Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sazın pasportu

29.11.17, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aşıq Ədalət Nəsibov sağlığında klassikləşən bir sənətkardır

“Saz” və “Ədalət”, bu iki söz xalqımızın dilində artıq sinonimləşib. Birinin adı çəkiləndə istər-istəməz o birisini də xatırlayırsan. Ədalət Nəsibov sənətinin, Ədalət barmağının ecazkar qüdrəti saz ömrünə bahar gətirib, onu yüksəklərə qaldırıb. İndi Ədalətin sazı Şərqin geniş imkanlara malik başqa çalğı alətlərinə sözün həqiqi mənasında meydan oxuyur. Aşıq Ədalət sazı elə bu qüdrətinə, möcüzəsinə, sehrinə görə xalq arasında əfsanələşib. Onun sənətə gəlməyilə ozan aşıq sənəti daha da sığallandı, daha da zəngiləşdi, daha da şöhrətləndi və öz coğrafiyasını genişləndirdi. Aşıq Ədalət Nəsibov sağlığında klassikləşən bir sənətkardır. Ədalət Nəsibov sazda bir sənət inqilabı etdi. O, aşıq sənətinin dünənini bu günə çatdırmaqla yanaşı sabahı qurmağı bacardı. Aşıq Ədalət solo saz ifaçılıq sahəsində möhtəşəm bir məktəb yaratmaqla bərabər, türkün şəriksiz musiqi aləti olan sazının dünya musiqi alətləri sırasında möhtəşəm yerini göstərməyi bacardı. Aşıq Ədalət məktəbidən nəinki ölkəmizdə, hətta İranda, Türkiyədə yaşıyan aşıqlar istifadə edərək öz ifalarını mükəmməlləşdirirlər. 1970-ci ildə xalq artisti Tofiq Tağızadənin çəkdiyi “Yeddi oğul istərəm” bədii fimində aşığın ifa etdiyi “Yanıq Kərəmi” havası xalqın yaddaşına çox böyük möhtəşəmliklə daxil ola bildi. Aşıq Ədalət “Yanıq Kərəmi”yə elə ruh verə bidi ki, o, hava nəinki sazda, hətta bütün musiqi alətlərinin repertuarunda bu gün də öz möhtəşəmliyini qoruyub saxlayır. Ozan aşıq sənətində ifaçılıq məktəbinin ən qüdrətli nümayəndəsi olan aşıq Ədalət Nəsibov özünün müasirlərinə və özündən sonra gələn bütün sənətkarlara böyük təsir göstərən bir sənətkardır. Aşıq sənətinə vacib lazım olan xüsusiyyətlər, fenomen yaddaş, dastançılıq, bənzərsiz səs, kamil solo ifaçılıq, mahir şeir söyləmək, məclisi cilovlamaq və s. kimi əlamətlər Ədalət Nəsibovda cəmləşib. Bütün aşıq havalarında Ədalət Nəsibovun ürəyinin döyüntüsünü, qəlbinin işığını görməmək mümkün deyil. Saz yarandığı gündən belə bir ovsunçu görməyib. O bütün ifalarında ifaya uyğun obraz verə bilirdi. Onun sənətində diqqəti çəkən məqamlardan biri də onun hansı sözü, hansı havacatla, hansı məclisdə oxumağı bacarmaq məharəti idi. O, aşıq poeziyasının, dastanlarımızın canlı xəzinəsi idi. Aşıq Ədalət aşıq mahnıları ilə bərabər bizim muğam və təsniflərimizin, xalq mahnılarımızın, bəstəkar mahnılarının, rəqslərimizin mahir ifaçısı idi. Aşıq Ədalət həm də gözəl avaz sahibi idi. Onun özünə məxsus çox sehrli bir səsi var idi. O, 50-dən çox xarici dövlətdə o cümlədən Avropada, Amerikada qastrol səfərində Azərbaycan sazının qüdrətini, şöhrətini bütün dünya xalqlarına çatdıra bilmişdir. Ədalət Nəsibov tək bu günün yox, o, həm də sabahın sənətkarıdır. Mənim fikrimcə, aşıq Ədalət sazın pasportudur. Onun təkrarsız ifaları daim xalqımızın yaddaşında əbədi yaşayacaq.

Aşıq Məhəmmədəli Məşədiyev
Əməkdar Mədəniyyət işçisi

Bu xəbər oxundu
- - -