Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ölkədə qiymət siyasəti olmalıdır”

30.11.17, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vahid Əhmədov: “Niyə bütün məhsullara 18 faizlik əlavə dəyər vergisi qoyulmalıdır?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun “Report”a müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- 2018-ci il Azərbaycan üçün necə keçəcək?
- Bu il Azərbaycan üçün asan olmayıb. Çünki müəyyən problemlər, xüsusilə də 2015-ci ildə olan devalvasiya iqtisadiyyata təsirini göstərdi. Azərbaycanın siyasi həyatında müəyyən dəyişikliklər olub, struktur dəyişikliyi aparılıb. Prezident İlham Əliyevin qəbul etdiyi “Strateji Yol Xəritəsi”ndə çox önəmli məsələlər əksini tapıb. Orada 11 sahə üzrə inkişaf istiqaməti göstərilib. Məsələn, orada qeyri-neft sektorunun inkişafı əsas formul kimi nəzərdə tutulub. Yol xəritəsində maliyyə-bank sistemində sağlamlaşdırılma məsələləri də əks olunub. Yol xəritəsinin həyata keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür. Diqqət edirsizsə, Prezident regionlarda müəssisələrin açılışında iştirak edir. Bir müddət öncə, Neftçalada Sənaye Parkının açılışı oldu. Sumqayıt Sənaye Parkı da istifadəyə verilib, digər regionlarda da sənaye parkları da tikilib istifadəyə veriləcək. Yəni, regionlarda bu kimi işlər həyata keçirilir. Əsas məqsəd yeni iş yerlərinin açılması və əhalinin regionlara cəlb edilməsidir. Ən ciddi məsələlərdən biri kənd təsərrüfatının inkişafı ilə bağlı məsələdir. Bununla bağlı işlər görülür, nəticəsi də göz qabağındadır. Ölkədə kənd təsərrüfatı emalı müəssəsiləri yaradılır.
2018-ci ildə əsas diqqət neftin qiymətində olacaq. Biz nə qədər inkar etsək də, dövlət büdcəsi neftdən asılıdır, büdcənin 60 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Hazırda neftin qiyməti 60 dollar ətrafındadır. Neftin qiyməti normal olarsa, ölkədə iqtisadi sahədə ciddi problem olmayacaq. Bu ilin sonunadək manatın ucuzlaşacağını düşünmürəm. Yəqin ki, hazırki məzənnədə qalacaq. Çünki ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranıb, ixrac idxalı üstələyir. Təxminən 1,4 milyard manata yaxın müsbət saldo yaranıb. Azərbaycanda pul-kredit siyasətinə çox ciddi nəzarət edilir. Əvvəllər, düzdür, istənilən sahəyə vəsait ayrılırdı, ona görə də manat ucuzlaşmaqda davam edirdi. Amma bu il faktiki olaraq manatın ucuzlaşması cəmi 4 faiz səviyyəsində oldu. Manata təsir edən əsas amillərdən biri neftin qiymətidir. Mərkəzi Bankın pul kütləsinə nəzarət etməsində mənfi hal da var. Pul kütləsi az olanda bu, real sektorun inkişafına problem yaradır. Bu məsələni Milli Məclisdə də qaldırmışdım, Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirdi. Yenə də öz fikrimdə qalıram. Devalvasiyadan əvvəl ölkənin maliyyə bazarında 12.5 milyard manat pul var idi, indi dövriyyədə 8 milyard manat var. Təxminən 3 milyard manat dövriyyədən çıxarılıb. Başa düşürəm, Mərkəzi Bankın siyasəti var. Onlar iki amil üzərində nəzarəti həyata keçirirlər. Birincisi, çalışırlar ki, inflyasiya aşağı olsun, ikincisi də, manatın məzənnəsi qorunub saxlanılsın. Gələn il neftin qiymətində problem olmazsa, real sektorda müəyyən irəliləyişlər olacaq. Bu il ümumdaxili məhsulu mənfi ilə çıxmağımızın səbəbi manat qıtlığının olması ilə bağlıdır. Növbəti il belə olmamalıdır. 2018-ci ildə dövlət büdcəsində əsaslı vəsait qoyuluşu üçün 4,9 milyard vəsait nəzərdə tutulub. Bu, ötənilki rəqəmdən iki dəfə çoxdur. Ən ciddi problemimiz maliyyə-bank sistemində olan problemdir. Bankarın vətəndaşlara verdiyi kreditlərin faizləri yüksəkdir, burada Mərkəzi Bankın da günahı var, çünki uçot dərəcəsini 15 faizdə saxlayır. Banklar 15 faizlə kredit götürürsə, 28-30 faizlə vətəndaşa verir. Ona görə də vaxtı keçmiş krditlərin miqdarı artır. Ötən il problemli kreditlərin miqdarı 1,6 milyard manat idisə, bu il 1,8 milyard manat olub.
