Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya-Türkiyə-İran əlbir olub təşəbbüsü ələ keçiriblər”

28.11.17, 9:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zərdüşt Əlziadə: “Qərb sanki kənarlaşdırılıb”

“Heç bir qələbə yoxdur. Qələbəyə dair fikirlər hamısı piar xatirinə səsləndirilir”. Bunu politoloq Zərdüşt Əlizadə bildirib.
Rusiya və İran prezidentiləri – Vladimir Putin və Həsən Ruhaninin Suriyadakı hərbi əməliyyatlarda qalib gəldiklərinə dair səsləndirdikləri fikirlərə münasibət bildirən Z.Əlizadə qeyd edib ki, Suriyanın başına gətirilən müsibətlərin əsasında böyük geosiyasi maraqlar, rəqəbət dayanır: “Həmin geosiyasi maraqlar itməyib. Amerika öz qüdrəti ilə durur. Mürtəce ərəb rejimləri öz nəhəng pulları ilə mövcuddur. Rusiya ona nail oldu ki, Bəşər Əsədi saxladı. Amma Suriya ölkə kimi xarabazara çevrilib. 300 min adam öldürülüb. 5 milyon qaçqın var. Ölkənin iqtisadi həyatı donub və hazırda hökumət qoşunları ölkə ərazisinin 90 faizinə nəzarət edirlər. Amma 10 faiz axı nəzarətdə deyil. Fransız və amerikan təyyarələri Suriya üzərində istədikləri kimi uçurlar. İsrail təyyarələri istədikləri vaxt Suriyanı bombalayırlar. Kürdlərin nəzarət etdiyi əraziyə hökumət nəzarət etmir və Qərb hələ kürd kartından istifadə etmək istəyir. Odur ki, hələ məsələ bitməyib”.
Z.Əlizadə qeyd edib ki, bundan əlavə qaliblər arasında fikir ayrılığı var: “Məsələn, İran, Rusiya və Türkiyənin Suriyanın gələcəyinə dair fərqli baxışları var. Bəşər Əsəd fiquru Rusiya üçün məqbuldursa, Türkiyə onu qəbul etmir. Rusiya Suriyanın müqəddəratının təyin edilməsində kürd faktorunu görürsə, Türkiyə əsla bunu görmür. İran Suriya ərazisində öz hərbi mövcudluğunu saxlamaq istəyirsə, Rusiya bunu istəmir. Bunu İsrail də istəmir. Digər tərəfdən, sülh konfransından sonra Suriyanın dövlət quruluşunun, onun simasının necə olacağı hələlik bəlli deyil. Bəli, müəyyən dövr üçün Rusiya-Türkiyə-İran əlbir olub təşəbbüsü ələ keçiriblər, Qərb sanki kənarlaşdırılıb. Amma Qərbin niyyəti dəyişməyib və onun nəhəng hərbi, siyasi, maliyyə resursları öz yerindədir. Ona görə də mən vaxtından əvvəl sevinməyin tərəfdarı deyiləm”.
Politoloq hazırkı dövrü atəşkəs dövrü kimi xarakterizə edib: “Bu atəşkəsdən sonra nə olacağını Allah bilir”. Bununla belə, ekspert indiyədək əldə edilənlərin öz-özlüyündə heç şübhəsiz, Suriya, müsəlman dünyası və Qərbin diqtəsi ilə hərəkət etməyən qüvvələr üçün böyük uğur olduğunu vurğulayıb: “Bir vaxtlar Bəşər Əsədin getməsini Türkiyə də, ABŞ başda olmaqla Qərb də tələb edirdi. Amma indi Əsədi gerçək bir lider kimi qəbul etməyə məcburdurlar. Bu baxımdan hazırkı vəziyyət əlbəttə, Rusiya, Türkiyə, İran, “Hizbullah” və Bəşər Əsəd üçün böyük uğurdur. Amma yenə deyirəm, onların problemləri hələ irəlidədir. Gələcəkdə Bəşər Əsədə hansı rol ayrılacağını, onun hansı rola razılaşacağını heç kim deyə bilməz. Qərbin, radikal, qərbpərəst, islamçı kimi kateqoriyalara bölünmüş müxalifətin nəyə razılaşacağını indidən demək mümkün deyil. Bundan başqa, Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlər, başqa xarici qüvvələr var. Onların mənafelərini uzlaşdırmağı bacarmaq çox mürəkkəb bir tənliyi həll etməkdir”.
Z.Əlizadə onu da bildirib ki, hələlik Rusiya B.Əsədi qanuni prezident kimi tanıyır və bütün hərəkətlərini onunla uzlaşdırır: “Hələlik belədir. Amma unutmayın ki, siyasətdə əbədi dostlar və əbədi düşmənlər yoxdur, əbədi maraqlar var”. Bundan sonra əsas məsələlərin siyasi nizamlanma, kürd probleminin həlli olduğunu vurğulayan müsahibimiz deyib: “Qərb çox istəyir ki, müsəlman dünyasında ikinci İsrail yaratsın. Elə bir dövlət ki, onun mövcudluğu Qərbin iradəsindən asılı olsun və Qərbin hər sözünə ləbbeyk, “baş üstə” desin. Onun peyki, əlaltısı olsun. Hələlik bu, alınmadı. Qərb Şimali İraqda – Kürdüstanda uduzdu. Tələsdilər, referendum keçirdilər. Bölgə dövlətlərinin birgə, qəti mövqeyi ilə üzləşib dağıldılar. Amma bu o demək deyil ki, oyun qurtarıb. Oyun hələ davam edir. Bu xəlbir hələ çox su aparacaq”.

Bu xəbər oxundu
- - -