Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə

28.11.17, 6:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

İranda olan bütün partiyalar ölkənin bütövlüyü məsələsində hakim rejimin siyasətini dəstəkləyirdilər. Hətta əvvəllər İrandakı xalqların haqlarını müdafiə etməyi öhdəsinə götürmüş Tudə (İran Xalq partiyası) partiyası da hesab edirdi ki, İran xalqları məsələsi İranın “böyük milli vəhdəti” çərçivəsində” həll edilə bilərdi. Bu partiyanın xalqların hüquqlarına dair tələbləri dəstəkləməsi partiya fəallarının əksəriyyətinin etnik azlıqların nümayəndəsi olması ilə də bağlı idi.
Qeyd olunan dövrdə İran azərbaycanlılarının haqları uğrunda mübarizə aparan siyasi təşkilatlar arasında 1979-cu ilin fevralın 25-də yaranmış İran Müsəlman Xalq Respublikası Partiyası (İMXRP) xüsusi fəallıq göstərirdi. Bu qurumun rəhbəri ölkənin ən nüfuzlu dini liderlərindən olan əslən azərbaycanlı Seyid Məhəmməd Kazim Şəriətmədari idi. Partiyanın Cənubi Azərbaycandakı təşkilatı olan Azərbaycan Müsəlman Xalq Mübarizləri Qrupu (“Goruhe mobarizane-xəlqe müsəlmane Azərbaycan”) liberal və demokratik dəyərləri əsas tuturdu. Şəriətmədari taktiki mübarizə metodu olaraq liberal yolu seçmiş, ruhanilərin dövlət idarəçiliyində, özəlliklə icraedici hakimiyyətdə iştirakının əleyhinə idi.
İranın bütövlüyü onun üçün ən önəmli məsələ idi. Şəriətmədari “Liberasyon” qəzetinə verdiyi açıqlamada muxtariyyətin azərbaycanlıların haqqı olduğunu söyləmiş və əyalət əncümənlərinin qurulmasını istədiyini bildirmişdi. İMXRP rəhbərliyi qarşısına qoyduğu məqsədə dialoq, danışıqlar vasitəsilə çatmağın mümkün olduğuna inanırdı. İMXRP-nin Azərbaycan təşkilatı suveren İran dövləti daxilində Azərbaycan xalqının muxtar hüquqları uğrunda mübarizəni özünün başlıca vəzifəsi kimi göstərir, eyni zamanda “İslam prinsiplərinə dayanaraq bir sosialist cəmiyyətinin əsaslarını qoymaq uğrunda mübarizə” əzmini bildirirdi.
Bu məqsədin həyata keçirilməsi ilə bağlı partiyanın Azərbaycan təşkilatı ilə Qumdakı ruhani liderlərin baxışları arasında kəskin fərqlər var idi. MXRP Milli Məclisdən kənarda əyalət məclislərinin qurulmasını hakimiyyətin mərkəzləşməsinin qarşısının alacağını, eyni zamanda Əsas Qanunda elan olunduğu kimi, İranda insanlar arasında bərabərliyin təmin olunmasına kömək edəcəyini bildirirdi. İnqilabçılıqdan uzaq olan Şəriətmədari azərbaycanlıların öz tələblərini təkamül yolu ilə əldə etmək əzmini rəsmi məlumatlarında dəfələrlə diqqətə çatdırmışdı. Lakin partiyanın radikal taktika tərəfdarı olan Azərbaycan təşkilatı öz xalqının milli hüquqlarının təmin olunmasında daha kəskin mübarizə üsullarından istifadə edilməsini vacib sayırdı.
Partiyanın mətbu orqanı farsca buraxılsa da, Azərbaycanın problemlərinə həsr olunurdu. Qeyd edək ki, partiya özünü bütün İran xalqlarının müdafiəçisi elan etsə də, Azərbaycan məsələsinə daha çox önəm verirdi. Xomeyninin Şəriətmədarini inqilabdan sonrakı proseslərdən kənarda saxlaması, Konstitusiyanın hazırlanması və qəbulunda fikir ayrılıqlarının ortaya çıxması iki dini lider arasında münasibətlərin pozulmasına səbəb oldu. Xomeyni Konstitusiyanın din adamlarından ibarət xüsusi qurumda (Məclise Xobreqan) hazırlanması və referendumda qəbulunu yeni rejimin sürətlə formalaşması üçün ən uyğun yol sayırdı və avqust ayında bu quruma seçkilər təyin etdi. Şəriətmədari isə Konstitusiya kimi mühüm bir sənədin xüsusi qurumda hazırlanmasının yanlış bir yol olduğunu bildirərək öz tərəfdarlarını Məclise-Xobreqana seçkiləri boykot etməyə çağırdı. Ancaq partiyanın Azərbaycan təşkilatı həmin orqana seçilərək hazırlanacaq Konstitusiyanın məzmun və mahiyyətinə təsir göstərmək məqsədilə seçkilərə getdi, amma istədiklərinə nail ola bilmədi.
