demoqrafik vəziyyət: problemlər, gözləntilər...

15.11.17, 8:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son 20 ildə, xüsusilə də son 10 ildə Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına və müsbət miqrasiya saldosuna nail olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə bir müddət kəskin demoqrafik amillə üz-üzə qalmışdı.
Əhalinin, xüsusən də kişi cinsindən olanların xaricə, əsasən də Rusiyaya iş dalınca getməsi son illərə qədər geniş vüsət almışdı. Yalnız son 5-7 ildə ölkədə geniş miqyaslı iş yerlərinin açılması ilə xaricə axın xeyli səngidi. Amma ölkənin əsas demoqrafik problemi heç də əhalinin iş dalınca başqa ölkələrə üz tutması ilə bağlı deyil. Azərbaycanda hazırda 1 milyona yaxın məcburi köçkün və qaçqın yaşayır ki, onlar erməni təcavüzü nəticəsində dədə-baba yurdlarından didərgin düşüb. Həmin bir milyonun 250 minə yaxını qaçqın, 750 mini isə məcburi köçkündür. Bu da ölkə əhalisinin doqquzda biri deməkdir. Onların da böyük hissəsini qadın və uşaqlar təşkil edir. Bu kateqoriyadan olan insanlar ölkənin müxtəlif yerlərinə səpələnib ki, bununla da bir çox yerlərdə əhali sıxlığı yaranıb. Məcburi köçkün və qaçqınların əksəriyyəti son illərə qədər çadır şəhərciyində yaşayırdı. Yalnız bir neçə il olar ki, onların əksəriyyəti üçün ölkənin müxtəlif yerlərində evlər tikilib. Bunun da nəticəsində həmin kateqoriyadan olan vətəndaşların bir sıra problemləri aradan qalxıb. Amma başlıca problemləri - Vətən həsrəti hələ də həll olunmamış qalır. Bundan başqa ailə, uşaq məsələlərində də demoqrafik problemlər yaşanır. Ölkəmizdə xaricə gedib əcnəbi qızlarla ailə quran oğlanların sayı hələ də çox olaraq qalır. Hətta məsələ o yerə çatıb ki, artıq qızlarımız da əcnəbi vətəndaşa ərə gedir.
Bundan başqa demoqrafik problem kimi oğlan uşaqlarının qız uçaqlarından çox doğulduğu əsas gətirilir. Hər kəsə məlumdur ki, Azərbaycanda ailələr daha çox oğlan uşağının dünyaya gəlməsinə önəm verir. Oğlan uşağını nəslin, soyadın davamçısı, varis hesab edirlər. Hətta bir sıra ailələr qız uşaqlarının doğulmasına görə boşanırlar. Çoxumuz ətrafımızda şahidi olmuşuq ki, 3 qızı olan ata ailəsindən imtina edir, oğlu olmadığı üçün boşanır və yenidən ailə qurur. Övlad ayrı-seçkiliyi qəribə görünsə də, çox təəssüf ki, günümüzdə bu mövcuddur. Bəzən bir ailənin oğlan övladı olanda həmin günü toy-bayram edir, qonaqlıqlar verir, hər kəs gözaydınlığı verir. Qız övladı olanda isə “gələn dəfə oğlan olar” deyərək, təskinlik verirlər. Bəzi hallarda uşağın qız olduğunu öyrənən valideynlər onu dünyaya gətirməkdən imtina edir və beləcə, selektiv abortlar sayəsində qız uşaqları doğulmadan məhv edilir, oğlan uşaqları isə doğulur.