- Bəs çıxış yolu üçün nə təklif edirsiniz?
- Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük məbləğdir. Bunu həll etmək lazımdır. Mən və həmkarım Əli Məsimli təkliflərimizi hökumətə təqdim etmişik. Bank sisteminin sağlamlaşdırılması 2018-ci ilin əsas prioritetlərindən biri olmalıdır. Prezident bu ilin əvvəllində hökumət iclasında dedi ki, Azərbaycan dövlətinə ən çox ziyan vuran bank sistemi olub. Biz bank sistemini günahlandırırıq, amma onların özlərinin də problemləri var. Devalvasiya banklarda çox ciddi problemlər yaratdı. Onlar çox ciddi problemlərlə - kapitallaşma, likvidlik, kredit portfeli və s. məsələlərlə üz-üzə qaldılar. Bu səbəbdən də onlara müəyyən qədər köməklik etmək lazımdır. Köməklik belə olmalıdır ki, banklara vəsait verilməlidir və deyilməlidir ki, bu pulu qeyri-neft sektorunun inkişafına yönəlt. Daha istehlak kreditlərinin paylanılmasına imkan verilməməlidir. Bank rəhbərləri ilə bu məsələlər müzakirə olunmalıdır. Banklar birləşdirilməlidir, kapitallaşma həll edilməlidir. Bankın kapitalı olmalıdır. Kapitalsız bank heç kəsə lazım deyil. Azərbaycanda son 15 ildə infrastruktur layihələrinə yüz milyarddan çox maliyyə sərf edilib. Regionlarda yol, su, qaz, işıq məsələsində elə də ciddi problem yoxdur. İndi dövlət kənarda dayanmalıdır, bank, əhali və biznes işləməlidir. Bank işləməyəndən sonra əhali necə işləsin?! Sistem əhəmiyyətli banklar var. “Paşa Bank”, “Kapital Bank” fəaliyyət göstərir, çünki kapitalları var. Amma o biri banklar işləmir... Onlara ya müəyyən qədər kömək olunmalıdır, ya da birləşdirilməlidir. Azərbaycanda 31 bank var, çoxdur, 15-16 bank kifayət edir. Azərbaycanın 10 milyon əhalisi var. Aldığım məlumata görə, bu istiqamətdə işlər görülür. Amma vaxtımız azdır, vaxtı itirmişik, bank sistemi ilə bağlı çox uduzmuşuq. Bu məsələlər gündəmdədir. Hamını manatın məzənnəsinin qorunub saxlanılması maraqlandırır. Əgər Amerika dolların uçot dərəcəsini dəyişdirəcəksə - məlumata görə, onlar dolları möhkəmləndirmək istəyirlər - bu, Azərbaycanın milli valyutasına öz təsirini göstərəcək. Manat qıtlığı yaranmayacaqsa, müəyən qədər dövriyyədə pul olacaqsa, bu da manata öz təsirini göstərəcək. Əsas məsələ neftin qiymətidir, ola bilər, qiymət bir qədər aşağı ensin. Təbii ki, bu da manata öz təsirini göstərəcək. Həmişə demişəm, manat gec-tez öz yerini tapmalıdır.
- Gələn il Azərbaycanın milli valyutası neçə faiz möhkəmlənə bilər?
