Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan türklərinin mifologiyasında dünya dağına inam

16.11.17, 8:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünyanın dağdan idarə olunması. Bu ideyanın XII yüzillikdə yazıya alınan («Munisnamə»də) mifik modeli göstərir ki, azərbaycanlılarda Dünya Dağına inam çox güclü olub. Xalq arasında dillər əzbəri olan bir silsilə bayatıların bu gün də dağlara müraciətlə (A dağlar, ulu dağlar...) başlanması, insanların dərdlərini ulu dağlarla bölüşməsi həmin inancdan doğur:
Dağların qarı dərman, Yarama sarı dərman... Hərkayıl-Herakl-Koroqlu mifində dağ kultu. Azərbaycanın Eldəgizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, gəncəli əl-Ustadın «Munisnamə» (XII əsrdə yazılmışdır, kitabın əlyazması 1920-ci ildə Gəncədən Londona aparılıb, hal-hazırda əsərin yeganə nüsxəsi «Britaniya» muzeyində saxlanılır) əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir. Yer üzünün bütün torpaqları ora bağlanır. Kainatın düz ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf mavi zümrüddən yaradılıb. Əl-Ustad yazır: «Əsatir qoruyucularının bəziləri söyləyirlər ki, Qaf ancaq xrizolitdən (qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli daş) ibarətdir və dünya üzərindəki göy ona görə mavidir ki, onda xrizolit-dağ əks olunur». Dünyanın bütün damarları Qaf dağının hamisi - qoruyucusu Hərkayılın əlində cəmləşirdi. Dünyada elə bir şəhər, kənd, vilayət, ölkə, guşə yox idi ki, yeraltı damarları ilə Qaf dağlarına bağlanmasın. Allahın hansı ölkəyə qəzəbi tutsa, Hərkayıl onun su damarlarını kəsirdi, nəmliyin qarşısı alınırdı, orada quraqlıq və fəlakət baş alıb gedirdi; bütün bulaqlar, arxlar, çaylar quruyur, bitkilər, otlar susuzluqdan məhv olurdu. Zəlzələnin də baş verməsinə səbəb tanrının insanlara qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə o diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir, nəticədə yerin altı üstünə çevrilir, ya da yer yarılıb, bütün canlıları udur. Hərkayıl deyirdi: «Tanrının buyruğu olsa, Qaf dağından keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm tək canlıların başına daralar. Lakin Yaradanın qayğısı ilə çoxlarının qulluğunda dururam, böyük günah işlədənlərin isə yaşadıqları ərazilərin damarlarını burub, onları min cür əziyyətə düçar edirəm». Dünyanı idarə edən Qaf dağı nəhəng öküzün başındakı 2 buynuzunun arasında yerləşir. Bu öküzün böyüklüyü 1000 illik yol məsafəsinə bərabərdir.
Qaf dağının qoruyucusu Hərkayıl yunanlara saklardan keçən mifik mədəni qəhrəman Heraklı xatırladır. F.Cəlilov hələ keçən əsrin 80-ci illərində Heredota istinadən belə bir fikir irəli sürmüşdü ki, bu obrazın mənşəyi prototürk tayfalarına bağlanır. Müqayisə üçün türk eposlarının özəyində duran «Qoroğlu/Koroğlu» mifinin tarixi köklərinə baş vuraraq yazırdı ki, «Koroğlu adının qədim anlamı, semantikası ilə gerçəkləşən qəhrəmanlıq səfərləri yunan və italyan mifologiyasında dəyişmədiyi kimi, adın özü də tərcümə olunmadan saxlanıb: Kor-oğlu – azər; Qor-oğlu – türkmən; Her-akle(s) – yunan; Xer–okle – etrusk; Her-(o)kul(s) –latın. Beləliklə, saqat soykökü rəvayətinin yunanlı informatoruna görə, Herakl saqatların