Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Məclisdə büdcə müzakirəsi

21.11.17, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılıb. Büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək. İclasa rəhbərliyi Milli Məclisin sədri Oqtay Əsədov edir. İclasda baş nazir Artur Rasizadə, maliyyə naziri Samir Şərifov və digər vəzifəli şəxslər iştirak ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasət dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirinin qarşısının alınmasına kömək edib. Spiker deyib ki, cari ildə Azəri-Çıraq-Günəşli layihəsinin 2050-ci illərə uzadılması və Bakı- Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması Azərbaycan iqtisadiyyatının daha da inkişafına zəmin yaradıb: “2018-ci ilin büdcəsi gələn il də ölkəmizdə olacaq dinamik inkişafı əks etdirir. Büdcə gəlirlərində qeyri-neft sektoru 50 faizə çatıb.Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, infastrukturun inkişafı və digər sahələrlə bağlı həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabilliyətinin artırılmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, Azərbaycan Qlobal Davos Forumunun reytinqində iki pillə irəliləyib”. Oqtay Əsədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi müasir dövrün çağırışları nəzərə alınaraq tərtib olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəvurğulayıb ki, Prezident İlham Əliyev 2 milyard ton neftin çıxarılması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirdi ki, bu sahədə əldə edilən uğurlar Azərbaycan neftçilərinin gərgin əməyinin nəticəsidir”. Deputat bildirib ki, son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfert gəlib. O əlavə edib ki, son illərdə Azərbaycanda bir sıra yeni sənaye müəssisələri yaranıb: “Hesab edirəm ki, onlara innovativ yeniliklər tətbiq edilməlidir və təkmilləşdirilməlidir. Bu sənaye parklarında 600 milyon manatlıq məhsul istehsal olunub. Sənaye parkları respublikanın müxtəlif yerlərində fəaliyyət göstərir”.
Ziyad Səmədazadə deyib ki, bu gün Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyini təmin edən nəqliyyat sistemi var: “Azərbaycan nəqliyyatının yeni strategiyasının hazırlanması bu işdə böyük rol oynayır”. Komitə sədri qeyd edib ki, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək: "Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 milyard manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir.
Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 milyard manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik. Belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerləri və sairin nəticəsində mümkün olub".
Maliyyə naziri Samir Şərifov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb.
Nazir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir...
Samir Şərifov 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib: “Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır. Mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində gözlənilir. Gəlirlərin mənbələrinə gəlincə, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub.
Xərclərin mənbələri gəldikdə isə ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək”.
Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib.
Nazir bildirib ki, 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb: “2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək”.
Şahin Mustafayev qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, Mərkəzi Bankın ehtiyatları 42 milyard ABŞ dollarını ötüb: “Manat ilin əvvəlindən 4 faiz, fevral ayından isə 6, 5 faiz möhkəmlənib. Hazırda bank aktivləri 20 faizdən çox olsa da biz kredit aktivliyini artmasını müşahidə etmirik.
Cari ildə kreditlərin verilməməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Neft Fondundan büdcəyə gəlir 3 dəfə azaldılıb. Manatla pul bazası 11 faizdən çox artıb. Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Milli valyutada yığımları dəstəkləmək üçün cari ildə uçot dərəcəsi dəyişməyib. Sərt xarici şok baş vermədiyi halda valyuta bazarında sabitlik qorunacaq”.
O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı gələn ildə konservativ monetar siyasət yürüdəcək: “Manatın məzənnəsinin sabitliyi 2018-də diqqət mərkəzində olacaq. Valyuta bazarında sabitlik qorunacaq. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Makroiqtisadi sabitliyin ilkin əsasları yaranıb".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin, mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib, layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib.
Palata sədri bildirib ki, mədaxil mənbələri üzrə gəlirlərin məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.3-cü maddəyə uyğun olaraq qanun layihəsinin 2-ci maddəsində mədaxil mənbələri üzrə gəlirlərin proqnozlaşdırılmış məbləği göstərilib: “Növbəti ildə gəlirlərdə azalmalar yalnız iki mənbə üzrə nəzərdə tutulmuş, ən böyük artım Neft Fondundan daxilolmalara aid olmaqla digər mənbələr artımla proqnozlaşdırılıb.
Büdcə sistemi haqqında" qanunun 16.1.4-cü maddəsində mənbələr üzrə qrantlar və transfertlərin göstərilməsi qeyd edilib. Müzakirəyə təqdim olunmuş qanun layihəsində müvafiq maddələrdə hər iki istiqamət üzrə vəsaitlərin məbləği əks etdirilib. Belə ki, layihənin 2-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) daxilolmalar 9,2 milyard manat məbləğində, 15-ci maddəsində isə dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələrindən biri kimi Avropa Birliyinin qrantından daxilolmalar 29 milyon manat məbləğində göstərilib.
16.1.5-ci maddə ilə ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulub. Qanun layihəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları nəzərdə tutulmasa da, qeyd olunmalıdır ki, layihədə dövlət büdcəsi gəlirlərinin cəmi məbləğinin, həmçinin rayonların (şəhərlər) mərkəzləşdirilmiş və yerli gəlirlərə bölgüsü müəyyən edilmiş, həmçinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub”.
Palata sədri qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq 2018-ci ilin dövlət büdcəsinin gəlirləri, həm də xərci artımla proqnozlaşdırılıb: “2018-ci il dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 20% çox, dövlət büdcəsinin xərcləri isə 16,5% çox proqnozlaşdırılıb. 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbətinin 29%, xərclərin isə ÜDM-də xüsusi çəkisinin 30,1% olması nəzərdə tutulub. Növbəti 3 ildə bu nisbətlərin tədricən azalması nəzərdə tutulur ki, bu da ÜDM-in daha sürətli artım tempi ilə proqnozlaşdırılması hesabınadır”.

Əli

Bu xəbər oxundu
- - -