Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ bu ölkələri Rusiyaya qarşı çıxarır

30.11.17, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ Suriyadakı mövqelərini və hərbi birləşmələrini durmadan gücləndirməklə hər an bölgədəki rəqiblərini tərki-silah etməyə qadir olduğunu göstərir”.
Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Rusiya, İran və Türkiyənin taktiki məsələlər ətrafında qərara gəlmələri və tərəflərin ümumi addımları uğur gətirsə də, bu, vəziyyəti sabitləşdirmək üçün zəif bir gedişat idi:
“Əvvəla, terrorçu qruplar tam zərərsizləşdirilməyib, digər tərəfdən isə ABŞ və Səudiyyə Ərəbistanı birmənalı şəkildə Rusiya, İran və Türkiyənin mövqelərini zəiflətməkdə davam edirlər. Söhbət ondan gedir ki, Rusiya, İran və Türkiyə Astana prosesində cəmləşiblər və tərəflərin sabitləşdirmə proqramı var. Ancaq ABŞ və onun müttəfiqləri həmin proqramı qəti şəkildə qəbul etmirlər. Ona görə də Astana prosesi yavaş-yavaş kölgəyə keçir və Cenevrə prosesi önə çıxır. ABŞ nəinki Suriyadan çıxacağını, hətta bölgədə möhkəmlənəcəyini bildirir. Bu, ondan xəbər verir ki, Rusiya, İran və Türkiyənin Suriyada sülh məramını bəyənməyən rəsmi Vaşinqton rəqiblərinə qarşı sərt mübarizə aparmaqda davam edəcək. Ona görə də Fars körfəzi ölkələri, xüsusən də Səudiyyə, BƏƏ, Küveyt və Bəhreyn bir qayda olaraq Qərb koalisiyasına dəstək verməklə qalmır, həm də maliyyə məsələlərini öz üzərlərinə götürüblər. Ona görə də indiki şəraitdə bölgədəki vəziyyəti dağıtmaq çox asandır, nəinki onu ram etmək”.
Politoloq bildirib ki, məhz bu səbəbdən də Rusiya, İran və Türkiyənin bəyan etdiyi Suriya Milli Dialoq Konqresinin baş tutması müşkül görünür:
“Suriyanın guya mötədil, sabiq olan müxalifəti hazırda ABŞ-ın planı istiqamətində hərəkət edir. Nəzərə alsaq ki, Suriyanın ərazisində yaradılan 3 deeskalasiya zonası ümumi vəziyyəti sabitləşdirmək üçün yetərli deyil. Çünki həmin zonalarda həyat mərkəzləri yoxdur və əsasən səhralıq əraziləri özündə cəmləşdirir. Ancaq ABŞ-ın Suriyadakı mövqeləri iri şəhərlərin ətrafındadır və onlar durmadan öz hərbi birləşmələrini gücləndirirlər. Rəsmi Vaşinqton bununla bölgədə rəqiblərini hər an tərki-silah etməyə qadir olduğunu göstərir. Üstəlik, İsrail də ABŞ və ərəb dövlətlərinin tərəfindədir”.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresi təxirə salınıb.

Bu xəbər oxundu
- - -