- Ola bilər, məzənnə sabit qaldı. Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manat zəifləməyəcək. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, əlbəttə, devalvasiya olacaq. Ola bilər ki, Mərkəzi Bank gələn ilin əvvəllində qərar verdi ki, tam üzən məzənnəyə keçir, o zaman manatın dollara nisbətdə məzənnəsi 1.80-1.90 ola bilər. Azərbaycanda həmişə idxal ixracı üstələyib, bu da mənfi saldodur. İlk dəfə 2017-ci ildə müsbət saldoya nail oduq. Deməli, bunu etmək mümkündür. Lazım olmayan mal Azərbaycana gətirilməməlidir, daha gərəkli mallar gətirilməlidir. Belə olan halda artıq pul xərclənməz. Nəzarət mexanizmi builki kimi həyata keçirilsə, problem olmayacaq. Əslində, manatın devalvasiyasını gözləmirəm.
Neftin qiyməti iqtisadi deyil, siyasi məsələdir. Deyirlər, guya birjada müəyyən olunur, boş söhbətlərdir. Bu məsələ kabinetlərdə həll edilir. Azərbaycan OPEC-lə danışıqlar aparır. Məsələn, İran deyir ki, uzun müddət neftin satışına embarqo qoyulub, ona görə də neftin satışına məhdudiyyət qoymur. Üzv ölkələr razılığa gəlsələr, neftin ixracını həminki səviyyədə saxlasalar, problem olmayacaq. Məsələn, üzv dövlətlərdən hansısa, məsələn, Ərəbistan desə ki, məhdudiyyətin əleyhinədir, o zaman problem yaranacaq. Ona görə də indidən nəyəsə proqnoz vermək çətindir. Çünki siyasət indiki zamanda anbaan dəyişir. Heç kəsin ağlına gəlməzdi ki, Türkiyə, Rusiya və İranla əlaqələr bu səviyyədə olacaq. Azərbaycanı dünyada müdafiə edən yeganə dövlət Türkiyədir. Bu, faktdır. Bir müddət öncə, Dağlıq Qarabağ mövzusunda konfrans keçirilirdi. Həmin tədbirdə İndoneziyanın və İranın Azərbaycandakı səfirləri də iştirak edirdi. Dedim, İndoneziyanın və Pakistanın Ermənistanla heç bir əlaqəsi yoxdur, amma burada səfirlər var ki, təmsil etdikləri ölkələr Ermənistanla əlaqələri var. Amma bizə deyirlər, guya əlaqələri yoxdur. Onlar necə müsəlman dövlətləridir ki, Ermənistanla əlaqələri var?!
- Vahid müəllim, neftin qiyməti dünya bazarında yüksəlsə də, bu, Azərbaycanda tələbat mallarının qiymətinə təsir etmir, hətta qiymətlər daha da artır. Bunun səbəbi nədir?
- Ölkədə qiymət siyasəti olmalıdır. Rusiyada çörəyin qiyməti artanda, Prezident Vladimir Putin kənd təsərrüfatı nazirini çağırır, səbəbini soruşur. O da taxıl qıtlığının olmasını əsas gətirir. Soruşur ki, nə qədər taxıl lazımdır? Sonra Putin göstəriş verir ki, bazara verilən taxıl miqdarı artırılsın. Bununla da problem həllini tapdı. İkinci problem isə əlavə dəyər vergisidir. Bütün məhsullara əlavə dəyər vergisi qoyulur. Niyə bütün məhsullara 18 faizlik əlavə dəyər vergisi qoyulmalıdır? Məsələn, gündəlik tələbat mallarına da, avtomobilə, mebelə də, qızıla də niyə eyni dəyər vergisi tətbiq edilməlidir? Biz gündəlik avtomobil, mebel almırıq ki... Amma gündəlik pendir, yağ və s. məhsullar alınır. Gündəlik tələbat malları istisna olmaqla, digərləri üçün əlavə dəyər vergisini 35-40 faiz edin, məsələ həll edilsin. Yəni dövlət bunu edə bilər. Gömrük rüsumu 0-15 faiz arasındadır. Hamısı 15 faiz qoyula bilərdi, niyə etmədik bəs? Ona görə 0-15 faiz qoyulub ki, bazara uyğun tətbiq olunsun. Məsələn, bazarda qiymətlərdə problem olanda, rüsum götürülə bilər. Yəni rüsum 15 deyil, 3-5 faiz də müəyyən edilə bilər, 0-15 faiz buna görə müəyyən olunub. Biz hər şeyi İqtisadiyyat Nazirliyinin üzərinə də qoya bilmərik. Bu problemi hökumət həll etməlidir. Deyirlər, Azərbaycanda inhisar yoxdur. Bəs 10 ildir, Rəqabət Məcəlləsini qəbul edə bilmirik, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib, amma iki və üçüncü oxunuş qalıb. Demirəm ki, Rəqabət Məcəlləsi qəbul olanandan sonra birdən-birə inhisarçılıq aradan qaldırılacaq. Amma bazarda müəyyən qədər azad rəqabəti yaratmaq olar. Yol xəritəsində göstərilib ki, Rəqabət Məcəlləsi 2017-2021-ci illər ərzində qəbul edilməlidir. Niyə 2018-ci ildə qəbul edilmir? Hərə bir-birinin üstünə atır, bu məcəllənin qəbulunda maraqlı deyillər. Amma Prezident İlham Əliyev bu məsələyə bir neçə dəfə toxunub.
- Görünür, bəzi məmurların dirənişi var...
- Təbii ki. Məmur dirənişi olmasaydı, məcəllə indiyə qəbul olunmuşdu. Bu məcəllə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məcəllə qəbul edilməlidir. O dəfə mənə deyirlər ki, bunun üçün orqan yaradılmalıdır. Mən də dedim ki, məcəllə qəbul olunsun, sonra digər işlər görülər. Təklif etdim ki, bu orqan birbaşa Prezidentə tabe olsun, göstərişi yalnız Prezident versin. Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri azad rəqabətdir.
- Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, özünü doğrultdumu?
- Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildə yaradılanda əleyhinə çıxdım. Dedilər ki, inkişaf etmiş bir çox dövlətlərdə var. Mən də dedim ki, biz hələ o səviyyəyə çatmamışıq. Əgər Mərkəzi Bank işinin öhdəsindən gələ bilmirsə, rəhbərliyi dəyişsin. Pul-kredit siyasətinə Azərbaycan hökuməti, Mərkəzi Bank cavabdehdir. Palata yaradıldı, əvvəllər pis işləmirdi, banklardakı vəziyyət təhlil edildi. Səhv addım bankların bağlanması idi. Bankları bağlamaq olmaz. Hər bankın arxasında on minlərlə insan var, depozit yerləşdiriblər. “Bankstandart”ı bağladılar, 40 minə yaxın insan əmanətini ala bilmir. Mənə də müraciət ediblər. Sənədləri prokurorluğa və digər dövlət qurumlarına göndərirəm ki, kömək etsinlər. Biz deyirik ki, bankları bağlamayın. Bank rəhbərləri ilə danışın, birləşdirin. Prezident İlham Əliyev də belə göstəriş verib. Bunlar isə əksinə, problem yaratdılar. Beynəlxalq Bank dövlətin maliyyə sisteminə böyük zərbə vurdu. Ona görə də dövlət büdcəsindən vəsait ayrıldı ki, problemlər həll edilsin. Maliyyə Bazarlarına Nəzarət Palatası indiki halda bu işin öhdəsindən gələ bilməz. Tutaq ki, bankda vəziyyət ağırdır. Nə etmək lazımdır? Maliyyə Bazarlarına Nəzarət Palatasında vəsait yoxdur axı. Vəsait Mərkəzi Bankdadır. Qanuna edilən dəyişikliyə əsasən, Palata bununla bağlı Mərkəzi Banka müraciət etməlidir. Mərkəzi Bank da deyə bilər ki, pul yoxdur. Azərbaycanda hər şey ola bilər. Belə olanda, problem yaranır. Palatanı tez yaratdıq.

Bu xəbər oxundu
- - -