ulu babası olan Skifin atasıdır. Herakl özü isə yunan mifologiyasında Olimpin baş tanrısı Zevsin dünya gözəli Amenadan doğulan oğludur». Krım əhalisinin dilindən yazıya alınmış «Herakl və skiflər» adlı mifdə göstərilir ki, Herakl öküzlə boya-başa çatdığı diyarda yer şumlayırmış. Toxumları səpib qurtarır, dincini almaq istəyir. Hava soyuq imiş, onu göy çəmənlikdə qəflətən yuxu tutur. Ayılanda görür ki, atı və arabası yoxdur. Peşimançılıq çəkən Herakl axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə bir məxluq çıxır ki, bədəni beldən yuxarı gözəl qız, kəmər yerindən aşağı isə ilan idi. Təəcüblənərək ondan soruşur: «Sən kimsən?» İlan-qadın cavab verir: «Mən Apa (Ana) ilahəyəm». Herakl xəbər alır: «Apa tanrı, sən mənim atımı görməmisən?» İlan-qadın deyir: «Atın və araban məndədir. Onları ancaq bir şərtlə sənə qaytararam: bir müddət burada qalıb mənim ərim olacaqsan». Herakl payi-piyada dünyanın o biri başında yerləşən vətəninə dönə bilməyəcəyini anlayır və Apa tanrının yanında qalmağa razılaşır. İlan-qadın atı və arabanı qaytarmağa tələsmir, ona görə ki, Herakla vurulmuşdu. Onlar o vaxta qədər birlikdə yaşayırlar ki, üç uşaqları dünyaya gəlir. Bundan sonra Apa atı və arabanı Herakla verib deyir: «Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını duyuram. Verdiyim sözün üstündə dururam. Atını və arabanı geri qaytarıram. Ancaq söylə görüm, oğlanların böyüyəndən sonra nə edim? Onları sənin yanına yollayım, yoxsa öz ölkəmdə saxlayım?» Herakl belə qərara gəlir: üstü qızıl kasalı kəmərini belindən açır, sonra yayını dartıb gərilmiş ipi bağladığını və oxu necə atdığını göstərir. Onları Apa tanrıya verib bildirir: «Oğlanlarım böyüyüb kişiləşəndə qoy kəmərimi bellərinə bağlasınlar və yayımı çəkib sahmanlasınlar. Kəmərim onlardan hansının belinə gəlsə və kim yay-oxumu mənim kimi sahmanlaya bilsə, yanında saxla. Yayımın gərilmiş ipini bağlamağı bacarmayanı və kəmər belinə gəlməyəni qov getsin». İllər keçir. Heraklın oğlanları böyüyürlər. Apa tanrı atalarının kəmərini və ox-yayını gətirib övladlarının qarşısına qoyur. Kəmər iki oğlun belinə çox geniş olur. Onlar qızıl kasaların ağırlığını daşıya bilmir. Böyük və ortancıl qardaşın yayın gərilmiş ipini də çəkib bağlamağa gücləri çatmır. Hər ikisini ölkədən qovurlar. Heraklın kəməri üçüncü oğlun belinə gəlir və o, yayı atası kimi qaydasına salıb oxu sərrast atır. Bu, kiçik oğul Skif idi. Skif ölkədə Apa tanrının himayəsində qalır və ondan skif tayfası törəyir. Skiflər Heraklın öküzlərlə yer şumladığı Tavr və Dnepr ətrafı çöllərdə məskunlaşırlar. Göründüyü kimi, prototürk tayfalarının kök saldığı ərazilərin müasir əhalisinin yaddaşında Herakl mənşəcə yunanlı deyil. O, türkün bir qolunun ulu əcdadı Oğuz kimi üç oğlunun içərisindən ancaq ox-yayla bağlananı seçib yeni nəslin başında durmasına razılıq verir.
Bizə elə gəlir ki, «Munisnamə»də «Hərkayl/Qerkayl» kimi xatırlanan demiurq daha dərin qatlardan gəlir və «Avesta»dakı «Hara-Bərazayt»ın, yunan-sarmat-skiflərdəki «Herakl»ın, türk-azərbaycanlılardakı «Qoroğlu/Koroğlu»nun kökünün başlanğıcında dayanır. Çünki sadalananların hamısı dağla bağlanır, işıq-qaranlığı, göy-yeri mənalandırır.
