Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lavrovun münaqişənin həlli ilə bağlı yeni ideyası yoxdur”

20.11.17, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri ilə əlaqədardır”. Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsindədir: “Ölkələrarası ticarət dövriyyəsi dinamik artımdadır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur və ümumi bir məxrəcə gəlmək ətrafında fikir mübadiləsi də aparılır. Çünki, Cənubi Qafqazın ən böyük və hər an alovlana biləcək problemi Azərbaycanın işğaldakı torpaqları ilə bağlı ola bilər. Ona görə də regionun sabitliyi üçün bu problem tezliklə həll olunmalıdır. Lavrov Azərbaycandan sonra Ermənistana da səfər edəcək. Orada da münaqişənin həlli ilə bağlı danışıqlar aparacaq. Münaqişənin düyününün açılması Rusiyanın əlindədir və düşünürəm ki, Rusiya Ermənilərə ciddi təsir metoduna keçərsə məsələ də öz həllini tapar və regiona sabitlik gələr”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Prezident İlham Əliyev Rusiyanın xarici İşlər naziri Sergey Lavrovla ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib. O qeyd edib ki, prezidentin "Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır” sözlərinə S.Lavrovun cavabı belə olub: “Biz də, əlbəttə, ATƏT-in Minsk Qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”. E.Şahinoğlu bildirib ki, bu açıqlamalar görüşün mətbuata açıq hissəsində səslənib: “Görüşün qapalı hissəsində nələrin danışıldığını ancaq ehtimal edə bilərik. Ancaq Lavrovun görüşün mətbuat üçün açıq hissəsində dediyi bir neçə cümlədən gəldiyim qənaət budur: Birincisi, Lavrovun münaqişənin həlli ilə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək. Deməli, Azərbaycanın tələb etdiyi “mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, “əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.

Bu xəbər oxundu
- - -