Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dili təhrif edən reklamların efirə buraxılması yolverilməzdir

20.11.17, 14:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı ölkə ziyalıları, geniş ictimaiyyət tərəfindən birmənalı dəstəklənib. Sənəddən irəli gələn, dövlət dili ilə bağlı tapşırıq vaxtında verilib.
Bunu Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, son dövrlərdə bir sıra mətbuat orqanlarında orfoqrafik normaların, qrammatik qanunların pozulması, qeyri-peşəkar jurnalistlərin televiziya kanallarında və radio verilişlərində dil-nitq qaydalarına əməl etməmələri adi hal alıb. R.Novruzov deyib: “Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-lərdə dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin yer almasının şahidi oluruq”.
Alim, həmçinin müasir dövrdə qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dili zənginləşdirməklə yanaşı, ona mənfi təsir göstərdiyini də bildirib. Diqqətə çatdırılıb ki, bu cür hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir.
Telejurnalistikanın dil problemini xüsusi qabardan R.Novruzov bildirib ki, çox vaxt tamaşaçı, dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir, onu özü üçün nümunəyə, düstura çevirir. Ona görə də televiziya və radio efirində dilə xüsusi fikir verilməlidir. Televiziya və radionun üzərinə düşən vacib vəzifələrdən biri də reklamların dil özəlliklərinin nəzərə alınması, reklamların dilindəki qüsurların aradan qaldırılmasıdır. Dili təhrif edən reklamların efirə buraxılması yolverilməzdir.

Bu xəbər oxundu
- - -