Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xalq şairinin yeddicildliyi çıxıb

27.11.17, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xalq Şairi Qabilin “Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib.
Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, yazıçı-publisist Mahir Qabiloğlu tərəfindən tərtib edilərək “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.
Kitabın birinci cildinə Qabilin şah əsəri sayılan “Nəsimi” mənzum romanı daxil edilib.
İkinci cildində ayrı-ayrı illərdə yazılan şeirlər toplanıb.
Üçüncü cildində şairin sonrakı illərdə yazdığı şeirləri və poemaları yer alıb.
Rübailər dördüncü cilddə toplanıb. Bu cilddə rübailərlə bərabər qoşayarpaqları və dördlükləri də var.
Beşinci cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır. Günümüzün aktual mövzusu olan dil problemi, dilimizin saflığı uğrunda mübarizə, ümumi yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi baxımından Qabilin beşinci cildin sonunda yer alan “Adsız-ünvansız iradlar”ı bu gün də gənc jurnalistlərimiz, yazıçılarımız üçün gözəl mənbədir.
Külliyyatın 6-cı cildi şairin 80-ci illərdə yazdığı, sovet quruluşunun ifşasına yönələn “Ömür həbləri” romanı ilə açılır. Xalq yazıçısı İsmayıl Şıxlının “Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl bir mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.
Yeddinci cilddə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və “Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan “Azərbaycan SSR Prezidentinə suallar” adlı yazı ilə başlayan yeddinci cild tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Bu xəbər oxundu
- - -