Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əzəli dostluq riştələri“

29.11.17, 9:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səmərqənddə Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunmuş film təqdim olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri" adlı sənədli filmin təqdimatı olub.
Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, təqdimat mərasimində Səmərqənd şəhər hakimiyyətinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin və bu şəhərdəki Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov dünyada mədəniyyətləri, adət və ənənələri, soykökləri oxşar olan millətlərin arasında Türk dil qrupuna aid olan Azərbaycan və özbək xalqlarının da olduğunu, bu dostluq əlaqələrini təbliğ etmək, möhkəmləndirməyin vacibliyini qeyd edib. O, xaqlar arasında yaxınlığı, tarixi dostluq əlaqələrini, oxşarlığı, ortaq dəyərlər barədə məlumatları toplayaraq, onların əsasında sənədli filmin ərsəyə gətirilməsinə görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
O, Səmərqənd şəhər Hakimiyyətinin və Dövlət Universitetinin birgə qərarı ilə imzalanmış, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, bu istiqamətdə çoxsaylı tədbirlərin reallaşmasında xidmətlərinə görə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinova Səmərqənddə hazırlanan qədim kağızın üzərində həkk olunmuş ali diplom təqdim edib və digər təşkilatçıları da mükafatlandırıb.
Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrdən danışaraq, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində Avesta, xalq yaradıcılının mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabı Dədə Qorqud, özbəklərin min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Babək, Koroğlu, Cəlaləddin Manguberdi kimi türk xalqlarının qəhrəmanlıq obrazlarının yaradıldığını vurğulayaraq, onlar arasında oxşarlıq, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi xalq qəhrəmanlarının səhnələrinə filmdə geniş yer verildiyini qeyd edib.
Sənədli filmin rejissoru Eldar Məmmədov ilk dəfə olaraq, filmdə ötən əsrin 70-ci illərində Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadaları, günləri, habelə Ulu Öndər Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrların öz əksini tapdığını qeyd edib.
Sənədli əsərdə Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlılar, onların qardaş ölkənin mədəniyyətinə, ədəbiyyatına verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Sonra “Əzəli dostluq riştələri" adlı sənədli film nümayiş etdirilib. Filmdə tariximizin, mədəniyyətimizin ən parlaq səhifələri, dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazanılan uğurlar, müstəqillik dövründə bu dostluğumuzun dərinləşdirilməsi, strateji partnyorluq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

Bu xəbər oxundu
- - -