Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmsədr ölkələri öz mövqelərini qəti şəkildə bildirməlidirlər”

28.11.17, 9:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaqub Mahmudov: “İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır”

Məhəmməd Əsədullazadə: “Minsk qrupu öz fəaliyyətində BMT TŞ-nin dörd qətnaməsini rəhbər tutmayınca münaqişənin həlli mümkün deyil”

Elxan Şahinoğlu: “Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın”

Son zamanlar Ermənistan bütün istiqamətlərdə təxribatlarını davam etdirir. Cəbhəboyu atəşkəs rejimini pozan ermənilər digər üsullara da əl atırlar. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Təxribatlar bununla bitmir. Son vaxtlar qondarma Dağlıq Qarabağ “Respublikası”ı da müxtəlif təxribat xarakterli addımlar atır. Bu qurumun rəhbəri Fransaya səfər edir, Tiflisdə erməni rəssamlarının sərgisini təçkil edir. Təbii ki, bu da danışıqlar prosesinə mane olmaq xarakteri daşıyır.
Politoloq Tofiq Zülfüqarov bildirib ki, biz real vəziyyəti əks etdirən mövqedə durmalıyıq: “Həqiqət isə ondan ibarətdir ki, Dağlıq Qarabağda bir qurum yaratmaqlarına baxmayaraq, bu torpaqlar Ermənistan tərəfindən zəbt olunub. Həm iqtisadi, həm də siyasi sisteminə tam müdaxilə edilib. Sadəcə olaraq, Ermənistan öz işğalını ört-basdır etmək üçün yalandan bu cür tədbirlər keçirir. Guya ki, orada müstəqil bir qurum yaranıb. Guya orada bir xalq var və s. Faktlar isə tamam başqa şeyləri göstərir. Ermənilər artıq bu faktları qəbul etmək məcburiyyətində qalıblar. Indi danışıqlarda erməni tərəfini Ermənistan prezidenti təmsil edir. Bu, onu göstərir ki, o, həm Ermənistan, həm də işğal edilmiş torpaqlara aid hər bir məsələyə cavabdehdir. Maliyyə, hərbi təhlükəsizlik sistemi də tam olaraq Ermənistana birləşib. Hətta seçki sistemi də birləşib. Sərkisyan artıq ikinci prezidentdir ki, Ermənistan vətəndaşı olmaya-olmaya, Dağlıq Qarabağdan, işğal altındakı torpaqlardan çıxan şəxs kimi Ermənistanı idarə edirlər. Biz reallığı görməli və hər yerdə bu reallığı təbliğ etməliyik”.
Bütün bu siyasi mənzərə isə ATƏT-in Minsk qrupunun susqunluğu ilə baş verir ki, bu da Azərbaycanda ciddi narazılıq yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti şəkildə bildirməlidirlər: “İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, üç böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün illərdir iş aparsa da, heç bir irəliləyiş əldə edilməyib: “Ermənistanın Aərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində meydana gəlmiş Qarabağ konfliktinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır ki, davam edən fəaliyyəti nəticə vermir. 1994-cü ildə ABŞ, Rusiya və Fransanın iştirakı ilə münaqişəsinin tez bir zamanda həll olunması üçün Minsk qrupunun həmsədrliyinə görəvləndiriləndən sonra, münaqişənin həlli çıxılmaz vəziyyətə gəlib. Düzdür, bu müddət ərzində Minsk formatı üzrə danışıqlar prosesi diplomatik olaraq ən yüksək səviyyədə təşkil olunub. Yenilənmiş Madrid prinsipləri və digər həll formulları irəli sürülüb. Həll variantları bu və ya digər formada Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva etməsinə baxmayaraq, Ermənistan tərəfindən qəbul edilməyib. Təssüf ki, işğalçıya qarşı hər hansı bir təzyiq mexanizmini Minsk qrupu həmsədrləri həyata keçirmədiyinə görə bu həll varianları, həll olunmamış masada qalır.
2016-ci ildə Apreldə baş vermiş dörd günlük müharibə məhz Minsk qrupunun fəaliyyətizliyinin nəticəsi idi. Hesab edirəm ki, Minsk qrupu öz fəaliyyətində BMT TŞ-nin dörd qətnaməsini rəhbər tutmayınca münaqişənin həlli mümkün deyil. Son dörd ay ərzində deyərdim ki, Minsk qrupu ilə birgə Ermənistan və Azərbaycan arasında aparılan intensiv danışıqlar prosesi artıq, kulminasiyadadır. Bundan sonra bu formatın münaqişənin həllinə verəcəyi töhfə yoxdur. ABŞ və Fransa demək olar ki, Rusiyanın irəli sürdüyü həll variantları üzrə danışıqlar prosesinə dəstək verir. Rusiyanın irəli sürdüyü "Lavrov planı"nda təssüf ki, ərazi bütövlüyü prioritet kimi göstərilməyib. Bu aylar ərzində aparılan danışıqlar göstərir ki, Ermənistan və Rusiya tandemi hakim olaraq, Minsk formatının işini ciddi şəkildə sual altına qoyub. Hesab edirəm ki, aparılan danışıqlar və müzakirələr səmərəsiz olaraq münaqişənin uzaldılmasına xidmət edir".
Rusiya, İran Türkiyə üçlüyünün problemin həlli ilə bağlı atacağı addımlara gəldikdə isə, politoloq bildirib ki, Rusiya hazırda Cənubi Qafqazda dominant rolunu artırmaqla Suriya böhranında əsas və başlıca tərəfdir: “Suriya münaqişəsinin həllində Rusiyanın formalaşdırdığı yeni format Suriyada müəyyən dərəcədə ciddi dönüş yaradıb. Türkiyə və İranın iştirakı ilə aparılan müzakirələrdə Suriyada sülhün əldə olunmasında irəliyə doğru addım atılıb. Soçidə Türkiyə, Rusiya və İranın iştirakı ilə aparılan müzakirələr və əldə olunan nəticələr göstərir ki, region ölkələri bir olsalar, münaqişələrin həllində kənar qüvvələrin iştirakına ehtiyac olmaz. Qeyd edim ki, Türkiyə Rusiya və İran xüsusi ilə Rusiya Suriyada münaqişənin tez həll olunmasında maraqlıdır. Ona görə də Türkiyə və İranı da bir formatda birləşdirib, münaqişənin həllini sürətləndirir. Cənubi Qafqazda isə rəsmi Moskva Türkiyə və İranın rolunu qəbul etmir. Qarabağ münaqişəsini öz inhisarında saxlamaqla regionda öz siyasi maraqlarını qoruyur. Son iki il ərzində Rusiyanın münaqişənin həllində maraqlı olmadığı da qeyd edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cəhdlərinə baxmayaraq bir daha aydın oldu ki, Putin münaqişənin həllində maraqlı və ümidli deyil. Təbii ki, Rusiya istəsə, Türkiyə, İranla birgə Qarabağ münaqişəsinin nizamlanmasını tez bir zamanda həll edə bilər. Burada İranın da iştirakına lüzum yoxdur. Türkiyə Moskva və Bakı üçlük oxu bunun həllini sürətləndirər. İran Qarabağ probleminin həllində maraqlı deyil. Ondan əlavə Tehranı mümkün qədər Qafqazdan uzaq tutmaq lazımdır. Qeyd edim ki, Qarabağ konfliktinin həllində əsas maneə Rusiyadır. Rusiya Cənubi Qafqazda geosiyasi maraqları naminə bundan sonra da konfliktin həllində əsas siyasətini diktə edəcək. Gələn il mümkün qədər Azərbaycan diplomatik danışıqlarda irəliləyiş olması üçün mümkün qədər Ermənistana çox ciddi şəkildə hərbi təzyiqləri davam etdirməli, işğalçı qüvvələrin möhkəmlənməsinə imkan verməməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Rusiya hakimiyyəti əlindən gələni edir və edəcək ki, Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çalmasın: “Belə olan halda haqlı sual meydana çıxa bilər: Bəs onda Rusiya Azərbaycana niyə milyardlarla dollar həcmində silah satır? Rusiya bu məsələyə məntiqi yanaşır. Bilir ki, bizə silah satmasa Azərbaycan silahı başqa ölkələrdən alacaq”. Onun sözlərinə görə, ortada milyardlarla dollarlıq kontraktlar var. Rusiya hərbi-sənaye kompleksi həmin milyardları itirmək istəmir. Ancaq Azərbaycana silah satmaq Rusiyanın bizim bu silahlarla Ermənistan üzərində qələbə çalacağımıza barışacağı anlamına gəlmir. Bizə işğalçı ilə 4 gündən çox müharibə aparmağa hövsələləri çatmadı. Elə Moskva Azərbaycandakı sakit səfir Doroxini (qeyri-rəsmi söhbətlərdə Rusiyanın Ukraynanı niyə parçaladığını anlamadığını deyirmiş) Zuyevlə ona görə əvəz edir ki, hakimiyyət dəhlizlərində Rusiyanın mövqeyi daima qulaqlarda çingildəsin. Bununla barışa bilmərik. Qonşuluq və sözdə dostluq öz yerində, biz də elə etməliyik ki, Azərbaycanın işğalla barışmayacağı fikri rusiyalı rəsmilərin qulaqlarında çingildəsin. Bu arada, ara-sıra müharibədən danışan Rusiyadakı səfirimiz Polad Bülbüloğlu savaş ritorikasını bir az daha artırmalıdır”.

Əli

Bu xəbər oxundu
- - -