Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mir Cəlalın yaradıcılığı Los Ancelesdə təqdim olunub

20.11.17, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın görkəmli yazıçısı Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab noyabrın 16-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. Bu, ADA Universiteti tərəfindən bu il nəşr edilmiş kitabın ABŞ-da ilk təqdimatı olub.
Təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlalın həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti haqda qonaqlara məlumat verərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, Mir Cəlalın əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir. Nəsimi Ağayev bildirib ki, Mir Cəlalın öz əsərlərində geniş tərənnüm etdiyi humanizm, vətənpərvərlik və sosial ədalət prinsipləri universal dəyər daşıyır və yazıçının ədəbi yaradıcılığında önəmli rol oynayır. Baş konsul qeyd edib ki, Mir Cəlal ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq, yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır.
Daha sonra Baş Konsulluq tərəfindən hazırlanmış, Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş qısa video-çarx nümayiş etdirilib. Sonra Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer (Betty Blair) çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, Mir Cəlalın öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.
Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson (Mark Jacobson), Kristina Gerla (Cristina Gerla) və Kris Agilanın (Chris Aguila) təqdimatında Mir Cəlalın “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tamaşadan sonra Los Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri - skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.

Bu xəbər oxundu
- - -