Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qətnamələr qüvvədədir

20.11.17, 13:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elmar Məmmədyarov: “Azərbaycan qətnamələrin icrasını tələb edir”

Sergey Lavrov: “Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur”


“Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb: "Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir".
Sergey Lavrov Rusiya-Azərbaycan əməkdaşlığının geniş əhatəli olduğunu bildirib: “Regionlararası, parlamentlərarası əməkdaşlıq davam edir. Ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bir sıra universitetlərinin Azərbaycanda filialları açılıb".
Lavrov deyib ki, iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması da müzakirə edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Dövlətlərin bərabərhüquqlu olması qaydasının pozulmaması tərəfdarıyıq. Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq. Dekabrın əvvəlində keçiriləcək görüşlə bağlı məsələni müzakirə etdik".
Sergey Lavrov Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib: “Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq . Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq".
Elmar Məmmədyarov isə öz növbəsində qeyd edib ki, köhnə və yeni ideyaların hamısı masa üzərindədir: “Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".
Həmsədrlərin sayına gəldikdə, Elmar Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?
“Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyə nazir qeyd edib.
Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur və qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır".
Nazir deyib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.
"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə Məmməyarov vurğulayıb.
Sergey Lavrov Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunduğunu bildirib və qeyd edib ki, bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb: “Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir.
Sergey Lavrov deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib: "Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır", - deyə rusiyalı nazir bildirib.
Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyünə münasibət bildirib və deyib ki, hər bir formatın dəyəri olmalıdır.
Rusiyalı nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: “Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”.

Bu xəbər oxundu
- - -