Ölkədə olan demokratik ruhlu bütün siyasi partiya və təşkilatlar milli məsələnin yeganə həlli yolunu həqiqi federalizmdə görürdülər. 48 ictimai-siyasi təşkilatın və ziyalıların iştirakı ilə 1979-cu ilin iyul ayında Tehranda təşkil olunmuş “İran əhalisinin Əsas qanundan istəkləri” adlı seminarda və 25 avqustda Mahabadda keçirilən konfransda xalqların İranın coğrafi hüdudları daxilində öz müqəddəratını təyin etmək haqqının tanınması kimi məsələlər müzakirə olunmuşdu. Yusif Əzizi Bənitorof xatirələrində yazırdı: “Müxtəlif etnik və siyasi qrupların təmsilçiləri burada iştirak etdilər. Məsələn, türklərdən Həmid Nitqi, Cavad Heyət, Rəhmətullah Müqəddəm Maraği, kürdlərdən Saleh Nikbəxt, ərəblərdən mən, türkmənlərdən Əbdülkərim Məftun və digərləri. Üzərində bəhs etdiyimiz konstitusiya Həsən Həbibinin təklif etdiyi konstitusiya idi... Ümumiyyətlə, kürd, ərəb, türk, türkmən təmsilçiləri bu seminarda İran xalqlarının muxtariyyəti haqqında təkliflər irəli sürdülər. Ancaq qeyri-fars xalqların muxtariyyət təklifləri Xobreqan Məclisində (Ekspertlər Şurası) 15, 19, 48-ci maddələrlə məhdudlaşdırıldı”. Belə ki, qeyri-fars xalqların nümayəndələrinin hazırladığı təklifdə İrandakı xalqların dillərinin məktəblərdə və universitetlərdə bütünlüklə tədris edilməsi məsələsi əks olunmuşdu.
Bütün səylərə baxmayaraq, 1979-cu ilin dekabrında referendum yolu ilə qəbul edilmiş Konstitusiya ruhanilərin mütləq hakimiyyətini təsbit etmiş oldu. Konstitusiya layihəsinin yeni mətnindən milli əyalətlərin bəzi hüquqları ilə bağlı qeydlərin çıxarılması, həmçinin ibtidai məktəblərdə ana dilində təhsil hüququ əvəzinə 15-ci maddədə “yalnız fars dili və ədəbiyyatı ilə yanaşı milli dil və ədəbiyyatların öyrədilməsinə” icazə verilməsi kəskin etiraz doğurdu. 1979-cu il dekabrın 5-də İMXRP-nın Təbriz əhalisini konstitusiyaya etiraz etmək, bəzi fiziki və mənəvi hücumlara məruz qalmış Şəriətmədariyə dəstək bildirmək üçün mitinq və nümayişə çağırması üsyanın başlanmasına təkan oldu. Konstitusiyanın 110-cu maddəsinə (bu maddə Xomeyniyə “vilayəte fəqih” ixtiyarı və bundan doğan qeyri məhdud, mütləq ali hakimiyyət hüquqları verirdi) etirazla başlanmış bu üsyan zamanı Təbrizdə dövlət idarələri, radio, televiziya stansiyaları, başqa kütləvi informasiya vasitələri, təyyarə meydanı ələ keçirilmiş, Cənubi Azərbaycan isə “Azərbaycan İslam Respublikası” elan edilmişdi.
Təbriz üsyanında İMXRP-nin Azərbaycan təşkilatı ilə yanaşı solçu təşkilatlardan ADP-nin, fədailərin, mücahidlərin yerli təşkilatları da iştirak etmişdi. Bir neçə gün davam edən nümayişlər dalğası Təbrizdən kənara da yayılmışdı. Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Urmiyada əhalinin bir qrupunun Təbriz nümayişlərindən ilham alaraq yerli radio-televiziya qurumunu ələ keçirmək cəhdi uğursuz alınmışdı. Şahidlərin dediyinə görə, nümayişlərdə çıxışlar Azərbaycan türkcəsində edilirdi və fars dilində çıxış etmək istəyən şəxslər məsxərəyə qoyulurdu.
Milli qüvvələrin milli maraqlar uğrunda açıq, siyasi vasitələrlə mübarizəsinə baxmayaraq, sözügedən məsələni həll etmək mümkün olmadı. Lakin mübarizənin tam nəticəsiz yekunlaşdığını da söyləmək düzgün olmazdı. Təbriz üsyanı zamanı hökumətin Şəriətmədari ilə rəftarı, türklərə qarşı mənfi münasibəti və Azərbaycanın milli problemlərinin həllindən imtinası İran türklərinin yüz illər boyunca formalaşdırılmış iranlı kimliyinin zədələnməsində müəyyən rol oynadı və milli özünüdərk prosesinin inkişafına da təsirsiz ötüşmədi. Şəriətmədari tələblərin yerinə yetirilməsi üçün şəxsi nüfuzundan və milli hərəkatın gücündən istifadə etmədi. Bəzi müəlliflər Şəriətmədarinin demokratik ideyalara bağlılığını onun milli azlıqlardan olması ilə, milli məsələyə münasibətdə, eləcə də milli hərəkatın gedişində qətiyyətsiz mövqe tutmasını isə onun iranlı və müsəlman kimliyinə ifrat bağlılığı ilə izah edirlər.
Konstitusiya uğrunda mübarizədə İran Müsəlman Xalq Respublikası Partiyası radiodan yayımlanan bəyannaməsində azərbaycanlıların və kürdlərin hüquqlarına hörmətlə yanaşılmasını istəsə də, “İranın dağılacağı” qorxusu Şəriətmədarini kürd hərəkatı ilə sıx birliyin yaranmasından uzaq saxladı. Müxtəlif sosial-siyasi qüvvələr tərəfindən dəstəklənən iki dini başçı - Xomeyni ilə Şəriətmədari arasındakı ziddiyyətlər Şəritəmədari tərəfdarlarının məğlubiyyəti ilə nəticələndi. Hakim İslam Respublika Partiyasının yerli təşkilatları geniş fəaliyyət meydanı əldə etdi. 1980-ci ilin yanvarında prezident seçkiləri keçirildi. Martmay aylarında parlament seçildi, avqust-sentyabrda isə yeni, daimi hökumət işə başladı.
1981-ci ilin əvvəllərində Təbrizdə yaranıb fəaliyyətə başlayan Gənc Şair və Yazıçılar Cəmiyyəti qarşısına Azərbaycan ədəbiyyatını xalqın mənafeyi mövqeyindən inkişaf etdirmək məqsədini qoymuşdu. Qurumun mətbu orqanı “Gənclik” idi. 1980-ci illərin əvvəllərindən etibarən Xomeyninin siyasi baxışlarına zidd olan çevrələrə qarşı repressiyalara başlandı. Fəalların bir qismi həbs olundu, bəziləri məhv edildi, qalan hissə isə mühacirətə getmək məcburiyyətində qaldı. Lakin bəzi qurumlar, məsələn, Xalq Mücahidləri Təşkilatı, İran Müsəlman Xalq Respublikası Partiyası və İran Xalqının Fədai Çerikləri Təşkilatı ilə yanaşı onların Azərbaycan bölmələri də öz fəaliyyətlərini 1983-cü ilin əvvəllərinə qədər gizli şəkildə də olsa davam etdirdilər.
Yeni rejimin ABŞ-a qarşı münasibəti (neft sektorundakı 40 faiz payının geri alınması, ABŞ-ın İranda əsas sosial dayağı olan bütün şirkətlərin milliləşdirilməsi, səfirliyinin ləğv olunması və s.) sol qüvvələrin rəğbətini qazansa da, digər tərəfdən SSRİ-yə “sizə bağlı sol partiyaları bir təzyiq vasitəsi kimi istifadə etməyə ehtiyac yoxdur, onsuz da biz varıq” mesajını verirdi. Tezliklə gizli fəaliyyət göstərən təşkilatlara “mədəni inqilab” adı altında müxtəlif siyasi damğalar vurmaqla onlara qarşı aparılan təqiblər daha da genişləndirildi. Bunu sübut edən faktlar o dövrdə İranda nəşr edilən rəsmi və qeyri-rəsmi qəzetlərdəki yazılarda əks olunmuşdu. Məsələn, “Keyhan” qəzeti yazırdı: “...Təbriz, Ərdəbil, Sərab və Urmiya şəhərlərində son günlərdə əks-inqilab dəstələrinin
onlarla silah anbarı aşkar edilmiş və hazırda mühakimə və edam gözləyən yüzlərlə üzvü həbs olunub. Bunlardan təkcə Təbrizdə 50 nəfər xalq fədailəri, 60 nəfər peykar, 20 nəfər kargər, 15 nəfər müsəlman xalq, 10 nəfər kommunistlərdən və 50 nəfər Kürdüstan Partiyasından olan şəxslər həbs edilib”. Mədəni təşkilatlar da 1983-cü ilin əvvəllərinə kimi azad nəşr imkanlarından məhrum edilmiş və müxtəlif təqiblərə məruz qalmışdılar.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -