Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə ABŞ tərəfinə başa saldı ki…”

28.11.17, 9:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabil Hüseynli: “Ankara YPG-nin silahlı quldurlar kimi davranışlarına, üstəlik siyasi cəhətdən təşkilatlanmasına imkan verməyəcək”

“ABŞ və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığı zamanı PKK-nın Suriya qolu olan YPG ilə bağlı məsələ ciddi müzakirə edilib”. Bunu politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ABŞ YPG-yə lazım olduğundan artıq silah-sursat göndərir: “Səslənən rəqəmlərə görə, ABŞ indiyədək YPG-yə 4 min TIR həcmində silah-sursat göndərib. Bu silahların çoxu modern silahlardır. Hətta “Hammer” tipli bəzi zirehli texnikalar və onlara yerləşdirilən ağır silahlar da verilib. Pentaqon əvvəlcə bu silahların İŞİD məhv edildikdən sonra YPG-dən yığışdırılacağını elan etmişdi. Amma hələlik bu istiqamətdə heç bir hərəkətlənmə yoxdur. Üstəlik, Türkiyə tərəfinin müşahidələrinə görə, silah göndərilməsi prosesi davam edir. Bütün bunlar Yaxın Şərqdə yeni bir təhlükənin, hətta Şimali İraq – Kürdüstan təhlükəsindən də ağır bir vəziyyətin yaranmasına gətirib çıxara bilər. Çünki 710 kilometrlik Türkiyə-Suriya ərazisinin böyük hissəsində kürdlər yaşayır və onlar ərazilərini ilhaq yolu ilə daha da artırıblar. Suriya rəhbərliyindən də ölkənin federallaşmasını tələb edirlər”.
Q.Hüseynlinin sözlərinə görə, Türkiyə indiki halda ABŞ tərəfinə başa saldı ki, Ankara YPG-nin silahlı quldurlar kimi davranışlarına, üstəlik siyasi cəhətdən təşkilatlanmasına imkan verməyəcək: “Türkiyə ordusunun müvafiq hissələri artıq o istiqamətdə hazır vəziyyətə gətirilib. Məncə, nəhayət, ABŞ baş verə biləcək xoşagəlməz hadisələri proqnozlaşdıra bildi. Türkiyəyə söz verdi ki, silahların verilişi dayandırılacaq. Hətta, silahların geri qaytarılması haqqında fikirlər də səsləndi. Amma bu, o qədər də real görünmür. Çünki o silahların bir qismi artıq Qəndil dağlarında PKK-çıların əllərindədir. Bu nöqteyi-nəzərdən ABŞ böyük səhvə yol verdiyinin fərqindədir”.
Politoloq bildirib ki, ABŞ Yaxın Şərqdə gələcək siyasətini reallaşdırmaq üçün mütləq Türkiyə ilə normal əlaqələrə malik olmalıdır:
“Çünki Türkiyə bölgəyə dair ən ətraflı məlumatlara malik, ən düzgün strategiya formalaşdıran intellektual hazırlığa və mərkəzlərə malikdir. Bu nöqteyi-nəzərdən ABŞ strateqləri hesab edirlər ki, Türkiyəsiz həm hərbi, həm də geostrateji cəhətdən bu bölgədə istiqamətlənmək o qədər də asan məsələ deyil. Ona görə də yəqin ki, bu telefon danışığının müsbət nəticəsi olacaq”.

Bu xəbər oxundu
- - -