Oğuz mifi və Quz/Qazlıq dağı. Qədim roma miflərində şəhid çoban kimi xatırlanan «Qafqaz»da və dağ zirvəsi «Kazbek» («QAZbək» // QUZbəy» // Oğuzbəy») sözündə türk mənşəli hissəciklərin olduğu şübhəsizdir. Birincinin ikinci hecasında «qaz // quz», ikincinin isə əvvəlində «kaz // qaz // quz» komponentlərinin mövcudluğu göstərir ki, «işquz // aşquz // iç oğuz» tayfaları çox əski çağlardan Azərbaycanın dağlıq və dağətəyi sahələrində məskunlaşıblar. Maraqlıdır ki, «Dədə Qorqud» dastanında da bu dağın adı «Qafqaz» sözünün məhz ikinci hissəsinə («qaz»a) məkan anlamlı sözdüzəldici «lıq» şəkilçisi artırılmaqla yaranır: «Qaz // lıq».
Göylə Yerin birliyi, yəni yaradıcının insanlara, təbiətə yaxınlığı. İlkin təsəvvürlərə görə göy yerdən aralı deyildi. «Qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı». Sonralar bu təsəvvürlər esxataloji xarakter almış və dünyanın məhvi şəklinə salınmış, göyün - yaradıcının üz döndərməsinin səbəbi insanların şərə, pis əməllərə meyl etmələri ilə izah olunub.
Dünyanın yeddi qatda təsviri. Azərbaycanlıların mifoloji təsəvvürlərində «Göyün yeddi qatı var. Birinci qat torpaxdı ki, qara camahat yaşayır. Sonrakı qatlarda huri-pərilər, qılmannar, peyğəmbərlər yaşayır. Lap yeddinci qatda isə allah öz taxtında oturup dünyanı idarə eliyir». «Munisnamə»də isə dünya qırx qatlı təsvir edilir.
Dünya yaranmamışdan əvvəl ancaq yaradıcının (Allahın tək halda) mövcudluğu. Əksər mifoloji sitemlərdə yaradıcıdan əvvəl də yaşayışın olması göstərilir. «Avesta»da əsas yaradıcı Hörmüzdən əvvəl səkkiz allahın varlığından söhbət gedir. Yeri, Göyü yaradan Hörmüzün dünyaya gəlməsi üçün Zurvan min illər boyu qurbanlar verir. Deməli, hardasa başqa varlıqlar mövcud idi ki, onları qurban da kəsirdilər. Yaxud yunan mifologiyasında dünyanın əsas elementlərini köməkçi allahlar vasitəsi ilə yaradıb idarə edən Zevsdən əvvəl Kronun icadları olub. Belə sistemlərdə dünyanın başlanğıcı dumanlı təsvir edilir və insanların sitayiş etdiyi əsas yaradıcılar onlaradək qurulan dünya modelində restavrasiya (köklü dəyişikliklər) edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə gətirirlər, tamamlayırlar. Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, ilkinlərin ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin müxtəlif qaynaqlarında (arxaik nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda xalqın dilindən yazıya alınan inanclara, mif mətnlərinə qədər) özünə geniş yer tapır. Məsələn, «Lap qabaxlar allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bu lili qurudup torpax eliyir. Sora torpaxdan bitkiləri cücərdir. Onnan sora da torpaqdan palçıx qəyirip insannarı yaradır, onnara uruh verir».
Dünyayaratma. «Dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özünəməxsusluqlarla şərtlənsə də onun bədii təfəkkür üçün ümumi olan cəhətləri və xüsusiyyətləri də var. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün mifologiya ən mötəbər mənbələrdəndir». Bu mənada «Munisnamə»ni XII yüzilliyə aid Azərbaycan mifologiyasının məlumat kitabı adlandırmaq olar. Burada dünyanın əsas elementlərinin həmin dövrə qədərki görüş sistemlərindən (animizm, antropomorfizm, totemizm, dualizm, şamanizm və monoteizm) götürülüb islam prizmasından keçirilən modelinə rast gəlirik.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -