Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan, Pakistan və Türkiyə strateji tərəfdaşdır”

30.11.17, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda yeni üçtərəfli əməkdaşlıq formatının əsası qoyuldu


Dünən Bakıda Türkiyə, Azərbaycan, Pakistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşün yekununda Bakı bəyannaməsi qəbul edilib.
Bəyannaməni xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistan xarici işlər naziri Xavaca Məhəmməd Asif imzalayıblar.
Bakı Bəyannaməsində dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub:
“Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər və regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə etdilər;
Dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar;
Yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğuladılar;
İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini vurğuladılar;
İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsini qərara aldılar; və birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı, telekommunikasiya, sənaye, ətraf-mühit, təhsil, elm, mədəniyyət, turizm və idman və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək qərarına gəldilər;
Üç dövlət arasında enerji sahəsində enerji təchizatı təhlükəsizliyinin artırılması, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması və özəl sektora sərmayə qoyuluşu və ticarətin təşviq edilməsi baxımından üçtərəfli enerji dialoqunun əhəmiyyətini qeyd etdilər;
Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətə davamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etdilər;
Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə etdilər;
Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;
Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;
Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildirdilər;
Sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyini nailiyyətləri qiymətləndirdilər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq etdilər;
Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəldilər;
Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəldilər”.

Bakı Bəyannaməsinin imzalanmasından sonra xarici işlər nazirləri mətbuat üçün açıqlama ilə çıxış ediblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilk üçtərəfli görüşün intensiv məsələhətləşmələrlə nəticələndiyini deyib. O bildirib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır: "Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin, regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qarsı dəmir yolu xəttini nəzərdə tuturam.

Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır”.

“Terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik”

Mövlud Çavuşoğlu tərəflərin üçlü mexanizmin qurulmasından çox məmnun olduqlarını vurğulayıb. O bildirib ki, toplantının məqsədi ölkələr arasında əlaqələri daha inkişaf etdirməyin yollarını tapmaqdır: "Ticarət dövriyyəsi ölkələrimiz arasında daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Bu sahədə rəqib deyilik, əksinə bir-birimizi tamamlayırıq. Bu formata parlamentariləri də cəlb etmək qərarına gəldik. Qarabağ Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Biz Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycan və qardaş Pakistanın daim yanındayıq. Pakistan və Türkiyə bir sıra terror təşkilatları ilə eyni anda mübarizə aparır. Bu terrorçuların islamı əllərində vasitəyə çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan “Asiyanın ürəyi - İstanbul prosesi”nə ev sahibliyi edəcək. Azərbaycan dünyada getdikcə rolunu daha da gücləndirir. Bu formatı gələcəkdə prezidentlər səviyyəsinə qaldırmağı düşünürük".
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Bakı və Ankara təlim təyyarələrini Pakistandan almağı düşünür: "Biz də təyyarə, digər texnikanı, döyüş gəmilərini istehsal edirik. Azərbaycan da həm ixracatçıdır, həm də istehsalı inkişaf etdirmək istəyir. Biz bu sahədə bir birimizi tamamlayırıq".
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq.


“Hər üç ölkə ortaq mövqedən çıxış etməlidir”

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif görüşdə üçtərəfli formatdan daha geniş istifadə edilməsi barədə qərar qəbul edildiyini xatırladıb.
O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: “Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir”.


“Həmsədrlərə daha səmimi olmalarının vacibliyini vurğuladım”


Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir və bu baxımdan prezidentlər daim təmas içindədir.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirləri xatırladıb: “Ərdoğan Rusiyanın qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik. Həmsədrlərlə dünən görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim”.

Bu xəbər oxundu
- - -