Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bax belə çalarlar yanıq Kərəmi …

29.11.17, 11:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aşıq Ədalət ustadlığın bütün şərtlərini özündə cəmləşdirməyi bacararaq ustad adını qazanmışdı

Yaşayan aşıq sənətinin inkişafı qərinələrin yaddaşından süzülüb, tarixin izlərini özündə əxz etdirən ustad-şəyird ənənəsi ilə gerçəkləşir. Bu gün ustad-şəyird ənənəsi demək olar ki, unudulub sıradan çıxmaq üzrədir. Ustada qulluq, ustad nəsihətinə əməl etmək, ustad xeyir-duası almaq, ustad görmüş, özü də ustadlaşmış aşıqların cəmi bir neçəsində müşahidə etmək mümkündür. Ustad qapısı dədə-babadan pir, ocaq sayılıb, hamının üzünə açıq olub.
Ustadlarımızı ziyarət etmək ənənədən sayılır. Ənənəyə sadiq qalmaq münvalıyla yolumuzu XX yüzilin azman sənətkarı, qızıl barmaqlarıyla "Yanıq Kərəmi" havasında insanın ruhunu əlindən alaraq göylərə qaldıran, Kərəmin, Əslinin eşqini car eləyərk havacatın möhürünü vurmuş Dədə Ədalətin qapısına saldıq. Ustad qapısına azman sənətkarı ziyarətə Güney Azərbaycanın dəyərli saz ustası "Dalğa" qrupunun bədii rəhbəri ustad Çingiz Mehdipur, Kanadada yaşayan Güneyli şair Əlirza Miyanalı, Sultanxanım Nəsibova, Aida Şirinova, Çiçək Mahmudqızı və mən getmişdik. Gəlişimiz ustadı çox sevindirdi. Xüsusilə də Çingiz Mehtipurun və Aida xanımın ziyarəti ustadın lap ürəyindən olmuşdu. Sevincini gizlətməyən böyük sənətkar gah körpə uşaqtək sevindi, gah anasız qalmış körpətək için-için sızıldayıb kövrəldi. Yerlə-göylə əlləşən insan bir az sakit, bir az susqun dayanıb fikrə daldıqdan sonra gah göylərə qalxdı, gah yerə endi. Ədalətsayağı əsdi-coşdu sənətkar. Ağzından dürr tökülürdü ustadın. Sinəsi doluydu. Neçə xatirələr, necə eşidilməmiş nağıllar danışdı. Yaddaşına heyran qaldım. Xəstə halında da hardan desən ordan danışırdı. Hər kəlməsi bizim üçün qızıl idi, barmaqları qızıldan qiymətli ustadın. Ömrünün son aylarını yaşayan, hələ sağlığında heykəli ucalan sənətkarla bir günü, bir saatı bir yerdə keçirmək, əlçatmaq ustadla üz-üzə dayanıb onun kəlamlarını dinləmək böyük xoşbəxtlik idi.
Aida xanımı “Azərbaycanın Ərəbzəngisi” adlandıran Dədə Ədalət Aşıq Çingizin sənətini, ədəb-ərkanını, böyük-kiçik yolunu gözləməyini, ustadların qulluğunda durmağından söhbət açaraq Güney Azərbaycan aşıq yaradıcılığında müstəsna xidmətlərini də yüksək qiymətləndirdi. Söhbət əsnasında Respublika Sarayında Aşıq Çingizin rəhbərlik etdiyi "Dalğa" qrupunun "Qarabağ dərdi" adlı konserti qabağı ustadın yanına gedərək ondan xeyir-dua almasını Aşıq Ədalətə bildirdi. Budur ustada ehtiram, ustad xeyir-duası ilə sazı göylərə qaldırmaq amalı. Ustadın baməzə söhbətlərindən doymaq bilmirdik. Ondan eşitdiyimiz hər kəlmə bizim üçün qənimət idi. Məclis görmüşdü Aşıq Ədalət! Ustadların sınağından hələ 5 yaşında ikən çıxmışdı Aşıq Ədalət!
...Az zaman keçdi ustadın ziyarətindən. Çox az sonar onun ölüm xəbəri hamını sarsıtdı. Ölüm ona yaraşmırdı. Bir az sərt xasiyyətli ustadı torpaq qoynuna almaq üçün aylarca uğraşdı. Axır ki, bacardı.
Aşıq Ədalət Nəsibov yaşadığı zamanda əlçatmaz sənətkar idi. O heç vaxt insanlar üçün ələlxüsus da sevənləri üçün adiləşmədi. Aşıq Ədalətin üz cizgilərinə baxdıqca adama elə gəlirdi ki, canlı heykəllə üz-üzə dayanıb. Ustadın simasında Dədə Yedigarın, Abbas Tufarqanlının, Aşıq Alının, Ələsgərin cizgiləri, barmağında onların izi vardı. Onların ruhunu yaşadırdı böyük sənətkar. Bir insanın canında neçə ustadın ruhu, yatırdı. Aşıq Ədalət Nəsibova qədər adlarını qürurla çəkdiyimiz, şeirlərini, yaratdıqları havacatları və dastanlarını sevə-sevə dinlədiyimiz ustad aşıqların üzünü belə görməmişik. Hətta böyük əksəriyyətinin ifa etdikləri havaları belə dinləmək bizə müəssər olmayıb. Dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz ustadlardan fərqli olaraq Aşıq Ədalətlə bir əsrdə yaşamaq onu yaxından tanıyanlar üçün böyük hadisədir. Aşıq Ədalət yaşayan aşıq sənətinin canlı ustad sənətkarıydı. Ustadlığın bütün şərtlərini özündə cəmləşdirməyi bacararaq ustad adını qazanmışdı. Dastan danışan aşıq məclisdə aktyor rolunu oynayır. Aşıq Ədalət aktyorluq bacarığını “Yeddi oğul istərəm” filmində daha qabarıq göstərib. Filmdə aşığın üz cizgiləri, duruşu, baxışı, bunu deməyə əsas verir. Filmin yaddaqalan, təsiredici olmasını Aşıq Ədalət Nəsibovun Cəlalın ölüm səhnəsində çaldığı aşıq havası oldu. “Yanıq Kərəmi” havasını o qədər ustadlıqla çalıb ki, sovet dönəmində “Komsomolun canı it canıdır”- sözü belə sazın sədası altında çox zəif səslənib. Hətta eşidilmədi. Filmdə ustad sazı göylərə qaldıraraq, Humayın fəryadını asimana çatdırdı, Cəlalın külünü Kərəmin külünə qataraq göyə sovurdu. Onun ifasına çata biləcək ikinci bir “Yanıq Kərəmi” bu günə qədər səslənmədi. Təkcə Ustadın dəfn mərasimində şəyirdi aşıq Məhəmmədəlinin ifasından başqa. Bir zamanlar Cəlalın beşiyinin başında sonra ölüm səhnəsində çalınan yanğılı "Yanıq Kərəmi" bir gün Ustad Ədalət Nəsibovun qəbri üstə çalınaraq sevənlərini göz yaşına boğdu…

İlhamə Qəsəbova
Filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -