Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əsgər ağa Gorani yaradıcılığı - qaranlıqdan işığa

24.11.17, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Noyabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olan jurnalist, tərcüməçi və dramaturq Əsgər ağa Goraniyə həsr olunmuş kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, nəşrdə Əsgər ağa Goraninin ictimai, publisistik, xeyriyyəçilik fəaliyyətindən söhbət açılır, o cümlədən indiyədək həyat və fəaliyyətinin işıqlandırılmayan sahələrinə nəzər yetirilir.
Qeyd edib ki, o, Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifidir. O, Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdlərinin iştirakı ilə M.F.Axundzadənin “Hekayəti vəziri xani Lənkəran” və “Hacı Qara” pyeslərinin səhnə həyatında Teymur ağa və Hacı Qara obrazlarını canlandırıb. İctimai fikir tariximizin inkişafında əvəzsiz xidmətləri olan Ə.Gorani bir sıra bədii əsərlərin müəllifi olmaqla yanaşı, tərcüməçi, hüquqşünas və ictimai xadim kimi də tanınır. M.Lermontovun “Yel gəmisi” əsərini ilk dəfə dilimizə tərcümə edən Ə.Gorani, eyni zamanda Azərbaycan dilində ilk coğrafiya dərsliyinin tərtibatçısı olub. O, məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adgözəl bəyin nəvəsidir.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov Əsgər ağa Goraninin Azərbaycan mədəniyyətinə bəxş etdiyi xidmətlərindən danışıb. Professoru İzzət Rüstəmov, Alxan Bayramoğlu, Əməkdar Mədəniyyət İşçisi, teatrşünas Atababa İsmayıloğlu, Xalq Artisti, tarzən Fikrət Verdiyev və başqaları Əsgər ağa Goraninin çoxşaxəli yaradıcılığından, xeyriyyəçilik fəaliyyətindən söz açıblar.
Sonra Əsgər ağa Göraninin nəticəsi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov ailəsi adından iştirakçılara minnətdarlığını bildirib. Sonda müəllif Gülhüseyn Kazımlı tədbirin təşkilatçılarına təşəkkür edib. Tədbirdə iştirakçılar Əsgər ağanın zəngin həyat yolunu özündə əks etdirən kitab sərgisi ilə də tanış olublar. Qeyd edək ki, kitabın redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

Bu xəbər oxundu
- - -