Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Zərifin İrəvan haqda bu sözləri həyasızlıqdır”

30.11.17, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Çox böyük siyasi səriştəsizlik və siyasi həyasızlıq həddinə çatan bir davranışdır. Əlbəttə ki, bu cür sözlər İran-Azərbaycan münasibətlərinin inkişafına xidmət edə bilməz”.
Bu sözləri politoloq Qabil Hüseynli İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin mətbuat konfransında Ermənistanı bölgədə sülhün carçısı və təminatçısı adlandırmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Zərifin Ermənistanın bölgədə sülh və əmin-amanlığın qorunmasındakı rolundan danışması heyrət doğurur:
“Necə ola bilər ki, İranın xarici işlər naziri Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın 20 %-ini işğal etməsi, bu ərazilərdəki əhalinin öz yurd-yuvalarından didərgin salması ilə bağlı faktları bilmir və onların üzərindən keçərək, Ermənistanı bölgədəki sülhün əsas təminatçılarından biri hesab edir və hələ də bizim torpaqlarımızın erməni işğalı altında olmasından bəhs etmir”.
Politoloq vurğulayıb ki, təəccüb doğuran məqam isə İranın həmişə Dağlıq Qarabağla bağlı məsələlərin nizamlanmasında iştirak edə biləcəyini bəyan etməsinə baxmayaraq, Zərifin bu istiqamətdə bir kəlmə də olsun danışmamasıdır:
“Zərif çıxışında tərəflərin sülhyaratma prosesinə hansı məsələlərin mane ola biləcəyini, üstüörtülü şəkildə də olsa, səsləndirmir. O, sanki qardaş bir ölkənin dünya siyasətində oynadığı rolu şərh edirmiş kimi Ermənistanı tərifləyə-tərifləyə, az qala, göylərə qaldırır. Doğrusu, bu sözləri eşidən adamın qanı dona bilər. Maraqlısı isə budur ki, bölgədə ən çox silah ehtiyatlarına malik olan, Azərbaycana qarşı hər zaman təhdid və hədə mövqeyində dayanan İranın xarici işlər naziri Ermənistanın bölgədə sülhün carçısı olmasına dair bir fakt belə irəli sürməyib. Ermənistan əslində bölgəni çalxalayan, qarşıdurmalar yaradan və Rusiyanın itəatkar qulu kimi böyük dövlətin maraqlarını qoruyan bir köpək rolundadır. İran xarici işlər nazirinin bunu görməzdən gəlməsi həqiqətən də biabırçılıq və siyasi riyakarlıqdır”.
Politoloq qeyd edib ki, Zərif faktiki olaraq İran-Azərbaycan münasibətlərinə qarşı təxribat xarakterli hərəkət edib:
“Zərif tərəfsiz mövqe sərgiləməsinin lazım olduğu bir vaxtda İran-Ermənistan münasibətlərinin tarixi qatlarından danışıb. Güman edirəm ki, Zərifin Ermənistanla olan münasibətlərindən danışması mümkün idi, ancaq müsəlman ölkəsinə qarşı təcavüzkar hərəkətlər törədən xristian ölkəsinin belə təriflənməsi nə müsəlman dininin, nə də beynəlxalq hüququn qaydalarına uyğundur. Yalançı və saxta fikirlərlə Ermənistanı mədh edən insanın bu cür yüksək kürsüyə yiyələnməsi məndə təəccüb doğurur”.

Bu xəbər oxundu
- - -