Sosioloq Əhməd Qəşəmoğlu isə indiki fərqin o qədər də qorxulu olmadığını deyib: “Hazırda bu istiqamətdə çalınan qorxu və həyəcan siqnallarının o qədər də əsası yoxdur. Yəni tez-tez danışırlar ki, oğlanlar çox doğulur, qızlar az doğulur və bu böyük demoqrafik problemlər yarada bilər. Əslində bu belə deyil. Buna kənardan baxanlar, bu işin içərisində olmayanlar bu barədə daha çox həyəcanlanırlar. Mən az qala 40 ildən çoxdur ki, bu prosesləri izləyən və statistikanı bilən adamam. Əvvəllər ölkədə qızların sayı çoxluq təşkil edirdi. 70-ci illərdə bununla bağlı ailə qura bilməyən qızların sayı kifayət qədər çoxalmışdı. Bu da ölkədə 70-ci illərdə çox böyük bir problem idi. Biz nəzərə alsaq ki, oğlanlar ölkədən daha çox çıxıb gedir, həmçinin onların müharibələrdə daha gənc yaşlarında öldüklərini nəzərə alandan sonra baxarıq ki, indiki fərq o qədər qorxulu deyil. Əksinə, oğlanların çox doğulması yaxşı haldır. Oğlanların ölkədən çıxıb getməsi hesabına və bir də müharibələrdə və bədbəxt hadisələrdə oğlanların ölməsi evlənmə yaşına çatanda faizləri balanslaşdırır. Buna görə də bu hal qorxulu deyil. Əksinə, indi olan fərq ümumən normal bir haldır. Təbii ki, çox böyük fərq olsa, siz dediyiniz demoqrafik bir gərginlik yarana bilər. Amma indiki fərq müsbət bir haldır”.
Sürətli sosial-iqtisadi inkişaf isə istənilən ölkədə həmişə əhalinin artımına səbəb olur. Lakin əhalinin artması, eyni zamanda, qarşıya bir çox həlli vacib məsələlər qoyur. Məsələn, əhali artdıqca yeni iş yerlərinin yaradılmasını, ərzaq, mənzil məsələlərinin uğurlu həllini və s. tələb edir. Azərbaycan dövləti bu məsələləri həmişə diqqət mərkəzində saxlayır və həmin istiqamətdə öz məqsədyönlü tədbirlərini davam etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərə də toxunub: “Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir”.
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır. Əhali artımının nə üstünlükləri var?
Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev bildirib ki, qloballaşan dünyada iqtisadi inkişaf əhlinin sayından və demoqrafik artımdan asılıdır: “İnkişaf etmiş ölkə üstünlüyünü saxlamaq üçün yalnız kapitala, texnologiyaya, yeni ideyalara və ixtisaslı işçi qüvvəsinə söykənə bilməz. Şübhəsiz ki, əhalinin artması Azərbaycan üçün əlverişli bir amildir. Bu, xüsusilə Ermənistanla uzunmüddətli münaqişə şəraitində aktualdır. Çünki əlverişsiz demoqrafik vəziyyət milli təhlükəsizliyi sual altında qoya bilər. Nəinki əmək resurslarının qıtlığı yaranar, hətta ölkənin müdafiə qabiliyyəti azalar”.
Demoqraf alimin fikrincə, miqrantların iqtisadi artımı təmin edə bilməsi fikri yanlışdır: “Ölkənin öz əhalisi nə qədər surətlə artırsa, iqtisadi inkişaf tempi də bir o qədər sabit olur. Son illər Azərbaycanda bunu müşahidə edirik. Düşünülmüş iqtisadi siyasət əhalinin artımı üçün əlverişli şərait yaradıb. Ümumiyyətlə, demoqrafik proseslər ölkənin sosial-iqtisadi vəziyyəti ilə birbaşa bağlıdır”.
Qocalma prosesi də demoqrafik böhran deməkdir. İqtisadçı ekspert Samir Əliyev inkişaf etmiş ölkələrdə əhalinin qocalması probleminə diqqət çəkib: “BMT-nin qiymətləndirmələrinə görə, 2050-ci ildə dünya əhalisinin sayı 9,3 milyard nəfərə çatacaq. Dünya əhalisi artsa da, artım tempində azalma müşahidə edilir. İnkişaf etmiş ölkələrdə demoqrafik problemlər mövcuddur. Artım əsasən üçüncü dərəcəli ölkələr hesabına baş verir.
Hər bir ölkə demoqrafik problemləri daim diqqətdə saxlayır. Son onilliklərin əsas problemi əhalinin qocalmasıdır, yəni yaşlı insanların xüsusi çəkisi getdikcə artır. Bu isə ölkə iqtisadiyyatı üçün ağır yükdür. Əhali artımının azalması məhz yaşlı insanların payının artmasını şərtləndirir. Əhali artımı ölkədə əmək qüvvəsinin artımını, iqtisadiyyatın böyüməsini təmin edir. Çünki iqtisadiyyatı tələbat səviyyəsi böyüdür və ya kiçildir. Əsas məsələ əhalinin kəmiyyət artımını keyfiyyət artımına çevirməkdir. Çünki təhsilsiz, sağlam olmayan əhali atımı gələcəkdə istənilən ölkə üçün problemlər yaradır”.
Onu da bildirək ki, axır vaxtlar ölkədə demoqrafik məsələləri əhatə edən bütün sahələr üzrə irəliləyişlər gözə dəyir. Bu həm də ölkə rəsmilərinin demoqrafik məsələlərin həlli istiqamətində gördüyü bir sıra tədbirlərin nəticəsidir. Bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət demoqrafik problemlərlə bağlı işçi qrupun yaradılması qərarına gəlib. Söz yox ki, ölkədə sözügedən problemin həlli istiqamətində komitənin və Ədliyyə Nazirliyinin bir sıra mühüm xidmətləri olub. Amma bu sahədə QHT-lərin də rolu danılmazdır. Onlar da öz imkanları çərçivəsində demoqrafik problemin çözülməsi istiqamətində müxtəlif təkliflərlə çıxış edib, bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirib. Amma məsələ bundadır ki, problemin daha effektli həlli üçün qüvvələrin birləşdirilməsinə ehtiyac var.
Ekspert Azər Allahverənov bildirib ki, demoqrafiya elə bir sahədir ki, burada bu gün operativ səviyyədə hansısa bir məsələni həyata keçirməyin effektini bir il ərzində, qısa müddətdə görmək mümkün deyil. Gündəmdə olan demoqrafik problemlər müzakirə olunarkən onların həlli məsələsi bir neçə müddətə hesablanır. Burada azı 5-10 ildən söhbət gedir. Bu gün atılacaq pozitiv addımın nəticəsini ancaq bir neçə il keçdikdən sonra görə bilərik. Demoqrafiya sahəsində ölkəmizdə mövcud olan problemlər məhz onu tələb edir ki, gündəmdə saxlanan məsələlərin bir qismi kənara qoyulsun və icra strukturları bir qayda olaraq demoqrafiya məsələlərilə məşğul olsun. Yaxın qonşularımızda demoqrafik sahədə bir çox problemlər yaşanmaqdadır. Azərbaycanda gözə çarpan demoqrafik problemləri sərt şəkildə görməsək də, bilirik ki, bu sahəyə aid alt sahələrdə bəzi məsələlər özünü göstərməkdədir. Bu da kənd əhalisinin azalması ilə bağlı məsələdir. Vaxtilə urbanizasiya prosesinin sürətlə getməsi kəndlərin bir hissəsinin boşalmasına gətirib çıxarıb. Miqrant axınında əsasən gənclər iştirak edir. Onların da çoxu ailə qurmayan vətəndaşlardır. Bu isə nəticə etibarilə ona gətirib çıxarır ki, xaricə üz tutanlar əsasən həmin ölkənin xanımı ilə ailə qurur. Burada açıq-aşkar elə də ciddi narahatlıq görmürük. Amma təcrübə göstərir ki, il ərzində minlərlə azərbaycanlı oğlan xaricdə nikaha daxil olur. Əsasən də, Rusiya və Ukraynada bu hal daha geniş müşahidə olunur. Rusiyada orta hesabla il ərzində 5 minə yaxın soydaşımız həmin ölkə vətəndaşı ilə nikaha girir. Kimsəsiz və ya bir valideynlə qalan uşaqların taleyi də önəmli məsələlər sırasındadır. Küçə uşaqları problemi də vaxtaşırı gündəmə gətirilir".
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” hazırlanıb.
Dövlət Proqramı Azərbaycan tərəfindən ratifikasiya olunanbeynəlxalq konvensiyaların, 1994-cü ildə Qahirədə qəbul edilən “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının və 2014-cü ildən sonrakı dövr üçün fəaliyyətləri müəyyən edən sənədlərin, Azərbaycan Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın məqsəd və prinsiplərinə əsaslanır.
Dövlət Proqramı ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməsi zəruri olan tədbirləri özündə əks etdirir.
Dövlət Proqramı ölkədə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində 2025-ci ilədək dövr üçün strategiyanı müəyyənləşdirməklə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Habil Hüseynov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bu xəbər oxundu
- - -